Onlayn ictimai-siyasi qəzet
"ABŞ prezidenti Donald Trampın Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə onu aşağılamağa çalışması Çin lideri Si Cinpini amerikalı həmkarının Vaşinqtona dəvətinə ehtiyatla yanaşmağa vadar edib".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Tramp Zelenski ilə kifayətlənməyib:
"Ağ Ev sahibi Zelenskidən sonra Cənubi Afrika Respublikasının prezidentini qəbul edərkən də onun siyasətinə qarşı sərt sözlər səsləndirib, bu ölkədə guya ağdərililərin sıxışdırıldığına dair film izlətdirib.
Halbuki, araşdırmalar nəticəsində bəlli olub ki, Trampın afrikalı həmkarına izlətdirdiyi filmin və orada göstərilənlərin Cənubi Afrika Respublikasına aidiyyəti yoxdur. Filmdə göstərilənlər Afrikanın başqa ölkəsinə aid imiş.
ABŞ-ın "Politico" nəşrinin yazdığına görə, Si Cinpin Donald Trampın ona qarşı da Ağ Evdə "sürpriz" hazırlamasından ehtiyat edir. Nəşr Ağ Evdə Zelenskinin başına gətirilənlərin Pekində narahatlıq yaratdığını yazıb.
Nəşrə açıqlama verən Cozef Bayden administrasiyasının keçmiş əməkdaşı Raş Doşi Pekinin Trampı proqnozlaşdırıla bilinməyən siyasətçi kimi qiymətləndirib: "Si Cinpin düşünür ki, Tramp onu da Ağ Evdə aşağılamağa çalışa bilər. Bu isə Si Cinpinin və ümumilikdə Çinin imicinə zərbə vura bilər". Bu mənada Si Cinpinin televiziya ekranları qarşısında Donald Trampıa görüşdən ehtiyat etməsinə əsas var.
Misal üçün, Tramp görüşdə açıq deyə bilər ki, Çinin Tayvanı güc yolu ilə ələ keçirilməsinin əleyhinədir və ya Ağ Ev sahibi Çinin ixrac siyasətindən narazılığını ifadə edə bilər. Belə olan halda Si Cipin susa bilməyəcək və Trampa cavab vermək məcburiyyətində qalacaq. Bu isə mümkün görüşdən sonra iki ölkə arasındakı gərginliyi daha da artıracaq".
Elxan Şahinoğlunun fikrincə, buna baxmayaraq, Donald Tramp Si Cinpinlə görüşməyə həvəslidir:
"Ağ Ev sahibi hələlik çinli həmkarıyla telefonla danışmağa da hazırdır. Məsələ burasındadır ki, Tramp Pekinin əvvəlcədən razılaşdırılan ticarət sazişindən geri çəkildiyini düşünür və bu problemi həll etməyə çalışır. Bu o deməkdir ki, iki lider arasında telefon söhbəti də gərgin keçə bilər. Bu səbəbdən Si Cinpin Donald Trampla telefon danışığına da hələ razılıq verməyib. Pekin gözləmə mövqeyindədir".
Xalidə Gəray
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ