İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sərhəddəki “üç adaxlısı” - Aİ, ABŞ və Rusiya... 

Paşinyan administrasiyası bir-birinə antoqonist siyasi mərkəzlərin hərbi kontigentini bölgəyə yerləşdirməklə ölkəni poliqona çevirib - mütəxəssislər İrəvanın “ikinci Kiyev” olacağını açıqladılar

AAvropa İttifaqının (Aİ) Xarici İşlər və Güvənlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib. “Yeni Müsavat”ın xəbərinə görə, Aİ Ali Nümayəndəliyinin mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə gərəkli hüquqi aktlar müzakirə edilir: 

“Aİ Şurasının missiya müddətinin uzadılmasına dair qərarının yaxın günlərdə veriləcəyi gözlənilir”. Çox maraqlıdır ki, bu missiya Ermənistanda fəaliyyətə başlamazdan əvvəl onun mövcudluq şərtləri həm də Azərbaycanla razılaşdırıldı. Amma daha sonra missiyanin sayının artırılması və müddətinin uzadılması barədə Azərbaycan tərəfi ilə heç bir məsləhətləşmə aparılmadı, nəyə görə - bəlli deyil. Bununla yanaşı, missiya sözçüsü bildirib ki, onlar monitorinqlar apararaq sülhə töhfə verirlər -  hesabatlar hazırlayırlar, bu hesabatları guya Azərbaycan tərəfinə də təqdim edirlər. Amma nədənsə, indiyə qədər Avroittifaq missiyasının Azərbaycan tərəfinə hesabat təqdim etməsi barədə hec bir informasiya yoxdur.

O ki qaldı Avroittifaq missiyasının sülhə töhfə verməsinə, faktiki olaraq, missiyanın fəaliyyətinin uzadılmasına Azərbaycan tərəfi razılıq verməyib və bu, sözsüz ki, rəsmi Bakıda qıcıq yaratmaya bilməz. Missiyanın fəaliyyətinə tərəflərdən biri, yəni Azərbaycan razı deyilsə, bu missiya sülhə neçə töhfə verə bilər? Azərbaycan yalnız 40 nəfərdən ibarət missiyaya iki ay müddətinə razılıq verib. Artıq ikinci ildir ki, Avroittifaq missiyası Ermənistandadir. Vaşinqtonda imzalanmış sənədə əsasən, ABŞ gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Dövlət sərhədinin sərhəd mühafizəsi Ermənistanın Sərhəd Qoşunları ilə yanaşı, Rusiya qoşunları tərəfindən də həyata keçirilir. Bütün quru sərhədləri qorunur. Türkiyə Cümhuriyyəti və İranla sərhəd Ermənistan silahlı qüvvələri ilə əməkdaşlıq edərək Rusiya hərbçiləri tərəfindən qorunur. Gürcüstanla sərhəd Ermənistan sərhədçiləri tərəfindən, Azərbaycanla isə Ermənistan sərhədçiləri və Ermənistan polisi tərəfindən qorunur. Türkiyə sərhədi 333 km, Gürcüstanla 260 km-dir. Gürcüstan sərhədinin 42 km də Rusiya sərhədçiləri tərəfindən qorunur. İranla sərhədin 35 km-dir. Beləliklə, Ermənistanın sərhəddə “üç adaxlı”sı yaranmaqdadır: Aİ, ABŞ və Rusiya...

“Ermənistan hökuməti Aİ və ABŞ-a dəstək üçün üz tutmaq əvəzinə, qonşu dövlətlərlə problemlərini həll etməlidir”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. Baş diplomat bildirib ki, Rusiya tərəfinin məlumatına görə, Aİ-nin Ermənistan Respublikasında yerləşən müşahidə missiyası daha çox Ermənistanı deyil, Qərb ittifaqlarını maraqlandıran məsələlərlə məşğul olur. Bu açıqlama ilə Moskva Aİ-nin regionda kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğuna eyham vurub. Ümumiyyətlə, Qarabağ münaqişəsi baça çatdıqdan sonra hər şeyin günahını Rusiyanın üzərinə qoyan Ermənistan hakimiyyəti, xalqa izah etməyə çalışır ki, Kremldən bizə yar olmaz, üzümüzü Avropaya çevirməliyik, bu qütbdə təhlükəsizlik sahəsində müttəfiqlər axtarmalıyıq. Bunu ötən il Danimarkada keçirilən “demokratiya forumu”nda baş nazir Paşinyan da demişdi. Hətta irəli gedərək. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu ölkəsi üçün təhdid adlandırmışdı. Bundan sonra da ritorika dəyişmədi, KTMT ünvanına ittihamlar artdı. Ona görə də Ermənistan sərhədlərinə Qərb qüvvələrinin yerləşməsi prosesi sürətləndirilir. Ancaq bu oyunlar İrəvana və Paşinyan administrasiyasına nə vəd edir?

Prezidentliyə daha bir namizəd - » Gundeminfo.az

Akif Nağı

Sualımızı cavablandıran Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Ermənistanın bu hərəkətləri bir dövlət kimi formalaşmadığını sübut edir: “Dövlət özü sərhədlərini mühafizə etməlidir. Ermənistan isə sərhədlərini qorumağa tərəfdaşlar axtarmağa davam edir, saylarını artırır. Bur ölkənin sərhədlərini üç güc mərkəzi qorumaqdadırsa, deməli, Ermənistan müstəqil dövlətçiliyini əldən verməkdədir. Buna qədər Rusiya və Avropa Birliyi var idi, indi ABŞ da bölgəyə dəvət olundu. Ermənistanın bu qədər antoqonist qüvvələri bir araya gətirməsi özü üçün mürəkkəb problemlər yaradacaq, ölkəni strateji rəqabət poliqonuna çevirəcək”. Partiya sədri vurğuladı ki, Rusiya hələ bəyanatlarla məhdudlaşmaqdadır: “Lavrov və Peskovun açıqlamalarından kənara çıxan addımlar olmayıb. Hazırda Rusiya Ermənistanla qeyri-müəyyən vəziyyətdə olan münasibətləri saxlamaqdadır. Bu da Moskvanın erməniləri itirməmək istəyindən irəli gəlir”.

A.Nağı bildirdi ki, ABŞ-nin yeni rəhbərliyi imzalanmış strateji tərəfdaşlıq sazişinə uyğun hərəkətlər etməyəcək və bu da Paşinyan iqtidarına xeyli çətinliklər yaradacaq: “Bu məsələyə kağız kimi baxılır. Çünki Ermənistanın Rusiya ilə hərbi və iqtisadi münasibətləri davam edir, bundan bəhrələnirlər. Ermənistan xüsusən də Avrasiya İqtisadi Birliyinin verdiyi dividentləri itirə bilər. Onu da başa düşürlər. Hətta daxildə vəziyyətin qarışması istisna deyil. Üstəgəl, bölgəyə dəvət edilənlər İranla düşmənçiliyi olan güc mərkəzləridir, bu faktor da nəzərdən qaçırıla bilməz. Tehranın ABŞ mühafizə qrupunun bölgəyə yerləşməsinə reaksiyasını gözləmək lazımdır. Bir sözlə, Ermənistan ağır bir prosesin içərisindədir”.

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

 Fuad Əliyev 

Siyasi ekspert Fuad Əliyev isə dedi ki, Ermənistan artıq “üç stul”da oturmaq siyasəti yürütməkdədir: “Amma bir gün stulun biri Paşinyanın altından çəkiləcək və yıxılacaq. Hazırda onun bu davranışlarına təmkinlə yanaşma müşahidə olunur. Əsasən də Rusiya bərk qəzəblidir və öz vassalı, təbəəsi olan dövlətin bölgəyə Qərbi yerləşdirmək addımlarını sürətləndirməsi xəyanət kimi qəbul olunur. Bunu rus analitiklər açıq ifadə edirlər. Sadəcə, Rusiya Ukrayna cəbhəsində güc sərf edir deyə Ermənistana qarşı açıq həmlələr etmir. Amma fakt budur ki, rus hərbçilərinin qoruduğu Ermənistan sərhədlərinə son bir neçə ilin içərisində Avropa Birliyi və ABŞ yerləşməkdədir. Bu da əslində NATO-nun regiona çağırılmasıdır. Ermənistan "ikinci Ukrayna" olmaq təhlükəsi ilə üzləşir. Paşinyana elə gəlir ki, Rusiya hazırkı müharibədə zəifləyəcək deyə Ermənistanla bacara bilməz. Ancaq yanılır". 

F.Əliyev əlavə etdi ki, Rusiyanın Cənubi Qafqaz siyasətində doktrina dəyişikliyi də mümkündür: “Artıq ötən əsrin yanaşması və müdaxilələri yoxdur. Rusiya arxayındır ki, Ermənistan ondan hərtərəfli asılıdır. Bu dövləti özləri yaradıblar. Yəni Rusiya Ermənistanı alıb - yollarını, dəmiryol xətlərini, iqtisadiyyatını, sərhədlərini... Baş nazirin müavini Aleksey Overçuk təsadüfi olaraq demədi ki, Avropa Birliyi ilə ticarət dövriyyəsi 11, 6 milyard, Avrasiya İqtisadi İttifaqı ilə 12 milyarddır. Bu rəqəmlər təsdiqləyir ki, Ermənistan Rusiyadan nə dərəcədə asılıdır. Bu asılılığı azaltmaq və regionda möhkəmlənmək üçün ABŞ və Fransa sərhədlərə gah jandarma göndərir, gah kəşfiyyat missiyası yaradır, gah mühafizə qrupu adı ilə bölgəyə yerləşməkdədir. Ermənistan üç gücdən sərhədlərdə istifadə etməklə bir gün çanağın başında çatlayacağını görəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR