Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti yanvarda 44 günlük müharibə zamanı itkin düşən əsgərlərin yaxınları ilə qapalı görüş keçirəcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu NEWS.am-a müsahibəsində parlamentin müdafiə komissiyasının rəhbəri və 44 günlük müharibənin hallarının araşdırılması üzrə istintaq komissiyasının rəhbəri Andranik Köçəryan deyib.
O qeyd edib ki, qohumlar arasında meyitlərin qalıqlarını meyitxanalardan götürməkdən imtina edənlər var, onlar şəxsiyyətin müəyyənləşdirilməsində səhv olduğunu israr edirlər.
“Bu məsələni həll etmək lazımdır, görüş çətin olacaq, amma keçirilməlidir. İclas qapalı olacaq ki, heç kim ondan siyasi divident götürməyə çalışmasın”, Köçəryan bildirib.
Vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxınları ilə birlikdə gəlməsi ilə bağlı razılıq əldə olunub. Köçəryan görüşə Milli Təhlükəsizlik Xidmətinin rəhbərini, xarici işlər nazirini və baş prokuroru da dəvət edib.
“Qohumların çox yaxşı vəkilləri var və bu, çox vacibdir, hələ də həll olunmamış məsələlər var və biz araşdırmaq lazımdır ki, proses (cəsədlərin tanınması – red.) zamanı kimlər hansı səhvlərə yol verib”.
Onun sözlərinə görə, görüş bayramlardan sonra keçirilməlidir, lakin onu fevral ayına saxlamaq olmaz.
Xatırladaq ki, ölən əsgərlərin meyitlərinin və qalıqlarının tanınması həm Ermənistanda, həm də xaricdə aparılıb.
Dekabrın 27-də itkin düşən hərbçilərin yaxınları İrəvanın mərkəzi prospektlərindən birini, Baqramyan prospektini bağlayıblar. Onlar 44 günlük müharibənin şəraitini araşdırmaq üçün parlament komissiyasının rəhbəri Andranik Köçəryanla görüş tələb ediblər. Daha sonra onları Milli Assambleyanın sədri Alen Simonyan qəbul edərək, onların məsələsi ilə bağlı görüş vəd edib.
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ