Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri birgə bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Bəli, tarixi anlaşmanın əldə olunduğunu demək olar. İki düşmən ölkə nəhayət, sülh imzalamağa prinsipial razılıqlarını bəyan ediblər, hətta Ermənistan rəsmiləri saziş layihəsindəki 17 maddənin hamısının razılaşdırıldığını bildirib, Bakı da təsdiqləyib.
Amma və lakin...Biz Ermənistana nə qədər etibar edə bilərik? Təqribən iki əsr əvvəl böyük güclərin yürütdüyü siyasət nəticəsində Azərbaycanın tarixi ərazilərində yaşamaq imkanları əldə edən haylar sonradan boğazımıza ilan kimi dolanmadılarmı? İrəvan xanlığının ərazisində çoxaldıqca bu bölgəni türksüzləşdirmək xəttini yürüdən daşnaklar uşaq, qadın, qoca demədən qılıncdan keçirmədilərmi, qurşuna hədəf etmədilərmi, borulara, quyulara diri-diri doldurmadılarmı?
Azərbaycan Xalq Cümhuriyyəti 1905-ci ildə və 1918-ci ilin elə bu mart ayında törədilən müsibətlərin, soyqırım aktlarının ardınca İrəvan şəhərini ermənilərə güzəşt edərkən qarşı tərəf bir daha Azərbaycana qarşı iddialar irəli sürməyəcəyi vədini verməmişdimi? Üstündən heç günlər keçməmiş daşnak ordusu Qarabağda, Zəngəzurda, Göyçədə, Şamaxıda, Bakıda, Qubada... həmvətənlərimizi qanına qəltan etmədimi?
Cümhuriyyətimizin süqutundan sonra Zəngəzurun qərb hissəsini və digər ərazilərimizi havadarlarının köməyi ilə 9 min kvadratkilometrlik tanınmamış Ermənistana calayıb, daha 20 min kv.km əraziyə sahiblənmədimi? “Sovet ailəsi” adına faşizmlə müharibə apardığımızdan az sonra kütləvi deportasiya qərarı verilmədimi? 80-ci illərin sonlarında isə sonuncu 300 min nəfərimizi öz yurdlarından qovub, Qarabağımızdakı fəlakətlərə, işğala başlamadılarmı? Bunları unutmağa haqqımız yoxdur. Dövlət başçısı da hər dəfə bunu bəyan edir ki, tariximizi, başımıza gətirilən fəlakətləri unuda bilmərik. Erməni və erməniçilik dediyində nə zaman səmimi olub ki, bu dəfə də olsun. Ona görə də sevinməyə tələsməməli, ehtiyatımızı əldən verməməliyik. Nə vaxtsa yaddaşıma həkk olunmuş bir deyib var: türkün sözünə, ingilisin, imzasına inan, erməninin nə sözünə, nə özünə, nə də imzaladığı sənədə etibar etmə!
2020-ci ildə Ermənistanın baş naziri kapitulyasiya aktına imza atdı.
Sonradan özü də etiraf etdi ki, əgər 10 noyabr gecəsi o sənədi imzalamasaydı, 25 min hərbçi mühasirəyə düşəcək, itkiləri 3-4 dəfə artıq olacaqdı. Amma bu günə qədər həmin sənədin son bəndini icra etməyib, Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqə təmin edilməyib. “Biz sülh müqaviləsini imzalamağa hazırıq” deməklə deyil ki...Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da xatırlatdıb: Ermənistan Konstitusiyasını dəyişdirməklə bağlı addımlar atmalıdır. Azərbaycan Prezidenti hələ xeyli müddət əvvəl əsas şərtini irəli sürüb: Ermənistan Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu konstitusiyasını və normativ hüquqi aktları dəyişdirməsə, imzalanan sülhün hər hansı mənası olmayacaq! Dövlətimizin başçısı Ermənistanı və Paşinyanı hamıdan yaxşı tanıyır.
Paşinyan o şəxsdir ki, yeni hakimiyyətə gələrdən İlham Əliyevlə ayaqüstü təmas üçün əldən-ayaqdan gedirdi. Amma sonradan cığızından necə çıxdısa, qanunsuz olaraq Qarabağa gələrək torpaqlarımızı “Ermənistan ərazisi” elan etdi.
Həmin adam indi də deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. İndi hansını ürəkdən və ya səmimi şəkildə deyir, demək çətindir. Sadəcə vəziyyətə uyğun olaraq bəyanatlarının rəngini və ritorikasını dəyişir. Beləsinə etibar etmək olarmı? Digər tərəfdən kimsə təminat verə bilməz ki, Paşinyanın sülh müqaviləsini imzaması halında Ermənistanda növbəti terror aktları həyata keçirilməyəcək, xarici qüvvələrin buradakı cəsus şəbəkələri hərəkətə keçməyəcək...Görmürsünüzmü, Bakı və İrəvanın sülh bəyanatlarından sonra yerbəyerdən “biz də burdayıq”, “alqışlayırıq”, deyənlər peyda olublarla, hətta tez-tələsik təyyarəyə minib bölgəmizə uçanlar da var...Onların bölgə ilə bağlı planları var və Bakı ilə İrəvanın ikitərəfli anlaşması həmin planları zibil qabına atmış olur.
Prezident İlham Əliyev Qlobal Bakı Forumunda Ermənistanın silahlanması, Avropa İttifaqının bu ölkədəki kəşfiyyatçıları barədə müfəssəl məlumatlara malik olduğunu dedikdən sonra düşmən və havadarları həyəcanlandılar. Cəmi bir neçə saat sonra İrəvan sülhə hazır olduğunu bəyan etdi. Dedilər, biz də “inandıq”. Sülhə hazır olan ölkə millətinin boğazından kəsib, Hindistanın ən böyük silah alıcısına çevrilərdimi? Yaxud Fransadan hərbi texnika, döyüş maşınları və silahların növbəti partiyası, SEZAR qurğuları ilə bağlı anlaşmanın adını nə qoyaq? Sülhə “töhfə”? Məhz bütün bunlara görə cənab Prezident Bakı Forumunda Ermənistanın məkrli siyasətini ifaş etdi. Bu, mühüm platformadan səslənən reallıqlar təsirsiz qalmadı.
Aprel ayında mülki şəxslərin səfərbərliyini həyata keçirməyə hazırlaşan Ermənistan “val”ı dəyişdi və sülhə hazır olduğunu açıqladı. Amma Ermənistanın özünü sülh göyərçini kimi qələmə verməsi, əslində isə həm diplomatik müstəvidə Azərbaycana qarşı həmlələrini davam etdirməsi danılmaz faktdır. Yuxarıda bəzi xatırlatmalar etdik. Bundan əlavə, Ermənistan rəsmilərinin səfərləri və apardıqları danışıqlar, Avropa Parlamenti, Belçika, İsveçrə parlamentində qəbul olunmuş sənədlər, ölkənin müdafiə nazirinin az qala hər gün bir ölkəyə səfəri, hərbi anlaşmaların imzalanması sülh haqqında iddiaların sadəcə müharibəyə hazırlıqları pərdələmək üçün ortaya atıldığı qənaətini yaradır. Sülhə hazır olan ölkə sülh bəyanatı verdiyi gün Ruben Vardanyanla bağlı Beynəlxalq Məhkəməyə Azərbaycandan şikayət etməzdi. Düzdür, cavabını aldı, amma söhbət cəhddən gedir. Sülh dediyin nədir, çuğulluq etdiyin nə?! Vardanyan və digərlərinin Azərbaycan ərazilərində törətdikləri Bakıdakı məhkəmə prosesində açıqlanır, etiraflar səslənir. Bunu necə danmaq olar?
Ermənistan sülh istəyirsə, Azərbaycanın tələblərinin nəzərə almalı, əməli addımlar atmalıdır. Əgər Paşinyan indiki vəziyyətdə də Qərbi azərbaycanlıların – hansı ki, Ter-Petrosyan onların qovulduğunu şəxsən etiraf edib və bu barədə videofakt ortadadır – öz yurdlarına ləyaqətli qayıdışına, Zəngəzur dəhlizinin açılmasına müavimət göstərmək istəyirsə, Minsk Qrupundan dərhal imtina etmək niyyətində deyilsə və bu ölü “üçlüy”ü diriltməyə çalışırsa, Avropa İttifaqının kəşfiyyatçı dəstələrini ölkədən çıxartmaq cəsarəti göstərmirsə, konstitusiyadakı ərazi iddialarını çıxartmaq üçün dərhal referendum qərarı vermirsə, onda dildə sülh bəyanatları sadəcə nağıldır. Nikol Paşinyan seçkiqabağı hakimiyyətinin ömrünü uzatmağı daha çox düşünür, buna görə də havadarlarının dəstəyi ilə hansısa istiqamətdə Azərbaycan ərazilərinə sızma təşkil etməyə çalışır. Şərti sərhədlər boyunca hərbi aktivlik, tunel və səngərlərin qazılması, vaxtaşırı törədilən təxribatlar, hərbui texnika və şəxsi heyətin cəmlənməsi faktları savaş hazırlığı mənası verir, sülh yox! Rəsmi İrəvan şərti sərhədlər boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdlr, Konstitusiyasında dəyişikliklər etməklə bağlı qərar verməlidir, Zəngəzur dəhlizini dərhal açılmalıdır! Digər tərəfdən, avtobus və velosipedlə səyahətə çıxmaqla gündəmdə qalmağa çalışan Paşinyan Ermənistan cəmiyyətinə anlatmalıdır ki, real Ermənistan qurmağın yolu sülhdən keçir, müharibədən yox!
Bu arada, Avropa İttifaqı bəyan edib ki, Azərbaycan və Ermənistanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı verdiyi müvafiq bəyanatları alqışlayır.
Alqışınız lazım deyil, 2027-ci ilədək Ermənistanda saxlamağa qərar verdiyiniz binokllu kəşfiyyatçılarınızı çıxarıb, aparın! Sülhü pozan qüvvələrin alqışı lazım deyil! Ermənistan rəhbərliyi doğrudan da sülhə hazırdısa, buyursun, Aİ missiyasına “çıxın, gedin”, desin. Necə olur, rusları Zvartnotsdan, İranla sərhəddən çıxara, Rusiyanın patronajlığı altında mövcud olan təşkilatlarda özünü dondura bilir, sülhə problem yaradan avropalı casusları ərazisindən çıxara bilmir? Azərbaycan Prezidentinin xəbərdarlıqlarını bir daha oxusunlar...
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ