Onlayn ictimai-siyasi qəzet
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində baş verən qanlı cinayətin təfərrüatı məlum olub. Dustaq yoldaşını öldürməyə cəhddə ittiham edilən şəxsin cəzası 4 ildən 15 ilə qədər ağırlaşdırılıb.
Musavat.com xəbər verir ki, dava uzun illərdir həbsdə olan Azər Şaliyev və Şəhriyar Baxışəliyev arasında olub.
Adam öldürməyə görə 13 il cəza alan və cəzasının başa çatmasına 3 il qalan Azər Şaliyev eyni yataqxanada qaldığı Şəhriyar Baxışəliyevi öldürməyə cəhddə ittiham edilir.
İttihama görə, hadisəyə səbəb Şəhriyarın Azərin dolabındakı şəxsi kitabçaya icazəsiz baxması olub. Azər məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən üzqırxanın ülgücü ilə kəsib. Şəhriyar yaralı halda xəstəxanaya yerləşdirilib.
Bu əməlinə görə Azərə Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılan məhkəmə iclasında belə qənaətə gəlinib ki, Azərin Şəhriyarı öldürmək niyyəti olmayıb. Buna görə də onun əməli qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edilərək 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Həmin iclasda məlum olub ki, Şəhriyar Azəri bağışlayaraq ifadəsində deyib ki, dustaq yoldaşı onu öldürmək istəməyib. Sadəcə etdiyi səhv hərəkətə görə onun üzündə kəsici alətlə iz buraxmaq istəyib.
Şahidlər də Azərin xeyrinə ifadə verərək Azərin Şəhriyarı öldürmək niyyətinin olmadığını deyiblər. Məlum olub ki, Azər kitabçaya baxmağın dustaqlar arasında “pis hərəkət” olduğuna görə Şəhriyarın üzündə iz burxmaq istəyib.
Tərəflər Bakı Ağır Cinayətlər Məhkəməsində barışsa da, Bakı Apellyasiya Məhkəməsində yenidən üz-üzə gəliblər. Şəhriyar bu dəfə Azərdən şikayətçi olduğunu, Azərin onu öldürmək istədiyini deyib.
“Bakı Ağır Cinayətlər Məhkəməsində Azərin xəstə anasını görəndə yazığım gəldi. Ona görə elə ifadə verdim. Azər məni öldürmək məqsədi ilə boğazımı kəsdi. Məni vurandan sonra “oğraşın hülqumunu vurdum, ölmədi” ifadəsini də işlətdi”, - deyə Şəhriyar bildirib.
Azər isə Şəhriyarı öldürmək niyyətinin olmadığını, üzündə iz buraxmaq istədiyini deyib.
Məhkəmə Azərin Şəhriyarı öldürmək niyyətinin olduğuna qərar verib. Buna görə də Azərin əməli qəsdən adam öldürməyə cəhd kimi şərh edilib və ona 15 il həbs cəzası verilib. 2027-ci ildə azadlığa çıxmalı olan Azərin yeni cəzası 2039-cu ildə bitəcək.
Qeyd edək ki, digər dustaq və zərərçəkmiş şəxs Şəhriyar da adam öldürməyə görə həbsdədir. Onun cəzasının başa çatmasına az zaman qalıb.
İ.Muradov
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ