İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eyni taleyi Azərbaycan Respublikası da yaşaya bilərdi”-Azay Quliyev

 

Deputat Azay Quliyev Milli Məclisin xüsusi iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə deputat qeyd edib ki, Azərbaycan xalqı  dünyada çox az xalqlarındandır ki, 20-ci əsrdə iki dəfə dövlət müstəqilliyinə nail olub. “1918-ci il mayın 28-də qurduğumuz birinci müstəqil dövlət cəmi 23 ay yaşadı, müsəlman şərqində ilk dəfə yaradılan demokratik respublikanı təəssüflər olsun ki, o zaman qorumaq mümkün olmadı. Eyni taleyi 1991-ci ilin oktyabrın 18-də Xalq Cümhuriyyətinin hüquqi varisi kimi müstəqilliyini bərpa edən Azərbaycan Respublikası da yaşaya bilərdi. Belə  ki, müstəqilliyimizin ilk illərində həm Mütəllibov rejiminin, həm də AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti və hakimiyyət hərisliyi nəticəsində ölkə çox ağır iqtisadi, siyasi və mənəvi böhrana sürüklənmiş, dövlət idarəetmə aparatı iflic vəziyyətinə düşmüş, ölkəni xaos, hərc-mərcilik və anarxiya bürümüşdü”-A.Quliyev bildirib.

 Deputat qeyd edib ki, bu dövrdə dövlət quruculuğu istiqamətində heç bir real addım atılmamış, nizami ordu qurmaq əvəzinə ayrı-ayrı şəxslərə və siyasi partiyalara xidmət edən silahlı dəstələr yaradılmış və hakimiyyət uğrunda gedən mübarizəyə cəlb edilmiş, nəticədə, Xocalı, Şuşa, Laçın və Kəlbəcər kimi strateji əhəmiyyətli rayonlar Ermənistan tərəfindən işğal olunmuş və yeni ərazi itkiləri üçün real zəmin hazırlanmışdı: “Ovaxtkı iqtidarın kobud və ardıcıl səhvləri  ölkəmizin dünya miqyasında təklənməsinə,  daxildəki pozucu ünsürlərin xarici qüvvələrlə birləşib Azərbaycanı parçalamaq, etnik zəmində qarşıdurma yaratmaq və vətəndaş müharibəsinə sürükləmək kimi məkrli planlarının həyata keçirilməsinə rəvac vermiş, xalqımızın müstəqil yaşamaq və öz dövlətini qurmaq inamını sarsıtmışdı.

1993-cü ilin birinci yarısında isə vəziyyət daha acınacaqlı həddə çatmış, ölkədəki hökumət böhranı dövlət böhranına çevrilmiş, milli maraqlar gözardı edilmiş və Azərbaycanın müstəqil dövlət kimi varlığı sual altına düşmüşdü. AXC-Müsavat rejimi isə bu təhlükəli və qorxulu prosesin qarşısını almaqda aciz idi. Ağır vəziyyətə düşmüş xalq yeganə çıxış yolu kimi böyük dövlət adamı və nəhəng siyasət ustadı Heydər Əliyevə üz tutdu və onu köməyə çağırdı. Xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini və müstəqilliyini məhv olmaqdan qurtarmaq, ölkəni düşdüyü dərin böhrandan  çıxartmaq, ictimai-siyasi sabitliyi bərpa etmək, vətəndaşların dövlətinə olan inam və etimadını yenidən özünə qaytarmaq kimi çox çətin, riskli və eyni zamanda şərəfli bir xilaskarlıq missiyanı üzərinə götürməli oldu. Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi, sarsılmaz iradəsi və cəsarətli addımları ilə ölkədə başlanmış qardaş qırğınının, vətəndaş müharibəsinin və ölkənin bir neçə yerə parçalanmasının qarşısını qısa müddətdə aldı,  1994-cü ilin oktyabrında və 1995-ci ilin martında  hakimiyyəti silah gücünə devirərək ölkəmizin müstəqilliyinə son qoymaq cəhdlərini qətiyyətlə dəf etdi. Heydər Əliyevin dühası sayəsində xalqımız dövlət müstəqilliyini qorudu, bir əsrdə ikinci dəfə dövlətini dağılmaq təhlükəsindən xilas etdi və  milli qurtuluşa nail oldu”.

A.Quliyev bildirdi ki, ölkədə ictimai – siyasi sabitliyi, qayda-qanunu bərqərar etdikdən sonra Heydər Əliyevin qarşısında müstəqilliyimizi əbədi və dönməz etmək, müasir dünyada Azərbaycanın layiqli yerini müəyyən etmək,  mövcud çağırışlara hazır olan savadlı və vətənpərvər nəsil  yetişdirmək,  vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü güclü, demokratik və hüquqi dövlət qurmaq kimi daha bir  çətin və  tarixi vəzifə vardı: “Bu vəzifənin də öhdəsindən layiqincə gəlməyi bacaran ulu öndər  Azərbaycanın tərəqqi və dirçəliş dövrünü başlatdı. 1995-ci ildə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu, ölkəmizin hərtərəfli inkişafı üçün milli  strategiya müəyyənləşdirildi, “Əsrin müqaviləsi” imzalandı,  nizami ordu yaradıldı, dövlətçiliyimizin ideya əsasını təşkil edən  azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarını birləşdirən vahid amala çevrildi və bir sözlə, güclü və qüdrətli Azərbaycanın bugünkü səviyyəsinə gəlməsi üçün bütün hazırlıqlar görüldü”.

Deputat bildirdi ki, Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın müstəqillik və inkişaf yolunu əzmlə davam etdirən, ulu öndər vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan qurtaran və ərazi bütövlüyümüzü bərpa edən cənab İlham Əliyev kimi layiqli siyasi varisin, qətiyyətli və müdrik liderin və müzəffər Ali Baş Komandanın yetişdirməsi idi: “Əminəm ki, dünya siyasət tarixinə adını qızıl hərflərlə yazdırmış, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan, müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq, Heydər Əliyev siyasəti Azərbaycanın müstəqilliyinə və inkişafına əbədiyyən xidmət edəcək”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR