Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə səfəri beynəlxalq aləmin diqqət mərkəzindədir. Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla Ukrayna-Rusiya arasındakı müharibənin gedişatı, taxıl dəhlizi kimi məsələlər barədə fikir mübadiləsi aparıb. Görüş zamanı bir sıra sənədlər, o cümlədən silah təchizatı ilə bağlı müqavilələr imzalanıb.
Maraqlıdır ki, təxminən eyni vaxtda Ermənistan Rusiya sərhədçilərini ölkədən çıxarmaq barədə düşünür və bu istiqamətdə bəzi addımlar atır, Azərbaycan isə Rusiya baş nazirini qəbul edir və onunla bir sıra müqavilələr imzalayır.
Cənubi Qafqazda geosiyasi haçalanmaların getdiyi bir zamanda Türkiyənin 2 önəmli rəsmisi – MİT başqanı İbrahim Qalın və Xarici İşlər naziri Hakan Fidan ABŞ-da səfərdədir. Səfər çərçivəsində Ukrayna və Cənubi Qafqaz məsələlərinin də müzakirə edildiyi bildirilir.
Nələr baş verir? Azərbaycan getdikcə Qərbdən və dolayısıyla Türkiyədən uzaqlaşır, Ermənistan isə əksinə ona yaxınlaşır?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz bu iddiaların doğru olmadığı qənaətindədir. Onun fikrincə, Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz 2 qardaş, strateji müttəfiqdir: “Hər iki dövlətin ortaq milli hədəfləri və böyümə strategiyaları var. Türkiyə Cənubi Qafqaza və Orta Asiyaya yönəldiyi təqdirdə böyük dövlət ola bilər. Azərbaycan isə Türk Dünyası Təşkilatına öz təhlükəsizliyinin və iqtisadi inkişafının, dünya dövlətləri sırasında layiq olduğu yeri tutmaq imkanının qarantı kimi baxır. Bu mənada hər iki dövlətin məlum cizgidən uzaqlaşmaq kimi alternativi yoxdur”.
Hər bir dövlətin strateji hədəfləri kimi, taktiki siyasi gedişlərinin ola biləcəyini düşünən siyasi şərhçi rəsmi Bakının son zamanlar Rusiya ilə münasibətlər qurmağa çalışmasını da bu kontekstdən qiymətləndirir: “Yəni Rusiya ilə imzaladığımız bəzi sazişlər sırf taktiki məqsəd daşıyır. Türkiyə ilə münasibətlərimiz isə strateji maraqlarımızdan irəli gəlir. Odur ki, bu iki dövlətlə əlaqələrimizi müqayisə etmək, eyni tərəziyə qoymaq mümkün deyil; Rusiya bizim qonşumuz, Türkiyə isə qardaşımız, ailə üzvümüzdür. Qonşularla münasibət ailə maraqlarından üstün ola bilməz. Təsadüfi deyil ki, İlham Əliyev son prezident seçkilərindən sonra ilk səfərini də məhz Türkiyəyə etdi, Azərbaycanın yeni dövrdə daha qərarlı şəkildə Türk Birliyinə yönələcəyinin siqnalını vermiş oldu”.
Bəs, Azərbaycanın indiki kritik bir zamanda Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq kimi taktiki addımlara nə ehtiyacı var?
Üstəlik, Rusiya baş naziri Mixail Mişustin ilə bağlanan müqavilələrdən bir çoxları iqtisadi əməkdaşlığı gücləndirmək xarakteri daşıyır. ABŞ və Qərb dövlətlərinin Rusiya ilə iqtisadi əməkdaşlığa yönələn ölkələrə sanksiyalar tətbiq etdiyi bir zamanda Azərbaycanın bu addımları riskli deyilmi?
Heydər Oğuzun fikrincə, 2 ildir davam edən Ukrayna-Rusiya müharibəsi zamanı Azərbaycan ABŞ və Qərbin həssasiyyətlərini nəzərə almış və şimal qonşumuza sanksiya altında olan strateji məhsullar verməmişdir: “Bu məqam Qərb dövlətləri tərəfindən də dəfələrlə etiraf olunmuşdur. Bu gün özünü Qərbpərəst kimi göstərməyə çalışan Ermənistanın çox sayda şirkətləri Rusiyaya qadağan olunan avadanlıqlar ixrac etdiyinə görə sanksiyalara məruz qalsa da, Azərbaycan heç bir zaman bənzər ittihamlarla üzləşməmişdir. Bu fakt onu göstərir ki, rəsmi Bakı Rusiyaya nə verib nə alacağını bilir”.
Azərbaycanın hansı səbəbdən Rusiya ilə yaxınlaşma sualına gəlincə, Heydər Oğuz bunun bir neçə səbəbi ola biləcəyinə inanır: “İlk və başlıca səbəb erməni lobbilərinin təsiri ilə Qərb dövlətlərinin ölkəmizə qarşı haqsız tutumlarıdır. Bilirsiniz ki, Ordumuzun ötən ilki 23 saatlıq əməliyyatından sonra Avropa İttifaqının bəzi ölkələri bizə qarşı sərt mövqe sərgilədi. Fransa açıq şəkildə ermənilərin tərəfində dayandı. Alman deputatları Azərbaycanın AŞPA-da fəaliyyətinin dondurulması məsələsini gündəmə gətirdi və sözügedən qurum bu təxribatçı təklifi qəbul etdi. Başda Cozef Barrel olmaqla bir sıra Avropa rəsmiləri ölkəmizə qarşı ədalətsiz və qərəzli bəyanatlar verdilər. Azərbaycan da bu təhdidlərə cavabən “siz də alternativsiz deyilsiniz” mesajını verməyə çalışır və bəzi addımlarla bunu əyani şəkildə göstərir”.
Bununla belə, Rusiya Baş naziri Mixail Mişustinin Bakıya səfəri çərçivəsində iki dövlət arasında bağlanan müqavilələrin siyahısına baxanda Qərbin sanksiyalarına məruz qala biləcəyimiz hər hansı müqavilənin imzalanmadığını bildirən siyasi şərhçinin fikrincə, bu sənədlər əsasən enerji, nəqliyyat, sənaye, mədəni və humanitar sahələri əhatə edir: “Yəni biz Rusiyanın hərbi qüdrətini artıracaq hər hansı məhsulu ona satmayacağıq. Enerji hasilatçısı ölkə kimi, Rusiyadan neft və qaz da alası deyilik. Enerji sahəsində işbirliyimiz yalnız o ola bilər ki, Rusiyadan ucuz qiymətə aldığımız qazı özümüz istifadə edək, öz qazımızı isə Avropaya göndərək. Bu isə nə G-7 ölkələrinin Rusiyadan enerji məhsulları almaq barədə təlimatlarına, nə də Avropa İttifaqının qanunvericiliyinə ziddir. G-7 təlimatlarına əsasən, bəzi dövlətlər Rusiyadan normal qiymətlərin 60%-i çərçivəsində enerji məhsulları ala bilərlər. Məsələn, Hindistan Rusiyadan bu qiymətlər çərçivəsində enerji məhsulları alıb onu mayeləşdirərək və ya istehsal prosesindən keçirərək sənaye məhsulu qismində Avropaya satır.
Aİ qanunvericiliyi də buna icazə verir və inhisarçılığın qarşısını almaq məqsədilə sadəcə hasilatçı dövlətdən birbaşa neft və qaz almağı qadağan edir. Yəni Aİ-nin müvafiq qanunlarına əsasən, hasilatçı başqa, enerji ötürücü şirkət başqa olmalıdır. Zatən Rusiya ilə Avropa arasında əsas problem Rusiyanın qazını və neftini istifadəçiyə birbaşa özü tərəfindən ötürülməsi səbəbindən çıxmışdı. Bu mənada Azərbaycanın Rusiyadan qaz alıb Avropa ölkələrinə nəql etməsi bu qaydalara uyğundur və Avropanın da hazırda enerji ehtiyatlarına ciddi ehtiyacı var”.
Heydər Oğuzun fikrincə, Mişustinin səfəri zamanı Rusiya ilə Azərbaycan arasında bağlanan müqavilərlərdə əsas diqqəti cəlb edən məsələ Cənub-Şimal dəhlizi ilə əlaqədar nəqliyyat sazişləri olub: “Bu da Hindistan və digər Asiya ölkələrinin mallarının İran üzərindən keçərək Azərbaycana, bizdən isə Rusiyaya nəqlini nəzərdə tutur. Hazırda Ermənistanın əsas silah təchizatçısı kimi çıxış edən Hindistanı və İranı özümüzə bağlamaq üçün bu sazişə ehtiyac var idi. Çünki Azərbaycana özünün iqtisadi marşrutu kimi baxan Hindistan və İran bu kommunikasiya əlaqələrinin pozulmaması üçün ermənilərin silahlandırılmasına daha ehtiyatla yanaşacaqlar”.
Həmsöhbətimiz hesab edir ki, Rusiya ilə bağlanan müqavilələr arasında əsas təhlükəli məsələ humanitar sahələrlə bağlıdır. Bu da Qərb ölkələrindən daha çox bizim milli maraqlarımızı təhdid edir: “Bilirsiniz ki, Azərbaycanda xeyli sayda rusdilli məktəblər fəaliyyət göstərir. Rusdilli əhali amili isə Moskvanın təcavüzkar siyasəti üçün əsas bəhanələrindən biridir. Hesab edirəm ki, Azərbaycan bu təhdidləri diqqətlə nəzərdən keçirəcək və müqavilə bağlanmasına baxmayaraq, rusdilli məktəbləri məhdudlaşdıracaq. Elm və Təhsil naziri Emin Əmirullayevin dəfələrlə rusdilli məktəblərdə təhsilin keyfiyyətsizliyi barədə açıqlamalar verməsi rəsmi Bakının da əslində bunun fərqində olduğunu göstərir. İnanıram ki, ölkə rəhbərliyi gənc nəslin daha sanballı təhsili və rus təcavüzkarlığının beşikdəcə boğulması strategiyalarını nəzərə alıb bu məsələyə daha ciddi yanaşacaq”.
Məhz son amildən çıxış edən Heydər Oğuz Rusiyaya yaxınlaşmağımızın ikinci səbəbini Moskvanın təzyiqləri ilə əlaqələndirir. 44 günlük müharibə ərəfəsində və sonra Rusiyanın ciddi təzyiqlərinə məruz qaldığımızı bildirən həmsöhbətimiz xatırladıb ki, hətta 44 günlük savaş dövründə rus hərbi gəmiləri Bakının 10 km-liyə qədər gəlmişdi və Azərbaycan bir də onlarla uğraşmamaq üçün üçtərəfli bəyanatı imzalamağa məcbur olmuşdu: “Bənzər təzyiqlərin bu gün də davam etməsi mümkündür. İstisna deyil ki, hakimiyyət prinsipial əhəmiyyət daşımayan bəzi məqamlarda Rusiya ilə razılaşır”.
Bununla belə, siyasi şərhçi rəsmi Bakının Moskvaya taktiki yaxınlaşmasının uzun sürməyəcəyi qənaətindədir: “Çünki strateji müttəfiqimiz Türkiyə son zamanlar ABŞ-la münasibətlərini xeyli normallaşdırıb. Sizin də qeyd etdiyiniz kimi, Türkiyə Xarici İşlər naziri Hakan Fidanın və MİT Başqanı İbrahim Qalının ABŞ-a son səfəri bununla bağlıdır. Türk rəsmilərinin ABŞ səfəri çərçivəsində bir sıra məsələlərin masaya yatırdıqları təxmin olunur. Bunları belə sıralamaq olar:
1) Ukrayna məsələsi;
2) Ermənistan-Azərbaycan gərginliyi;
3) F-16-ların Türkiyədə istehsalı və ortaq müdafiə sənayesinin qurulması;
4) Terrorizmlə mübarizə və s.
Hesab edirəm ki, ABŞ və Türkiyə yetkililərinin masaya yatırdıqları güman olunan bu məsələlərdən bəziləri birbaşa bizi də ilgiləndirir. Xüsusilə də Azərbaycan-Ermənistan gərginliyi və F-16 məsələsi”.
Azərbaycan və Ermənistan arasında gərginlikdə Türkiyənin mövqeyi hər kəsə məlum olduğundan Heydər Oğuz daha çox F-16-lar məsələsi üzərində dayanmağı məsləhət gördü. Onun fikrincə, burada söhbət sadəcə Türkiyəyə F-16 satışından da getmir: “Ankara ona satılacaq F-16-ların Türkiyədə istehsalında maraqlıdır. Əslində bu, ABŞ-ın da maraqlarına uyğundur. Məlumata görə, F-16-ların istehsalçısı olan “Lockheed Martin” şirkəti ayda cəmi 2-3 təyyarə istehsal edə bilir. Hazırda onun əlində 150-yə yaxın F-16 sifarişi var. Türkiyə isə 40 F-16 istəyir. Bundan əlavə, arsenalındakı 79 ədəd F-16 təyyarəsi də modernləşdirilməlidir. Sözsüz ki, 200-dən artıq sifarişin qarşılığında 2-3 təyyarə istehsalı ilə Türkiyəyə növbənin nə zaman gələcəyi bilinmir. Türkiyəyə və rus təhlükəsindən sığortalanmağa çalışan digər ölkələrə isə bu təyyarələr təcili lazımdır. Bu da istər-istəməz həmin təyyarələrin Türkiyədə montaj və istehsal olunması zərurəti yaradır”.
Hələ 1980-ci illərdən 2000-ci illərə qədər Türkiyəyə və Yaxın Şərq ölkələrinə verilən F-16-ların qardaş ölkədə montaj edildiyinə diqqət çəkən Heydər Oğuz bunun yeni ortaya çıxan ideya olmadığını vurğuladı. Onun fikrincə, yenə də eyni təcrübələrdən yararlanıla bilər.
“Üstəlik, bəzi bilgilərə görə, ABŞ-da aparılan danışıqlarda KAAN kimi öz milli təyyarələri üçün də ehtiyacı olan motorların da Türkiyədə istehsalı masaya yatırılıb. Söhbət F-110 motorlarından gedir. Bu sözdələşmə baş tutarsa, Türkiyə 5-ci nəsil təyyarələrinin istehsalçısına və Rusiya təcavüzünə qarşı silahlanan region ölkələrinin əsas təhcizatçısına çevriləcək. Son zamanlar öz arsenalındakı MİQ və SU tipli təyyarələrdən yaxa qurtarmaq istəyən, hətta bunun üçün Pakistanla 1.5 milyard dollarlıq müqavilə bağlayan Azərbaycan da gələcəkdə öz hərbi təyyarələrini Türkiyədən alacaq”, - deyən Heydər Oğuz hesab edir ki, bu strateji hədəflərimiz reallaşana qədər Rusiya ilə münasibətlərimizi tənzimləyən taktiki gedişlərə ehtiyacımız var. Və Azərbaycanla Rusiya arasında nəzərə çarpan yaxınlaşma da bu qəbildəndir: “Üstəlik, onu da unutmamalıyıq ki, bəzən müqavilələr həyata keçirilmək üçün bağlanmır. Müqavilələr həm də dövlətlərə daha yaxşı variantlar əldə etmək üçün vaxt qazandırmaq üçün lazımdır”.
E.Məmmədəliyev,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ