İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlənəcəyimiz adamın surəti

Ölkəmizdə daxili problemlər həllini tapmışdır, ona görə yenə xaricdən başlamaq istəyirəm. BMT-də Rusiyanın Ukraynaya girməyi ilə bağlı qətnamə qəbul edilibdir, özü də düz 2 dənəsi birdən. Birinə amerikalılar “qoz” qoymayıblar, o birinə avropalılar. Putin də qıraqdan baxıb, bic-bic gülüb.

Ancaq ən gülməli iş Serbiya prezidenti Vuçiçin başına gəldi. Orada Serbiya Rusiyanın işğalçı kimi tanındığı qətnamənin lehinə səs veribmiş, indi prezident buna görə üzr istəyib, bildirir ki, səhv eləmişik.

Əlbəttə. Rusiya işğalçı deyil, Ukraynaya da gəzməyə gəliblər. Lakin tragikomik detal Serbiya prezidentinin bu iki qətnaməni çox ciddi saymağıdır. Qoşa-qoşa belə qətnamələrdən indiyəcən kim görməyib? Bizim də varımız idi. BMT o qədər karikaturaya çevrilib ki, onun 5 şefindən biri ABŞ oradan çıxmaq haqda fikirləşir. Sən də üzr istəyirsən...

Bu yaxında hansısa media qurumumuz Bakı Şəhər İşıqları İdarəsinə sual vermişdi ki, nə üçün paytaxtımızın ətrafındakı küçələr və yollar pis işıqlandırılır, ya da ümumiyyətlə qaranlıq olur. İdarə də ərinməyib nəsə ağıllı-başlı cavab vermişdi, ancaq mən heç o cavabı oxuya bilmədim, çünki az qalmışdım gülməkdən ölüm. Niyə? Çünki mən həmin şəhər işıqları idarəsinin çox yaxınlığında yaşayıram və idarənin düz qabağındakı küçədə işıqlar yanmır. Sən də bundan yolları soruşursan... Keçəl bir dərman bilsə, birinci öz keçəlini işıqlandırar.

İdarə zəhmətkeşlərin istirahət parkının içindədir, həmin parkın işıqlarını da gecə saat 12-də keçirirlər. Sanarsan Samur-Yalama milli parkıdır, ayıları oyatmaq istəmirlər. Kim bilir... Bəlkə də parkda gecə işıqlar yananda ağaclar düzgün yatmır, oksigen əvəzinə dəm qazı, metan, propan buraxırlar, zəhmətkeşlərimiz zəhərlənir, kommunizm quruculuğuna davam edə bilmirlər.

Yeri gəlmişkən, bu istiqamətdə də ciddi təşviş doğuran statistika yaranıbdır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2014-cü ildə Azərbaycanda doğum 170 min 500 uşaq olub. 2024-cü ildə isə 102 min. 10 ildə 70 min azalma. Nikahların sayı isə 2014-də 85 minə yaxın idi, keçən il 49 min 500-ə düşüb. Boşanma 2014-dəki 12.100-dən 2024-də 21.384-ə qalxıb. Xalqımız azalır. Belə getsə Almaniyanın gününə düşəcəyik.

Hökumət xalqa bu qədər müsbət şərait düzəldir, iş yerləri açır, ünvanlı sosial yardım, gənc ailələrə ipoteka, orta yaşlı ailələrə qoyun-quzu, yaşlı ailələrə nərd və domino dəstləri təşkil edir, lakin millət artmaq cəhənnəm, stabil qalmaq yerinə azalır. Mən bu işdə xarici qara qüvvələrin mənfi rolunu qeyd etmək istəyərdim, ancaq tərslikdən neçə illərdir quru sərhədlər bağlıdır, camaat ora-bura qaça bilmir. Hesab edirəm ki, bu istiqamətdə dövlət proqramları yaratmağın vaxtıdır. Nə üçün İlon Maskın 13 uşağı var, bizimkilərin də olmasın? (İndi yadıma gəldi, 1988-89-cu illərdə bir nəfər rəhbər şəxs də xalqımızın çoxalması üçün proqramlar hazırlayır, bu işlə şəxsən məşğul olacağını deyirdi, bacarıqsız çıxdı).

O cümlədən, evlənmə-boşanma statistikası nəsə şübhəli görünür. Əgər nikahlar 35 min azalıbsa, şadlıq saraylarında bəzən niyə yer tapılmır? Məhərrəmlik, may ayı və orucluq olmayanda toyxanalarda növbəyə girmək çətindir. Belə çıxır camaat evlənməyi də dövlətdən gizlədir, artıq rəsmi qeydiyyata aldırmırlar. Məsələn, dini nikah edirlər. Ya da vətəndaş nikahı.

Sonda zəhmətkeşləri su çərşənbəsi münasibətilə təbrik edirəm. AzTV-nin məlumatına görə dünən axşam güzgüyə su vursanız evlənəcəyiniz adamın surəti ekrana çıxacaqdı. Yazın görüm neçə nəfər buna nail olmuşdur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR