İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan şokda: pulunu verdiyi silahları ala bilmir

Hindistanın məğlubiyyəti İrəvanın ümidlərini tarmar edib

Hindistan Ermənistan Müdafiə Nazirliyi ilə 1,5 milyard dollarlıq müqavilələrin icrasını dayandırıb. Bu barədə erməni mənbələri xəbər verib. Bildirilir ki, xüsusilə “Bharat Electronics Limited”dən bildirilib ki, şirkət “Akash” hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasının göndərilməsini təxirə salacaq. Səbəb kimi “daha vacib məsələlər” göstərilir - məsələn, Pakistanla gərginlik və s.

Bundan az əvvəl Rusiya Ukraynadakı işğalçı müharibə səbəbindən silah tədarükü ilə bağlı “fikrini dəyişmişdi”, baxmayaraq ki, Ermənistanın avans da ödəmişdi. Həmçinin fransız özüyeriyən “Sezar” silahları və radarlar hələ ki Ermənistana gəlib çıxmayıb, Avropa Sülh Fondu pul ayırmayıb, vəd versə də, çünki yeni müharibədən ehtiyat edir. Beləcə, Avropa Birliyinin 10 milyon avroluq vədi də vəd olaraq qalıb.

Bəs silah tədarükündə fasilələr nə qədər çəkə bilər? Ümumiyyətlə, Ermənistana hücum silahları, ordu lazımdırmı?

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Polkovnik Rövşən Məhərrəmov burada bir sıra səbəblər görür: “Hindistanla Pakistan arasında qısamüddətli olsa da, böyük savaş baş verdi. Pakistanın hava qüvvələri Hindistanın hava hücumundan müdafiə sistemlərini sərhəd ərazidə məhv etdi. Demək olar ki, hamısı sıradan çıxarıldı. Görünən odur ki, Hindistan öz hərbi arsenalını daha da gücləndirmək məqsədilə həmin sistemləri özündə istifadə etmək istəyir. 1.5 milyard dollarlıq müqavilənin müddətinin uzadılması məsələsi həm siyasi, həm də son müharibənin nəticəsi ola bilər. Bilirsiniz ki, Pakistan Hindistan üzərində qələbə qazandı. Bu qələbə çox möhtəşəm bir qələbə idi. Pakistan qısa müddət ərzində Hindistana ciddi zərbələr endirdi. Bu zərbələr nəticəsində hava hücumundan müdafiə sistemlərinin növbəti etapının göndərilməsi təxirə salına bilər. Burada əsas məqsəd öz arsenalında vəziyyəti tam yaxşılaşdırmaqdır”.

Onun sözlərinə görə, ermənilərin belə hücum silahları əldə etməsi Cənubi Qafqazda gərginliyi artırır: “Bəzi dövlətlər bunun əleyhinədir. Fransa Ermənistan üzərindən Cənubi Qafqazda maraqlarını gücləndirmək istəyir. Ermənistanın son zamanlar siyasətinin dəyişməsi də göz qabağındadır. Bir müddət Ermənistan Rusiya əleyhinə qəti şəkildə etirazlar etdi, onun siyasətini dəstəkləmədiyini açıq formada bəzən büruzə verirdi. Amma son günlərdə Ermənistanın Rusiyaya necə yaxınlaşdığı diqqətdən qaçmır. Bu da öz rolunu bu məsələdə oynamamış deyil. Ermənistanın dostu Fransa da görür ki, bunların ciddi bir siyasəti yoxdur.

Bu gün Rusiya ilə Fransa arasında Ukrayna və digər məsələlərlə bağlı gərginlik yaşanır. Ermənistanın xarici siyasətdəki dəyişkənliyi 10 milyon avroluq dəstəkdən də onu məhrum edə bilər. Avropa Birliyi Ermənistana o qədər də etibar etmir. Bu gün Azərbaycan tərəfindən Ermənistana heç bir təhlükə yoxdur. Sadəcə, rəsmi Bakının tələbləri var. Sülh müqaviləsinin bağlanması istiqamətində Azərbaycan tərəfi irəli sürdüyü tələblərin yerinə yetirilməsinə çalışır.

Ermənistanın hazırkı hakimiyyəti o tələbləri yerinə yetirməlidir ki, sülh müqaviləsi əldə olunsun. Əgər bu müqavilə əldə olunsa, Cənubi Qafqazda hər an gözlənilən gərginlik də aradan qalxa bilər. Cənab Prezident təklif etdi ki, tərəflər arasında danışıqlar birbaşa aparılsın, yəni üçüncü dövlət burada iştirak etməsin. Ermənistanın silahlanması onun özü üçün bir təhlükədir. Çünki Ermənistan bir milyard dollarlıq silah əldə edirsə, Azərbaycan tərəfi bundan üç qat artıq silah əldə etməyə qadirdir. Ermənistan bu barədə diqqətlə düşünməlidir".

NATO təqdim edilən qədər güclü deyilmiş - Səxavət Məmməd yazır

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Rusiyanın Ukraynada apardığı müharibəyə görə ruslar silah müqavilələrini icra edə bilmirlər: “Rusiya Ermənistana verməli olduğu silah və mərmiləri verə bilmir. Hətta bununla bağlı iki ölkə arasında sözlü atışma da olmuşdu. Ermənistan Rusiyadan verilməli olan sursatları tələb edirdi. Ermənistan indiki məqamda eyni aqibətlə üzləşmə təhlükəsi ilə qarşı-qarşıyadır. Çünki Hindistanın özü də böyük münaqişə ilə üz-üzədir. Pakistanla toqquşma Hindistanı bir qədər fərqli davranmağa sövq edir. Ancaq Pakistanla Hindistan arasında toqquşmalar səngidiyi üçün Hindistan tərəfi Ermənistana silah verməkdə o qədər də çətinlik çəkməyəcək. Çünki silahı bir şəkildə təhvil verə bilərlər, ancaq Hindistan özü böyük müharibəyə girərsə, sursat verə bilməyəcək. Ermənistanın ən böyük çətinliyi indiki mərhələdə sursatla bağlıdır. Düzdür, Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib”.

Ekspertə görə, nəzərə almalıyıq ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və imzalanması da yaxın zamanda gözlənilmir: “Ona görə də hər iki ölkə silahlanmaya gedir. Bundan əlavə, Ermənistan daxilində bəzi qruplar, bundan əlavə, kənar güclər Qarabağ məsələsini yenidən diriltmək niyyətindədir. Ona görə də Ermənistanın silahlanmasını həyata keçirirlər. Ermənistanın silahlanması isə ciddi təhdid yaradır. Məsələ Ermənistanın güclənib yenidən Azərbaycan ərazisini işğal etmək deyil. Böyük müharibə təhlükəsidir. Nəzərə almaq lazımdır ki, həm Ermənistan, həm də Azərbaycan hərbi xərclərini rekord həddə çatdırıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR