Onlayn ictimai-siyasi qəzet
“Fransanın bölgə üzərində hər hansı üstünlük əldə etməsi və Ermənistanı dəstəkləməsi müsbət nəticə verməyəcək. Fransa Avropada aparıcı gücünü itirməkdədir. Avropa ölkələrinin əksəriyyəti Fransanın hər hansı mənada üstünlüyünü qəbul etmək niyyətində deyil”.
Bunu Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili vurğulayıb ki, istər Afrikada, istərsə də Yaxın Şərqdə Fransa rolunu müəyyən alətlər vasitəsilə daha qabarıq göstərmək istəyir:
“Fransa Avropada nüfuzunu artırmaq üçün bir sıra addımlar atır. Dirəniş formaları fərqli olsa da, nəticədə Afrikada da, Yaxın Şərqdə də Fransanın mövqeyi gücünü itirib. Fransa bu bölgədə yerləşən dövlətlərə hər hansı fikri yeritmək iqtidarında deyil. Bu isə Fransa üçün kifayət qədər ciddi problem yaradır. Ermənistana hərbi attaşe, müşahidəçilər göndərsə də, Avropa İttifaqının tərkibində Azərbaycan əleyhinə təxribatçı çağırışlar etsə də, bölgəyə girə bilmir. Bölgəyə yalnız Ermənistan üzərindən girmək imkanı var, amma Ermənistanın özünün də imkanları məhduddur. Fransanın “fəallığı” ona qarşı koalisiyanın güclənməsinə gətirib çıxarır. Fransa tərəfli düşmən mövqe sərgilədiyi üçün Rusiya, Türkiyə, Azərbaycan onun hər hansı prosesin içində yer almasında maraqlı deyil. Cənubi Qafqazın gələcəyi ilə bağlı Fransanın təklifləri, təşəbbüsləri uğursuzluğa məhkumdur. Bu vəziyyəti Fransa yaradıb, problemi də özü yaşayacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ