İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın çıxış yolu - neytral ölkə statusu

Digər yollar İrəvanı gec-tez “əjdahalar”ın qəzəbinə gətirə bilər, o sırada Azərbaycan da var...

Azərbaycan Ermənistanın sülh sazişinə əsas əngəl olan konstitusiya dəyişikliyi haqda referendum qərarı gözləyərkən, İrəvan Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi “eşqinə düşüb”. 

Ötən həftəsonu baş nazir Nikol Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəklədiyi xəbəri yayılıb. Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan bildirib ki, referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyası yekunlaşıb və yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq. Onun sözlərinə görə, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan da baş tuta bilər. Bu həmin Xzmalyandır ki, bugünlərdə “Krımın müvəqqəti ilhaqı müqabilində Ukraynanın NATO və Aİ-yə üzvlük” sxemi Qarabağla bağlı da tətbiq edilə bilər" kimi sərsəm açıqlama vermişdi. Bu analogiyanın özü başdan-ayağa qüsurludur.

O ki qaldı Ermənistanın Avroatlantik məkana inteqrasiya kursu götürməsi, Rusiyanın himayəçiliyindən imtina öz seçimləridir, yüz illərlə Qafqazda rusların jandarmı rolunu oynayan, hər cür şeytanlığa təhrik edilən Ermənistanın indi onun təbəəliyindən çıxmaq istəməsi anlaşılandır. Amma Paşinyanın Ermənistanın bir dövlət kimi gələcəkdə Fransa daxil, Avropa İttifaqına üzv bir neçə ölkənin də əlaltısına çevirmək istəyi dövlətin süqutu ilə nəticələnə bilər. Əslində İrəvan Qərbin hərbi-siyasi “müşahidəçi”lərini Ermənistan sərhədinə gətirməklə bu istiqamətdə ilk addımı atıb. KTMT-dən çıxmaq, hətta Gümrüdəki hərbi bazanın mövcudluğunu 2044-cü ildən tez başa çatdırmaq öz istəkləridir. Amma bu addımları gedib hansısa hərbi bloka “peşka”lıq etmək üçün atırlarsa, bu böyük siyasi qanmazlıqdır. 

Nəzərə alınmalıdır ki, hazırda Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə, indi isə Rusiya ilə ciddi problemləri var, tədricən İranla da olacaq, Avrointeqrasiyadan xeyir tapmayan Gürcüstanla da. Paşinyan ləngimədən regional problemi həll etmək üçün ciddi addım ata, ən əvvəl yeni konstitusiya ilə Bakı və Ankara ilə problemləri aradan qaldıra bilər. Rusiya və İranın təzyiqlərindən qorunmaq üçün beynəlxalq qarantiya olmaq şərti ilə Ermənistan neytral ölkə statusu almaq yolunda fəaliyyətə başlamalıdır. Bütün bunlar Ermənistanın yeni konstitusiyasında öz əksini tapmaqla ölkənin xarici siyasətinin proqnozlaşdırıla bilən fundament rolunu oynaya bilər. Digər yollar Ermənistanı gec-tez “əjdahalar”ın qəzəbinə gətirə bilər, o sırada Azərbaycan da var... Bəs Ermənistan neytral ölkə statusu almağı niyə istəmir?

Ermənistan hazırda Rusiya və Qərb arasında var-gəl edir, hər iki tərəfi qane etməyə çalışır. Bu isə bumeranq effekti verir: hər iki tərəf qıcıqlanır və İrəvana təzyiqləri artırır. Avropa İttifaqı (Aİ) rəsmilərinin tez-tez Ermənistana səfərləri, habelə Rusiya rəsmilərinin zaman-zaman Ermənistanın mövcud siyasətini tənqid etmələri onu deməyə əsas verir ki, hər iki tərəf İrəvana daha çox təzyiq göstərməklə bu dövləti tamamilə özündən asılı vəziyyətə salmaqda israrlıdır. Rəsmi İrəvan üçün yeganə çıxış yolu regional əməkdaşlıq yolunu tutmaqdır. Bunun üçün isə Azərbaycan və Ermənistanla əlaqələrin normallaşması şərtdir, daha doğrusu, ilkin addımdır. Regional əməkdaşlığın konyunkturası da məlumdur: rəsmi Bakı və Ankaranın təşəbbüskarı olduğu 3+3 formatı. Əgər Ermənistan sürətlə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa və regional əməkdaşlıqda fəal iştirak edərsə, bu, İrəvanın təhlükəsizliyi üçün yeni çətir ola bilər. “Azərbaycana qarşı aqressiyalara baxmayaraq, Ermənistanla razılığa gəlmək mümkündür”. Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. “İnanıram ki, qarşı tərəf səsimizi eşidəcək, Qafqazda sülhə və tərəqqiyə nail olacağıq”, - nazir müavini əlavə edib. 

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanın neytral status alması öz əlində deyil. Ekspert hesab edir ki, Ermənistanı yaradanlar onun üzərindən siyasət yürüdürlər və ona bu imkanı verməzlər: “Ermənistan müxtəlif maraqların reallaşması üçün alət kimi istifadə edilir. Qafqazda bu dövləti yaratmaqla məqsəd ondan ibarət idi ki, "xristian qalası" olurdu, həm də Osmanlının Orta Asiya ilə əlaqəsini kəsməyə ehtiyac var idi. Ermənistan hələ də bu funksiyanı qorumaqdadır". Analitikin fikrincə, İrəvan Brüssel, Paris və Vaşinqtondan asılıdır: “Onun ixtiyarında deyil ki, neytral status qazansın. Ermənistan üzərindən Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı planlar həyata keçirilir”. 

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Ermənistanın “iki od arasında” oynadığını müşahidə edir. VHP rəsmisi tərəflərdən birinin Paşinyanı cəzalandıracağını gözləyir. İrəvanın Qərbə əyildiyini deyən S.Əsədlinin sözlərinə görə, Rusiya Ermənistanı öz forpostu kimi görməkdə davam edir: “Moskva hesab edir ki, ermənilər hər şeyə görə onlara borcludurlar. Tarixə ekskursiya edəndə də bu həqiqəti qeyd etmək mümkündür. Ona görə Rusiya Ermənistan hakimiyyətinə müvəqqəti iqtidar kimi yanaşır. Hərçənd Paşinyan getdikcə möhkəmlənir, Qərbdən dəstəyi artır. Tramp və Makronla görüşü də Moskvaya ciddi siqnal idi”. 

VHP funksioneri 2026-cı il seçkilərində Paşinyanın asanlıqla qalib gələcəyini ehtimal edir: “Rusiya Ukraynada ciddi şəkildə ilişib və bu vəziyyətdən Qərb istifadə edərək Ermənistanda mövqelərini gücləndirir. Paşinyanı qoruyan Amerika və Fransa kəşfiyyatıdır. Əslində Rusiya onun azca büdrəməsini gözləyir ki, aşırsın. Sadəcə, erməni cəmiyyəti ruspərəst müxalifəti qəbul etmir. Ona görə də hər iki tərəf fürsət gözləməkdədir. Məncə, Gürcüstan hadisələrinin yekunu Paşinyan üçün nəticə çıxarmağa əsas olacaq. Hər halda, "iki stul"da oturmaq siyasəti Paşinyanı bitirə bilər. Odur ki, Ermənistan Qoşulmama Hərəkatına üzvlüyü seçməlidir, “altılıq” platformasında fəal iştirak etməlidir. Bu ölkənin nicatı Azərbaycan və Türkiyədədir..."

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR