İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eta dux mujiski, jeniski?” - Bayram Səfərov haqqında 9 il əvvəlki yazı

Bu yazını keçmiş əməkdaşımız Aygün Muradxanlı 9 il öncə, 2014-cü ilin iyul ayında, Fransadan qayıtdıqdan sonra yazıb. Yazının qəhrəmanı bu günlərdə jurnalistə qaba cavab verən, Şuşa rayon İH başçısı postunda işləyən Bayram Səfərovdur. Musavat.com həmin yazını təkrarən təqdim edir.

***


Azərbaycan məmurlarının xarici səfərlərdəki sərgüzəştləri ilə bağlı yəqin çox oxumusuz. Bilirəm, şaqqanaq çəkib güldüyünüz də olub, elementar qaydalardan xəbərsiz insanları məmurluğa gətirib, dövlət büdcəsi hesabına xarici səfərlərə göndərənlərin ünvanına “güllü-çiçəkli təriflər” dediyiniz də, hətta onların yerinə utandığınız da.

Bu yaxınlarda belə sərgüzəştlərdən birinə şahidlik etdim. İnanın, gözlərimin qarşısında baş verən o biabırçı olaydan sonra hisslərim də qarışıq düşüb. Bilmirəm güləm, yoxsa halımıza ürək dolusu bir hönkürtü vuram.

Parisin Şarl de Qoll hava limanının “Duty Free”sində dolaşırdım. Bir də gördüm, Azərbaycan məmurlarından biri əlinə çəhrayı rəngli ətir qutusunu az qala satıcı qızın gözünə soxa-soxa yüksək səslə soruşur: “Eta dux mujiski, jeniski?” Zərif, kipriklərini ən yeni kosmetoloji nailiyyətlə ikiqat uzatmış fransız xanım da gözlərini döyür, bu yekəpər, hətta zırpı kişinin ondan nə istədiyini anlaya bilmirdi. Satıcı 2 dəfə ingiliscə “sizə necə kömək edə bilərəm” soruşsa da zırpı məmur onu anlamadı, eyni sualı dönə-dönə təkrar etməyə başladı: “Eta dux, mujiski, jeniski?” Hər dəfə sualı təkrar edəndə səsini bir az da qaldırır, gözlərini bərəldir, satıcı qız onun hər bağırtısından sonra sanki biz az da balacalaşır, necə deyərlər, yerə girirdi. Bəlkə də orada rusca danışa bilən satıcı var idi. Ancaq kimin ağlına gələr ki, “eta dux mijiski, jeniski” ruscadı?

Əslində bu olaya yerə girməli bir adam var idisə, o da Azərbaycan məmuru idi. Həftə səkkiz, o doqquz xarici səfərə çıxsa da, çoxdan beynəlxalq ünsiyyət dilinə çevrilən ingiliscədə sərbəst danışmaq, polemikalara qoşulmaq demirəm, heç olmasa çulunu sudan çıxarmaq üçün iki kəlməni bir-birinin arxasına qoşa bilməyən, elementar vərdişləri olmayan məmurların çöldə-bayırda nə işi var? Allah bilir, bu olay hər gün Avropanın neçə paytaxtında müxtəlif variantlarda baş verir.

Olayın arxasını da deyim, gülə bilsəz, gülün. Satıcı çıxış yolunu digər işçiləri köməyə çağırmaqda gördü. Amma onlar da zırpı, yekəqarın, burnu və qulaqları tüklü canlının dilindən bir şey anlamadı. Sonda milli məmur ağ ciyərlərinin dərin guşəsindən bir “eh” çıxarıb əli ilə havanı elə bərkdən yardı ki, dedim indi kəpənək kimi zərif qızlar domino daşı kimi bir-birinin ardınca yerə səriləcək.

Yox, elə bilməyin əlindəki qutu çəhrayı olsa da “dux”un hansı cins üçün olduğunu dəqiqləşdirə bilməyən məmur onu almaqdan vaz keçdi. Kolxoz sədrlərinə xas iri addımlarla ləngər vura-vura kassanın yanına gəlib iki zənbil götürdü, rəflərdə gözünə nə xoş gəldisə zənbillərə doldurmağa başladı. Həm də ən irilərini, ən bahalılarını. Parisə yolu düşənlər bilir, Fransada ətirlər həddən artıq bahadır. Hətta vergidən azad “Duty Free”də belə. Kassada 3 min avroya yaxın ödəniş edən məmur əlindəki saysız paketlərlə dükandan çıxdı. Üzündəki yekəxana ifadə ilə uçaq qapısına gedərkən gözü “əsalətli” fransız pendirləri, bahalı Burbon şərabları satılan mağazaya sataşdı. Qəfildən elə bil adama “hücum” əmri verdilər...

Artıq məmuru o ərzaq mağazasında müşahidə eləməyə hövsələm çatmadı. Vaxtım da yox idi. “Sale” yazılan bölümdə cibimi silib-süpürən vəhşi kapitalizmdən qoruduğum qəpik-quruşu düz-qoş edib anama ətir tapmalıydım...

Yeyirsiz, dağıdırsız, talayırsız, vətəndaşın “burnunuzdan gəlsin” bədduasına məhəl qoymursuz, heç olmasa, o puldan ingilis dili müəllimlərinə də verin ki, “bayıra” çıxanda biabır olmayasız. Rəhmətlik Üzeyir bəyin “Ordan-burdan”ındakı ürəyindən Duma deputatlığı keçən Salman bəy yadıma düşdü. Amma o da bugünün məmurundan abırlı idi. Heç olmasa, deputatlıq üçün çalışırdı, indiki dillə desək, stilisti var idi, rusca, bal rəqsləri müəllimləri tutmuşdu. Ən əsası da büdcəni talamırdı. Azərbaycan məmuru yüz ildi adam olmaq istəmir... Elə düşüblər “duptatlığ, duptatlığ”ın dalınca...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR