İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan konstitusiyasını dəyişəcəkmi - “artsax”ın özünü buraxması bunu şərtləndirir

Çingiz Qənizadə: “Sülh sazişi imzalanacaqsa, Ermənistanın konstitusiyasında və gerbində dəyişiklik edilməlidir”

Nəhayət ki, Azərbaycan ərazisində suverenliyimizin mövcud olmadığı “boz zona” qalmadı. Sentyabrın 20-də dövlətimiz 24 saatlıq antiterror tədbirləri ilə bu problemə də nöqtə qoydu. Bunun məntiqi nəticəsi kimi, uydurma qurum sentyabrın 28-də özünü buraxdığını elan etdi.

Ancaq məsələ ondadır ki, 1995-ci ildə qəbul olunmuş və hazırda qüvvədə olan Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın Müstəqillik Aktına istinad edilir, Müstəqillik Aktında isə keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəa var. Yəni “Ermənistan ərazisi” deyəndə indiki konstitusiya təkcə 29.8 min kv/km-lik Ermənistan SSR deyil, həm də 4.4 min kv/km-lik keçmiş DQMV-i özündə ehtiva edir.

Odur ki, sual yaranır: s"arsaq" buraxılandan sonra Ermənistan öz konstitusiyasına düzəliş edəcəkmi? Onsuz da o, uzağı, sülh müqaviləsi parlamentdə ratifikasiya ediləndən sonra dəyişməlidir. Çünki bu sənəd Ermənistan konstitusiyasına daban-dabana ziddir. Rəsmi İrəvanın qərarı nə olacaq?

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Qarabağda 24 saatlıq lokal-antiterror tədbiri və onun nəticələri Cənubi Qafqaz regionunda daimi sülhün bərqrərar olması üçün müstəsna əhəmiyyətə malikdir: "Azərbaycan ərazisində artıq separatçı rejimin aradan qaldırılması Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonra normallaşması, sülh sazişinin imzalanması üçün yeni müsbət şərait meydana gətirib. Azərbaycan sülh müqaviləsini imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistanın baş naziri dövlətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib, lakin sülh müqaviləsini imzalamaq məsələsini İrəvan uzadır. Azərbaycan Prezidenti bəyan edib ki, biz erməni xalqı ilə düşmənçilik etmirik, bizim ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda - bu gün biz bunların hamısını nümayiş etdiririk. Azərbaycan dövlətinin başçısının dünən bəyan etdiyi bu fikirləri bir daha göstərdi ki, Azərbaycan Ermənistanla, erməni xalqı ilə sülh şəraitində yaşamaq istəyir. Ancaq Ermənistan tupikə dirənməsinə baxmayaraq sülh sazişini imzalamaqdan yayınır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə və sülh sazişi imzalanması bunu rəsmiləşdirəcəksə, deməli, mütləqdir ki, Ermənistan buna müvafiq olaraq da öz konstitusiyasında dəyişiklik etsin”.

Ç.Qənizadə qeyd etdi ki, Qarabağda erməni separatçı rejiminin və Ermənistan silahlı birləşmələrinin qalıqlarının mövcudluğu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmasına ən ciddi maneə idi. Bu maneə artıq aradan qaldırılıb: “Bundan sonrakı mərhələdə Ermənistan istəsə, sülh sazişini çox tezliklə imzalayar. Münasibətlərin normallaşması, əlaqələrin qurulmasına maneələrdən biri Ermənistanın konstitusiyasının preambula hissəsində istinad edilən Ermənistanın Müstəqillik Aktında keçmiş DQMV-nin Ermənistana birləşdirilməsi haqda müddəanın olmasıdır. Ermənistan hakimiyyəti referenduma gedib bu müddəanı ləğv edə bilər və etməlidir. Sülh müqaviləsi imzalanırsa, münasibətlər qurulursa, bu addım atılmalıdır. Çünki bu addım atılmasa, Azərbaycan deyə bilər ki, Ermənistan konstitusiyasının preambula hissəsində istinad olunan sənəddə Ermənistan Azərbaycana ərazi iddiasındadır. Amma məsələnin bir tərəfi bundan ibarətdir ki, "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı qurum və ərazi mövcud deyil. Ermənistan istisna deyil ki, məsələnin məhz bu tərəfini bəhanə edə bilər ki, konstitusiyasında dəyişiklik etməkdən yayınsın. Ümid edirik ki, sülh sazişindən sonra Ermənistan həm konstitusiyasında dəyişiklik edəcək, həm dövlət gerbində dəyişiklik edəcək və beləliklə qonşularına qarşı iddialardan əl çəkəcək".    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR