İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan intihar yolunda - Qərbin təhlükəli vədləri

Siyasi şərhçi: “İrəvanın cəzalandırılması prosesinə uzaqdan tamaşa edəcəklər”

Ermənistan güc mərkəzləri arasında təhlükəli oyunu ona baha başa gələ bilər. Ən azından bunu Rusiyadan onun ünvanına artan təhdid və mesajlardan bilmək olar.

Təəssüf ki, Nikol Paşinyan hökuməti vaxt itirmədən qonşu Azərbaycan və Türkiyənin ədalətli şərtlərini qəbil edib dinc-yanaşı, rifah içində yaşamaq əvəzinə, faktiki 44 günlük savaşdan öncəki yanlış kursa qayıdıb. Dildə sülh, barışıq tərəfdarı olduğunu bəyan etsə də, altdan-altdan təzədən silahlanmaq yolu tutub. Yoxsa 2024-cü ildə Ermənistan üçün rekord həcmdə hərbi büdcə (1.4 milyard dollar) və yaxın illərə hesablanmış milyardlarla dollarlıq silah müqavilələri nə üçündür?

Müşahidələr həmçinin göstərir ki, xüsusən də Fransanın “dirijor çubuğu” ilə Azərbaycanla sərhəddə təxribatçı planlar üzərində iş gedir (bu xüsusda hətta Rusiyanın da adı hallanır). 

Beləcə, kapitulyant ölkə əslində özünüintihar yolu tutub. Ancaq İrəvanda unudurlar ki, nə ABŞ başda olmaqla, Qərbin siyasi və təbliğati dəstəyi, nə də onun silahları Ermənistana kömək edəcək. Necə ki, 2-ci Qarabağ müharibədə Rusiya silahları kara gəlmədi.

“Silah ermənilərin nəyinə lazımdır? Məgər onlar döyüşə bilir? Ermənilər ticarəti, qarpız tədarük etməyi bacarırlar. Qoy elə başları çıxdıqları işlə məşğul olsunlar. Məsələn, biz (Rusiya - red.) avtomobil istehsal edə bilmirik, amma alırıq. Ermənilər döyüşə bilmir, ancaq NATO kurslarına gedirlər. Qalib olanlardan öyrənmək lazımdır”. Bunu isə rusiyalı politoloq Stanislav Tarasov söyləyib. 

""Rədd olsun KTMT!", “Rədd olsun Gümrüdəki Rusiya baz

ası!”, “Bizə fransızlar kömək edəcək!” kimi boş şüarlar nəyə lazımdır? Kimi qorxudursunuz? Əgər ermənilər salamat qalmaq istəyirsə, Ermənistanda birinci dövlət dili rus dili olacaq. Yox, siyasi xəritədən silinmək istəyirlərsə, o zaman onların dövlət dili fransız dili olacaq", - Tarasov kinayəli şəkildə bildirib.

S.Tarasov nə dərəcədə haqlıdır? İrəvan doğrudanmı onun üzərindən yeni və daha təhlükəli oyun oynanıldığının fərqində deyil?

Abutalıb Səmədov: “Partiya sədrlərinin hamısı 90-cı illərdə siyasətə  gələnlərdir” 

Abutalıb Səmədov 

Siyasi şərhçi, “Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, qatı ermənipərəst, Azərbaycan düşməni Stanislav Tarasovun söylədikləri son dərəcə ibrətamizdir və reallıqları ifadə eləyir: "Həqiqətən də indiyə qədər elə bir rəy yaratmağa çalışırdılar ki, guya ermənilər çox döyüşkən insanlardır, Qarabağdan çıxan generalların sayı ilə öyünürdülər, hətta guya marşal səviyyəsində olan generallarının olduğunu iddia edərək öyünürdülər. İddia edirdilər ki, guya Azərbaycan torpaqlarını həmin döyüşkən ermənilər tutub işğal ediblər. Lakin 2020-ci ildə 44 günlük müharibə reallıqları, həqiqətin nə olduğunu ortaya qoydu və göstərdi ki, əgər Rusiya ermənilərin yerinə döyüşmürsə, ermənilər heç nəyə qadir olmayan, döyüşə bilməyən qorxaq bir toplumdur. Stanislav Tarasov da bunu deyir və haqlıdır. İkinci maraqlı məqam Tarasovun xəbərdarlığıdır. Nikol Paşinyanın xətti Qərbə güvənmək, Qərbdən kömək gözləmək xətti artıq öz "nəticələrini" verir. Bu bir daha göstərir ki, reallıqları bilməyən, yetişməyən, küçədən gələn siyasətçilər öz dövlətləri üçün nə qədər böyük problemlər yarada bilər. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət, Qarabağda öz təsirini Ermənistanın tədricən itirməsi və son nəticədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tamamilə təmin olunması, ermənilərin Qarabağı tərk etməsi və separatizm məsələsinin ağlımıza gəlməyəcək dərəcədə əlverişli həlli. Bu, təbiidir ki, Azərbaycan Ordusunun, Azərbaycan Ali Baş Komandanının qətiyyəti, düzgün siyasəti nəticəsində əldə olunan uğurlarımızdır. Ancaq onu da açıq şəkildə deməliyik ki, burada mühüm amillərdən biri də Nikol Paşinyanın yeritdiyi son dərəcə yanlış siyasətdir. Bölgədə kimin əsas güc olduğunu unutmaq, qorxaq və satqın Qərbə güvənmək son nəticədə istənilən siyasətçini düzdə qoyur. Bir zamanlar müəyyən qədər biz də bunu yaşadıq. 1992-1993-cü illərdə biz də Qərbə çox güvəndik, biz də ümid edirdik ki, ABŞ, demokratik dünya imkan verməz ki, bizim torpaqlarımız işğal olunsun. Ancaq imkan verdilər və işğalın qarşısının alınması üçün heç əllərini də tərpətmədilər".

A.Səmədovun sözlərinə görə, indi Tarasovun bundan sonra Ermənistanı hətta xəritədən bir dövlət kimi silinmək təhlükəsi gözlədiyi barədə söylədiklərinin reallaşması təbii ki, ilk növbədə Ukrayna müharibəsinin nəticələrindən asılı olacaq: “Əgər Qərb bu siyasətini davam eləsə, Ukraynada Rusiyanı qələbə gözləyir. Bu isə Ermənistan üçün və bütün bölgə dövlətləri üçün təhlükədir. Ukraynada qələbədən sonra Rusiyanın birinci cəzalandıracağı dövlət Ermənistan olacaq. Ermənistanın cəzalandırılması prosesinə Qərb uzaqdan tamaşa edəcək və bir daha göstərəcək ki, bu dövlətlərə güvənmək, onların yardımına ümid eləmək, reallıqları anlamamaq bir dövlətin və xalqın başına hansı fəlakətləri gətirə bilər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR