Onlayn ictimai-siyasi qəzet
“Nə Ermənistan, nə də Azərbaycan “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” Ottava Konvensiyasına qoşulmayıb”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a, Ermənistanın mina terror nəticəsində baş verən son hadisələrə reaksiyası zamanı deyib.
Məlum olduğu kimi, son günlər ərzində davamlı mina partlaması zamanı işğaldan azad olunmuş ərazilərimizdə şəhid vermişik, uşaqlar daxil olmaqla, bir neçə yaralımız var. Azərbaycan XİN-in və Ombudsmanının xəbərdarlı və müraciətləri də nəticəsiz qalıb, dünya birliyi, həmçinin rəsmi İrəvan baş verənlərə biganədir. Rəsmi Bakının beynəlxalq hüquqa uyğun olaraq hansısa prosedurlara başlamasının perspektivləri barədə suallarımıza cavab verən S.Məmmədov xatırladıb ki, Ermənistan piyadalar əleyhinə minaların əsas istehsalçılarıdadır:
“Bu baxımdan Konvensiyaya istinad etməklə hər hansı beynəlxalq prosedura başlamaq mümkün deyil. Ermənistanın mina xəritələrini verməməsi, əraziləri tərk edərkən kütləvi surətdə əraziləri minalaması əlbəttə, cinayətdir. Müdafiə əhəmiyyəti olmayan ərazilərdə minaların basdırılması mülki əhalini məhv etməyə yönələn məqsədli hərəkətdir. Bu intiqam, nifrət, o cümlədən irqçi nifrətin nəticəsidir”.
STM icraçı direktoru digər məsələyə də diqqət çəkib:
“Bildiyimiz kimi, Ermənistan 2021-ci ildə Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycan tərəfindən guya İrqi Ayrı-Seçkiliyin bütün formalarının Ləğvi Konvensiyasının tələbini pozmaqda ittiham edərək Konvensiyanın 22-ci maddəsinə istinad etməklə saxta faktlar əsasında şikayət verib. Azərbaycan da analoji qaydada əks şikayət təqdim edib. Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın şikayətinə əks şikayət verərəkən bu məsələni də əhatə edib və minaların kütləvi basdırılmasını, onun xəritələrinin verilməməsinin irqi nifrət zəminində baş verdiyini göstərib”.
S.Məmmədov qeyd edib ki, müvəqqəti təminat tədbirləri qismində də Azərbaycan tərəfindən məhkəməyə vəsatətlər verilib. Şikayətə hələ mahiyyəti üzrə baxılmayıb:
“Əlbəttə, başqa prosedurlardan da istifadə etmək olar. Məsələn, həm Azərbaycan dövləti, həm də zərər çəkmiş fərdlər Avropa İnsan Hüquqları Məhkəməsinə (AHİM) şikayət verə bilər. Azərbaycan dövlətinin AHİM-də şikayəti var. Yəqin ki, bu məsələ də əhatə olunub. Minanın həm də ətraf mühitə ziyanını, torpaq və suyu zəhərləməsini nəzərə alaraq, başqa mexanizmlər üzrə də şikayətlər vermək olar. Ən əsası biz bu cinayəti törədənləri yaxalayıb, öz məhkəmələrimizdə mühakimə etməliyik”.
E.Paşasoy,
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ