Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçı bu gün – iyunun 21-də – Moskvaya rəsmi səfər edir. Səfərin əsas məqsədi Rusiya Prezidenti Vladimir Putinlə görüşərək, İran ilə İsrail arasında qızışan müharibənin mümkün həll yollarını müzakirə etməkdir.
Məlumatı “Axios” nəşri yayıb və diplomatik mənbələrə istinadla bildirir ki, Abbas Əraqçının Moskva səfəri regional münaqişənin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik təşəbbüslər çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, hazırda Yaxın Şərqdə vəziyyət son dərəcə gərgindir. İsrailin Tehrana yönəlik raket zərbələri, İranın cavab hücumları və hər iki ölkənin strateji hədəfləri vurması regionda tammiqyaslı müharibə təhlükəsini artırıb. Bu şəraitdə İranın yüksək səviyyəli diplomatı Rusiya rəhbərliyi ilə birbaşa təmaslara başlayır.
Siyasi müşahidəçilərə görə, Putin–Əraqçı görüşü Rusiya üçün Cənubi Qafqaz və Yaxın Şərqdə yenidən vasitəçilik missiyasına qayıtmaq cəhdi kimi qiymətləndirilir. Moskva həm Tehran, həm də Təl-Əvivlə müəyyən diplomatik kanallara malik olduğundan, Kremlin atəşkəs təşəbbüsü irəli sürəcəyi gözlənilir.
Mənbələrin bildirdiyinə görə, Abbas Əraqçı bu səfərdən sonra İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının toplantısında da iştirak edəcək. Həmin tədbirdə əsas müzakirə mövzusu da məhz İran–İsrail müharibəsi və müsəlman dünyasının ortaq reaksiyası olacaq.
Eyni zamanda, bu diplomatik proseslər fonunda ABŞ-ın mövqeyi də diqqət mərkəzindədir. Rəsmi Vaşinqton İsrailə dəstəyini davam etdirərkən, Rusiya və İranın koordinasiyalı addımlar atması Qərbdə narahatlıqla izlənilir. Bu səbəbdən Putin–Əraqçı görüşünün təkcə region üçün deyil, qlobal siyasi balans üçün də əhəmiyyətli nəticələr doğura biləcəyi gözlənilir.
Bütün bu gedişat, İran–İsrail qarşıdurmasının sadəcə regional deyil, beynəlxalq təhlükəsizlik probleminə çevrildiyini təsdiqləyir. Diplomatik masalarda əldə olunacaq qərarlar isə yaxın günlərdə savaşın taleyini müəyyən edə bilər.
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ