Onlayn ictimai-siyasi qəzet
İlk yayınlanma: 04.09.2024
Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan sakinlər evlərinin söküləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar illərlə dar, təmirsiz evlərdə yaşamaqdan bezdiklərini, normal şəraitli mənzillərlə təmin olunmaq istədiklərini bildirirlər.
Deyirlər ki, hər il gəlib evlərinin ölçülərini götürürlər, söküntü vəd edirlər, di gəl ki, bir nəticə olmur.
Alatavalılar uzun müddətdir ki, gələnin-gedənin ağzına baxır, xoş bir xəbər eşidəcəklərinə ümid edirlər. Amma nə fayda ...
“Mən 23 ildir ki, burada yaşayıram. İllərlə deyilir ki, Alatava sökülür. Gəlib ölçüb, gedirlər. Ancaq bir xəbər yoxdur. Gəlib söksünlər, biz də normal şəraitli mənzildə yaşayaq da”, -sakinlərdən biri deyir.
Doğrudur, rayonun bir hissəsində söküntüyə başlanılıb. Amma bu, çox da geniş ərazini əhatə etmir. Ən böyük problem isə budur ki, sakinlər onlara verilən kompensasiya ilə razılaşmırlar. Deyirlər ki, hər kvadrat metrə 1400-1500 manat təklif olunur ki, bu da onlara yeni ev almaq üçün sərf etmir. Elə bu səbəbdən də evləri nisbətən kiçik və dar olanlar satıb oradan çıxırlar.
“Elə pul versinlər ki, heç olmasa gedib özümüzə şərait qura bilək. İllərlə övladlarım kirayədə qalırlar. Heç olmasa balalarımla bir evə yığışa bilim. Nə qədər dar evdə kök salıb qalmaq olar”, -xanım sakin bildirir.
Mənzilləri yaxşı yerdə yerləşən və geniş olanlar isə şirkətlərlə mübarizədədirlər. Məhz elə bu səbəbdən də vətəndaşlar ərazidəki evlərini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.
Sakinlərin dediyinə görə, onların evlərinin ətrafını qazırlar və yaxud da ev yiyələri mənzildə ola-ola söküntü aparırlar.
“Ötən gün Alatavanın digər hissəsində sakin evdə olarkən söküntü aparmışdılar. Çox qorxmuşdu. Özləri qəsdən edirlər”.
Qısa desək, sakinlər rahat mənzilləri, sahibkarlar isə üzü yola, ucuz pulla razılaşan ev yiyələrini əl-əl axtarırlar. Onlar arasında razılığın isə izi-tozu görünmür.
Musavat.com sözügedən video-reportajı təqdim edir:
Şahanə Rəhimli
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ