Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyi hələ 2021-ci ildə ölkənin hərbi sənaye şirkətləri ilə milyonlarla dollar dəyərində silah tədarükünə dair imzalanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi tələbi ilə Rusiyaya rəsmi müraciət etməyib.
Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Məlumatda bildirilir ki, Ermənistanın müqavilədə nəzərdə tutulmuş silahları heç vaxt almamasına baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə cərimə ödənməyib.
Qeyd olunur ki, son vaxtlar müxtəlif analitiklər və təbliğatçılar “Baqramyan 26” teleqram kanalına istinadən Ermənistan hökumətinin Qarabağdakı ermənilərin guya “məcburi köçürülməsi” nəticəsində yaranan sosial çətinlikləri nəzərə alaraq, Rusiya Federasiyasına rəsmi müraciət etməsi barədə məlumatları fəal müzakirə ediblər. Bildirilir ki, silah tədarükü üçün ödənilən təxminən 400 milyon dollar məbləğin geri qaytarılması tələbi ilə müraciət edilsə də, təklif Rusiya tərəfindən rədd edilib.
Bununla bağlı Ermənistan mediası Müdafiə Nazirliyinə 2021-ci ildən etibarən Rusiyanın müdafiə-sənaye müəssisələri ilə silah tədarükünə dair müqavilələrdə nəzərdə tutulan neçə öhdəliyin hansı səbəbdən hərbi sənaye tərəfindən yerinə yetirilmədiyini öyrənmək üçün Ermənistan Müdafiə Nazirliyinə yazılı sorğu göndərib. Media Ermənistan Müdafiə Nazirliyinin Rusiyanın hərbi sənaye şirkətləri ilə silah tədarükü müqaviləsini birtərəfli qaydada ləğv edib-etməməsi və müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə cərimənin ödənilməsini tələb edib-etməməsi ilə də maraqlanıb. “Sorğumuza cavab olaraq Ermənistan Respublikası Müdafiə Nazirliyinin baş katibi Hamlet Batikyan “Dövlət sirrinə aid məlumatların siyahısının təsdiq edilməsi haqqında” hökumət qərarının 19-cu bəndinə istinad edərək məlumat verməkdən imtina edib. Lakin qeyd edirik ki, Müdafiə Nazirliyinə suallarımız tədarükün həcmi ilə bağlı deyil, yalnız təchizat müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və bundan irəli gələn müvafiq addımlarla bağlıdır.
Maraqlıdır ki, Müdafiə Nazirliyi bunu dövlət sirri hesab etməyib və hələ ötən ilin oktyabrında silahların tədarükü və müvafiq cərimənin ödənilməsi üçün İordaniya şirkəti ilə 2021-ci il müqaviləsinə xitam verilməsi ilə bağlı rəsmi mənbələrdə sənəd dərc edib. Ermənistan Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunan sənəddə deyilir ki, 2022-ci il oktyabrın 10-da Ermənistan Müdafiə Nazirliyi İordaniyanın silah istehsalı şirkəti Jadara Equipment and Defense Systems ilə müqaviləni birtərəfli qaydada ləğv edib. Məktubda müdafiə departamenti tədarükçünün bildirişi aldıqdan sonra beş gün ərzində Ermənistana 23,2 milyon dollar məbləğində cərimə ödəməsini tələb edir, çünki şirkət Ermənistan tərəfinə silah tədarük etməyib və bununla da 2021-ci il avqustun 6-da imzalanmış müqavilənin 6.2-ci bəndini pozub”-materialda bildirilir.
Qeyd olunur ki, əslində, bir halda Ermənistan Müdafiə Nazirliyi müddəaları pozduğuna görə silah tədarükü müqaviləsinə xitam verir və bu barədə ictimaiyyəti məlumatlandırır, digərində isə pərdə arxasında və qərbyönlü analitiklərlə qapalı görüşlər çərçivəsində Rusiya tərəfinə narazılığını bildirməklə kifayətlənir.
“Yada salaq ki, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta Europe” nəşrinə müsahibəsində Ermənistanın Rusiyaya sifariş verdiyi və pulunu ödədiyi silahları almadığını bildirmişdi”-sonda vurğulanır.
Cavid Turan,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ