İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın növbəti ikiüzlülüyü - azan əsgərimizə yenə cinayət işi açıldı, Berlində isə...

Ermənistanının hərblə sülh arasında təhlükəli rəqsi davam edir. Rəsmi Bakının çeşidli xəbərdarlıqlarına, göz ağartmalarına rəğmən, İrəvan rəsmiləri üç ildir dildə “sülh” desə də, ağıllarında yenə “müharibə”, “revanş”dır.

Kapitulyant tərəfin danışıqlar prosesini imitasiya etməsi Fransa və Hindistan hesabına sürətlə silahlanma fonunda xüsusilə qabarıq və eybəcər görünür. Eləcə də onun misilsiz həyasızlıqla Azərbaycanı və onun rəhbərliyini “bəşəri cinayətlərdə” suçlamaq üçün Beynəlxalq Cinayətlər Məhkəməsinə rəsmən qoşulması faktı. Öz məram-məqsədlərini bu xüsusda heç gizlətmirlər də...

Yaxud ən son olaraq, bu gün sərhədi azıb Ermənistan tərəfə keçmiş əsgərimiz Pənahov Ruslan Eldəniz oğlu haqda bu ölkənin İstintaq Komitəsində dərhal cinayət işinin açılması faktını götürək. Özü də Berlində, böyük fasilədən sonra sülh danışıqlarının yeni raundunun başladığı gün!

BERLİN.jpg (279 KB)

Halbuki analoji hallarda, 44 günlük savaşdan sonra Bakı dəfələrlə və dərhal erməni hərbçilərini geri qaytarıb. Amma diqqət edin, qarşı tərəf o saat kəmfürsətlik edir. Əsgərimizin başına qalmayan oyunlar açır, bizimlə bazarlıq üçün hətta qondarma ittihamlarla hərbçimizə “ömürlük həbs” kəsir.

Belə bir ölkənin və ya hakimiyyətin barışıq ritorikasını səmimi saymaq olarmı? Axı konkret olaraq baş nazir Nikol Paşinyanın göstərişi olmadan hərbçimizə cinayət işi açıla bilməz...

Söz düşmüşkən, dünən Paşinyanın parlamentdə hakim “Mülki Müqavilə” Partiyasından olan deputatlarla keçirdiyi, təxminən 2 saat yarım çəkən qapalı görüşdən bəzi məqamlar üzə çıxıb. Hansılar ki, az yuxarıdakı qənaətimizi bir daha təsdiqləyir.

“Sülh müqaviləsinin imzalanması prosesi qeyri-müəyyən mərhələyə qədəm qoyub. Deyə bilərik ki, bununla bağlı indi sıfır vəziyyət mövcuddur. Çünki Azərbaycan yeni tələblər irəli sürür (?!-red.) Yeri gəlmişkən, əgər dünən əsas prinsiplər üzrə razılaşma olubsa, bu gün artıq mövcud deyil”, - bunu görüşdə Paşinyan deyib.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Hərgah, Bakı yeni tələblər irəli sürüb-eləməyib. Sadəcə, Ermənistandan öz konstitusiyasından, digər normativ-hüquqi sənədlərdən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları haqda müddəaları çıxarmağı, yəni onları beynəlxalq hüquqa uyğunlaşdırmağı tələb edib.

Burda indi qeyri-adi, ədalətsiz nə var görəsən? Bu ki, heç şərt də deyil, Ermənistanın özünün imza atıb qəbul etdiyi beynəlxalq hüququn elementar tələbidir!

Nikol həmin görüşdə həmçinin guya bizim də qeydimizə qalaraq iddia edib ki, Rusiya Azərbaycanı və Ermənistanı da birləşdirəcək birlik dövləti yaratmaq istəyir. Lap tutaq elədir, onda nədən Kremlin əlinə oynayır, sülh sazişini ləngidirsiniz?..

Maraqlıdır ki, oxşar fikri erməni jurnalistlərlə söhbətində parlamentin spikeri Alen Simonyan da dilə gətirib.

Sitat: “Plan belə idi ki, (Rusiya – red.) Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləyib sonda sülhməramlı sifəti ilə, xoş olmayan niyyətlə gəlmək və hər iki ölkənin boynuna ilgək atıb regionda sülh yaratmaq ki, iki ölkə harasa qaçmasın”.

Qısası, belə boşboğazlıq hara, əməl hara...

Z.SƏFƏROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR