İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla İranın təlimləri “fıs çıxdı”

Hər iki ölkə öz ərazisinə xüsusi təyinatlılarını çıxarıbsa, bunun nəyi “birgə təlim oldu”?

“Ermənistan-İran sərhədində ilk dəfə olaraq iki ölkənin xüsusi təyinatlılarının birgə təlimləri təkcə hərbi əməkdaşlıqda yeni addım deyil, həm də qonşulara bir siqnal idi. Ermənistan müttəfiqləri haqda yenidən götür-qoy edir, İran isə “qırmızı xətlər” çəkir”.

Musavat.com xəbər verir ki, bu barədə novayagazeta.eu- nun təlimlərlə bağlı geniş məqaləsində deyilir.

Bildirilir ki, təlimlər Rusiya sərhədçilərinin yanvarın 1-də tərk etdikləri 44 kilometrlik ərazidə keçirilib. Həe iki ölkə öz sərhəddində təlim keçib, yəni əslində birgə təlimin statusuna uyğun deyil. “İranla sərhəd qısadır, lakin Ermənistan üçün strateji əhəmiyyət kəsb edir, xüsusən Türkiyə və Azərbaycanla sərhədlərin faktiki olaraq bağlı qaldığını nəzərə alsaq. Bu şəraitdə Ermənistan alternativlər axtarır. İranla əvvəllər müdafiə sahəsində əməkdaşlıq yalnız nümayəndə heyətlərinin səfərləri, təcrübə mübadiləsi və qapalı məsləhətləşmələrlə məhdudlaşırdı”.

İranlı ekspert Ehsan Movahedianın fikrincə, hərbi təlimlər təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa yol açır: “Təlimlər yaxşı başlanğıcdır. Gələcəkdə hərb təlimlər ordunun digər qollarının cəlb edilə bilər. Çünki Ermənistan və İranın regionda ümumi məqsədləri var”. Ekspertin sözlərinə görə, tarix seçimi təsadüfi deyil və təlimlər sadəcə, hərbi hadisə deyil, region ölkələrinə aydın siyasi siqnaldır: “İran sülh və sabitliyə can atdığını göstərir, lakin onun qırmızı xətləri - Ermənistan-İran sərhədinin toxunulmazlığı və Sünikin(Zəngəzur dəhlizi nəzərdə tutulur-red) təhlükəsizliyi dəyişməz olaraq qalır. Onlara hər kəs hörmət etməlidir".

Movahedian İranda hakimiyyət dəyişikliyinin Cənubi Qafqaz siyasətinə təsir edə biləcəyi fikrini də rədd edib: “Bu mövqelər ölkənin müdafiə doktrinasında öz əksini tapıb. Onlar hökumətlərlə dəyişmir. Hamı başa düşməlidir: İranın Ermənistanla sərhədi strateji təhlükəsizlik məsələsidir".

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini general Vəliolla Mədəni də öz növbəsində qeyd edib ki, manevrlər regionda davamlı sülhün bərqərar olması maraqları naminə keçirilir: “Birgə təlimlərin keçirilməsində əsas məqsəd sərhəd təhlükəsizliyini gücləndirməkdir”. O, iki ölkə arasındakı sərhəd bölgələrinin həssaslığının nəzərə alınmaqla strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Снимок-1.JPG (66 KB)

Sayt yazır ki, Ermənistan və İranın birgə təlimləri rəsmi Bakının “Zəngəzur dəhlizi” layihəsi ilə bağlı müzakirə dalğası fonunda baş tutub. “Azərbaycan Ermənistanın Sünik rayonundan keçməklə Naxçıvana maneəsiz quru yolu açılmasını tələb edir. İrəvanda bu, suverenliyi təhdid edən ekstraterritorial tranzit tətbiq etmək cəhdi kimi qiymətləndirilir. Tehran müntəzəm olaraq vurğulayır ki, Cənubi Qafqazda sərhədlərdə istənilən dəyişiklik İran üçün “qırmızı xətt”dir.

O da qeyd olunur ki, Tehranın mövqeyi də şübhə doğurur: bir tərəfdən İran Ermənistanın sabitliyinə və ərazi bütövlüyünə sadiq olduğunu bəyan edir, digər tərəfdən bu yaxınlarda Azərbaycanla birgə təlimlər keçirib (məsələn, noyabrda AZİREX 2024 manevrləri). Beləliklə, Tehran iki qonşusu arasında tarazlığı saxlamaqda davam edir, onların qarşıdurmasına birbaşa qarışmamağa çalışır.

Sayt yazır ki, buna baxmayaraq, Ermənistan-İran birgə təlimləri sadəcə taktiki manevrlər deyil, eyni zamanda bir neçə auditoriya üçün nəzərdə tutulmuş siyasi jestdir: “Bakı üçün bu, ilk növbədə Zəngəzur məsələsi kontekstində məqbul təzyiqin hədləri barədə siqnaldır. Tehran üçün bu, Cənubi Qafqazda mövcudluğunu və maraqlarını xatırlatmaq üçün bir yoldur. Bununla belə, təlimlərin miqyası minimaldır, onların hərbi əhəmiyyəti şərtidir və formatın özü (hər bir ordu öz ərazisində) tamhüquqlu strateji müttəfiqlikdən daha çox tərəflərin görünməz xətti keçməmək istəyindən xəbər verir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR