İnsanlara hürriyət, millətlərə istiqlal!

Federal Təhlükəsizlik Xidmətinin Bakıya nəzarət planı

Ekspertlərdən SOS: “Ermənilərə məxsus bu şirkətlərin fəaliyyəti dayandırılmalıdır”

“Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürülməsi ilə bağlı sentyabrın 1-də qanun qüvvəyə minəcək.

Yeni qanuna əsasən, FTB sentyabrın 1-dən günün istənilən saatında Azərbaycan, İsrail, Qazaxıstan, BƏƏ, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan və Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən “Yango” taksi xidmətinin müştərilərinin məlumatlarını əldə etmək imkanına malik olacaq.

Rusiyanın Baş naziri Mixail Mişustin artıq bununla bağlı qərarı imzalayıb. Bununla belə, “Yandex” şirkəti xarici ölkələrdəki müştərilərin məlumatlarını FTX-ya təqdim etməyəcəklərini açıqlayıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, səyahətlərlə bağlı məlumatlar yalnız səyahətlərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən qanunlara uyğun olaraq verilə bilər. Sentyabrın 1-dən də bu qayda dəyişməyəcək".

Artıq bir sıra ölkələr “Yango” taksi xidmətinə müştərilərinin məlumatlarını Rusiyaya ötürməyi qadağan edib. Yeri gəlmişkən, bir neçə ay öncə “Bloomberg” in açıqladığı məlumata görə, çoxşaxəli xidmət spektri olan “Yandex” şirkəti  MDB regionunda daha da güclənmək niyyətindədir. Açıqlanan məlumata görə,  milyarderlər Vahid Ələkbərov və Vladimir Potanin “Yandex”in nəzarət paketini (51 % ) almaq istəyirlər. Bu məqsədlə sövdələşmələrə başlanılıb. Ekspertlərə görə, burada söhbət “Yandex”in Rusiya və keçmiş MDB məkanı üzrə fəaliyyət göstərəcək şirkətinin yaradılmasından gedir. Digər 49% isə Niderlandda yerləşən “Yandex”ə məxsus olacaq.

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Osman Gündüz 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də bununla bağlı bildirmişdi ki, Rusiya-Ukrayna müharibəsindən sonra sanksiyalara məruz qalan bu şirkətdə xeyli çaxnaşmalar olub. Qurumun göstərdiyi xidmətlərin adları, brendləri dəyişib, qurumun əsas icraediciləri dəyişib, yeni adlar peyda olub, sanksiyalardan yaxa qurtarmaq üçün müxtəlif ölkələrdə oturuşmağa üz tutublar. Sanksiyalardan yayınmaq üçün hələ də “Yandex”də çaxnaşmalar davam edir. Əgər milyarderlərin “Yandex”lə sövdələşməsi baş tutsa, gözləmək olar ki, onun MDB-də fəaliyyəti, xüsusi çəkisi hədsiz dərəcədə artacaq. Adıçəkilən sövdələşməyə görə “Yandex”in süni intellekt, pilotsuz avtomobillər, bulud texnologiyaları və s.  xidmətləri xaricdə olacaq, market, taksi, təhsil, e-ticarət  və s. xidmətləri MDB ərazisində cəmləşəcək. Düşünmək olar ki, “Yandex” Azərbaycan bazarındakı xüsusi çəkisini də artırmaq istəyəcək. Azərbaycanın  taksi bazarında isə son dövrlərədək  əsasən xarici şirkətlər hökmranlıq edirdi. Hələlik vəziyyət dəyişməyib. Bizim taksi bazarının əsas oyunçuları olan “Uber” və “Yango” Rusiyanin “Yandex”  şirkətinə məxsusdur. Son günlərdə isə PAŞA Holdinq  Azərbaycanın taksi bazarına daxil olacağını və bu məqsədlə Ukraynanın “Uklon” şirkəti ilə əməkdaşlığa başladığını bildirib. “Uklon”un da bazara daxil olmaq üçün artıq ciddi işlərə başladığı bildirilir. Beləliklə , düşünmək olar ki, yaxın perspektivdə Azərbaycanın taksi bazarında əsas rəqabət “Yandex” və “Uklon” (PAŞA Holdinq) arasında ola bilər.

Yeri gəlmişkən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə xarici taksi şirkətlərin nümayəndələrinə bildirilib ki, Azərbaycan vətəndaşlarına məxsus datanın  xarici ölkələrdə yerləşməsi “Fərdi məlumatlar haqqında” qanuna ziddir. Taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq tapşırılırb".

Çingiz Qənizadə Hacı Qalib Salahzadəyə qarşı şikayətini geri götürüb |  Kaspi.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində Rusiya Federasiyasının qəbul etdiyi qanun antidemokratik qanundur: “Vətəndaşların şəxsi məlumatlarına qanunsuz müdaxiləni özündə əks etdirir. Bu baxımdan hesab edirəm ki, Rusiyada baş verən proseslər, antidemokratik qanunların qəbulunun sayı onu göstərir ki, bu ölkə demokratiyadan olduqca uzaqdır. Hazırda bir diktatura rejimində fəaliyyət göstərirlər. Rusiya hökumətinin qəbul etdiyi qanunların başqa ölkələrdə nə qədər qüvvəyə malik olub-olmaması məsələsi artıq bir çox ölkələrin buna münasibətində özünü göstərir. Yəni Rusiya qanunlarının başqa ölkələrdə işləməsi yolverilməzdir. Hər bir dövlətin ərazisində o dövlətin qanunları üstünlük təşkil edir. Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən ”Yandex" şirkətləri belə bu qanuna əməl etmiş olsalar, Azərbaycan qanunlarını pozmuş olacaqlar. Baxmayaraq ki, “Yandex” şirkəti məlumatları ötürməyəcəyi barədə açıqlama versə də, heç kim qarantiya verə bilməz ki,  vətəndaşlar haqqında məlumatların sızmasının qarşısı alınacaq. Ona görə Azərbaycan da belə məlumatların ötürülməsi ilə bağlı ciddi addımlar atmalıdır. Bu, olduqca təhlükəli qərardır. Əslində adı Rusiyanın Ukrayna müharibəsi ilə bağlı Rusiyanı tərk etmiş şəxslər barədə informasiya toplamaq məqsədi güdür deyə verilən bu qərar əslində bütün ölkələrdə insanların fərdi məlumatlarının toplanmasına xidmət edəcək. Bu da yolverilməzdir. Azərbaycan dövləti bu qərarın ölkəmizdə işləməsinin qarşısının alınması üçün müəyyən qərarlar qəbul etməlidir".

Ekspert əlavə etdi ki, informasiyaların ötürülməsi ilə bağlı qərar ciddi olacaqsa, bu şirkətin fəaliyyəti, ümumiyyətlə, Azərbaycanda dayanırılmalıdır: “Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu şirkətlərlə bağlı atılan bir çox addımlar var ki, bunlar sürətləndirilməlidir. Düzdür, qiymətlərin həddən çox artırılması da yolverilməzdir. Azərbaycan özünün müəyyən taksi fəaliyyətini həyata keçirmək üçün şirkətlərin birləşməsinə nail olmaqla dövlətin nəzarətində olan şirkətlərin formalaşmasına kömək etməlidir. Bu şirkətlər də Azərbaycan vətəndaşlarına xidmət etməlidir. Bu gün fəaliyyət göstərən bir neçə taksi şirkəti var ki, onların bir çoxunun sahibi ermənilərdir. Ermənilərlə bağlı insanlar xarici ölkələrin müəyyən qurumları ilə əlaqədə olan şirkət nümayəndələri var ki, bunlar da müxtəlif ölkələrdə bu cür dövlətlərin tapşırıqlarını icra etməkdə maraqlıdırlar. Azərbaycan öz ərazisində müstəqil taksi fəaliyyətinin formalaşması ilə bağlı yerli şirkətlərə dəstək olmalı və əhalini normal, təhlükəsiz taksi fəaliyyəti ilə təmin etməlidir.

Eyni zamanda bu şirkətlərin əksəriyyətinin sürücüləri narkotik aludəçiləri, taksiyə minən xanımlara nalayiq təkliflər edən, əxlaqsız həyat tərzi keçirən sürücülərdir. Narkotikin təsiri altında avtomobili idarə edənlərin də sayı çoxalıb. Sürücülərin işə qəbulu zamanı qayda-qanunlar pozulur, kortəbii şəkildə, yoxlanılmadan sürücülər işə qəbul olunur, nəticədə də ölkədaxili bu cür özbaşınalıq baş alıb gedir. Dövlət bu məsələni özü tənzimləməlidir".  

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da “Yeni Müsavat”a cavab verib. Onun sözlərinə görə, “Yandex” şirkəti və ona bağlı olan “Yango” taksi şirkətinin əsasında pay sahibi olan erməni sahibkarları dayanır: “Mənə belə gəlir ki, onlar artıq azərbaycanlı istifadəçilərin məlumatlarını Ermənistanın xüsusi xidmət orqanlarına, yəqin ki, ötürüblər. Bəlkə də ötürməkdə davam edirlər. Ancaq burada bir məsələ də var ki, artıq Azərbaycan qanunvericiliyinə görə, istifadəçilərin şəxsi məlumatları başqa ölkələrə ötürülə bilməz. Hər hansı şirkətin bazasında da saxlanıla bilməz. Ona görə payızda bu məsələlərə aydınlıq gətiriləcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR