İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana şah damarından daha yaxın…

Qardaş Türkiyənin populyar pop müğənnilərindən Nil Qaraibrahimgilin 2000-lərdə ekrandan-efirdən əskik olmayan bir mahnısı vardı - “XL” (“extra large”) deyə… Doğrusu, mahnının sözləri sadədən sadə, hətta (heç kəs qüsura baxmasın), “itotu, bağayarpağı” olsa da, illa cavan-cumrunun dilinə düşmüşdü:

“Onun aşkı bana ekstra larç,
bana ekstra larç, bana ekstra larç,
Giydim ama benim boyum kaç?
benim kilom kaç? daha benim yaşım kaç”?..

Durub-dururkən bu, cavan-cumru mahnısı niyə yadıma düşmüş ola? - Yada düşməsinin, incəsənətlə, mahnı ilə birbaşa bağlılığı yoxdur, doğrusu; bağlılıq mahnının sözlərinin, necə deyərlər, “proyeksiyalana bilən” olması və hazırda proyeksiya üçün çox münbit ortamın mövcudluğu ilə bağlıdır. Söhbət məgər haradan, kimdən getmiş ola? - Bəli, bəli, söhbət, nə Türkiyədən, nə Azərbaycandan - iki qardaş ölkənin arasındakı keçici qara zolaqdan - Ermənistandan gedir. - Deməzsizmi, oğurluq-doğurluq, zar-zor 29,8 min kv.km-lik bir əraziyə və (9 min kv.km-lə başlayan) 106 illik bekara dövlətçilik tarixinə malik Ermənistan, böyük dövlətlərlə çiling-ağac oynamağa qalxışıbmış. Bəli, rəsmi İrəvan boyunu aşan - onunçün “XL” işlərlə məşğuldur. Nil xanımın “XL” mahnısının “yutub”da izlənmə sayı Ermənistanın “domovoy knişka”sında olanlarının sayından 2,5 dəfə çoxdur… Güman edirəm, bu mahnını İrəvanda (ümumən Erməniatanda) da dinləmiş, izləmişlər və o üzdən, hazırda “Giydim ama benim boyum kaç?” ricətində bulunanları da olmamış olmaz…

Bəli, bu sözlər rəsmi İrəvanın ifasında səslənməli, əslində:

“Çok değil arar o beni arada bir,
O benim hayatımın tuzu, biberi.
Özledim, “iyi şeyler düşün” dedi,
Gözlerim bi onun yolunu bekledi,
Onun aşkı bana ekstra larç”…

Erməniatan üçün “O” - dünən Rusiyaydı, lap sırağagüncə Fransaydı, bugünlərsə ABŞ-dır, qaliba…
Deyirlər, artıq ABŞ-dan silah-sursat daşınır və hətta, ABŞ silah-sursatının İrəvandan Zəngəzura aparılmaqda olduğu deyilir…

Zvartnosdan çıxmış olsa belə, Rusiya da arar İrəvanı amma… Amma da kolay-kolay buraxmaz Rusiya Ermənistanı… Özləri bilər - bilməsinə, yalnız Ermənistanın hərbi-siyasi başbilənləri kimin tarixi torpaqları üzərində kimlərlə bazarlıq edir? - Bir də bunu düşünməli!.. Ayrıca, Rusiya, Gümrüdəki hərbi bazasını, sınır xidmətini bir göz qırpımındamı çıxaracaqmı guya? Lap Rusiya Ermənistandan tamamən çıxdı sayaq - guya Ermənistan dəsvəhal müstəqil dövlətmi olacaq, forpostluqdan çıxıb da, bizimlə mehriban qonşumu olacaq? Əgər belə mehribançılıq yaratmaq, qonşuluq etmək istəyindəsə, xeyir ola Hindistandan, Fransadan, Amerikadan silah-sursat daşıyır?.. Bəlkə, uşaq oyuncaqlarıdır o daşıdlqları, heç atıcı silah-zad deyil də, biz yanlış anlamışıq? Məmməd İsmayıl demiş, “Kimi aldadırsan, a zalımoğlu”?.. Biz çörəyi qulağımızın dibinəmi yeyirik? Səni bizdən daha yaxşı kim tanıyar, kim? Və sən yenə çaşası olsan, bizi kim tutacaq, kim?..

Vaxtilə Rusiya, daha sırağagün Fransa, laap bugünlərsə Amerika sənin həyatının duzu, bibəri ola bilər; amma gözü onun-bunun mətbəxində, süfrəsində, duzunda, nə bilim, daha bostanında, bağında qala-qala, nə qarın doyar, nə göz… Hələ bir də, “Qız, sənin dilini acı bibər, bibər, bibər
yandırar, odlandırar, odlandırar”sa, durum daha acınacaqlı olmazmı?.. - Deyirəm, görün, necə də təvafüqlükdür - bir öncəki misal N.Qaraibrahimgildən, bu misra isə N.Qaraçuxurludandır… Və Ermənistanın son illərki hoqqalarının, “XL” geyinmə cəhdlərinin mütləq əksəriyyəti Qarabağla bağlı olub… İndi isə qara və dəmir yolları keçəcək Zəngəzur önplana çıxır. Və “XL” geyən Ermənistan nəyi, kimi özləyərək, “iyi şeylər” düşünür, gözləri kimin yolunu və nə məqsədlə gözləyir? - bu barədə təfsilatlı bilgim olmasa da amma dəqiq bilirəm ki, “O”nun “aşk”ı, ehtirası Ermənistana ekstra larç, ekstra larç…

Bax, gör daha nə deyir:
“Onu çok sevmek söyle neye yarar?
Yapıştırırsın o bi daha kırar.
Söyledim, “sana bi şey olmaz” dedi,
Gezindim bulamadım onun gibisini,
Onun aşkı bana ekstra larç”…

Mövsümə, duruma görə dəyişən “O”nu çox sevmək nəyə yarar? - söyləyək: bəli, bəli, yapıştırarsan, yapışdırarsan, o bir daha qırar. Və söylənər Ermənistan söylənməyinə də, “sana bi şey olmaz” deyər “O” - Amerika. - Sırağagün Fransa, öncələr Rusiya dediyi kimi… Qullanar yəni; yəni qullanılmalı qullanılmalıdır…

Uzaqlarda gəzinmək-zad gərək deyildi, əslində; əslində, Ermənistanın nicatı çox-çox yaxınındaydı, (Tanrı ağzımı əyməsin) ona şah damarından daha yaxınıydı… Hələ də şah damarından daha yaxın…
Yoxsa, Ermənistan ən yaxınındakına da “Onun aşkı bana ekstra larç”mı deyər?..

Sonda bir sual vermiş və bir dəqiqləşdirmə aparmış olaq:

Ermənistan, sənin yaşın kaç?..

Bütün “aşk”lar sana “ekstra larç”, “ekstra larç”… Sən hələ böyüməliydin, alınmadı… Saçını çox tez kəsdirdin…
Belə!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR