Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edir ki, prosedur qaydasına görə məhkəməyə müraciət edilə bilər, amma...
Ermənistan Azərbaycana qarşı yenə kəmfürsətlik etdi. Fevralın 28-də sərhədi azıb Ermənistan tərəfə keçmiş əsgərimiz Pənahov Ruslan Eldəniz oğlu haqda bu ölkənin İstintaq Komitəsində dərhal cinayət işi açıldı. Özü də birdən-birə 5 absurd və ağır maddə üzrə.
Həmin maddələrə görə, sanki sərhədi azıb keçən 19 yaşlı bir sıravi Azərbaycan əsgəri deyil, üstündəki qanunsuz silah-sursat arsenalı ilə erməniləri soyqırımına məruz qoymaq, qırıb-çatmaq istəyən bir diversant, faşist və terrorçudur.
Bu növbəti, heyrətamiz həyasızlıq həm də Almaniyada böyük fasilədən sonra sülh danışıqlarının yeni raundunun başladığı günə təsadüf etdi. Halbuki analoji hallarda Bakı dəfələrlə və dərhal erməni hərbçilərini geri qaytarıb.
Gözlənilən idi. Tarixi düşmənimizdən fərqli, insani davranış gözləmək sadəlövhlük olardı. Yəqin ki, erməni tərəfi bu dəfə də hərbçimizə qarşı qondarma məhkəmə qurub “iş” kəsəcək.
Bəs hərbçimizlə bağlı Azərbaycan Beynəlxalq Məhkəməyə müraciət edəcəkmi? Bu müraciətlərin xeyri olacaqmı? Nəhayət, əsgərimizin geri qayıdışını sürətləndirmək üçün sərhəddə bir necə erməni hərbçisinin ələ keçirilməsi variantı mümkünmü?
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Münxen görüşü ərəfəsində Azərbaycanın bir əsgəri ermənilər tərəfindən ələ keçirilib: “Biz dəfələrlə gördük ki, müharibədən sonrakı dönəmlərdə ermənilərdən Azərbaycan tərəfə azıb keçmişlər oldu, dövlətimiz onları qısa zamanda geri qaytardı. Hətta bir çobanı həmin gün geri qaytardı. Onun əlinə silah verib, terrorçu kimi təqdim etmək də mümkün idi. Amma Azərbaycan humanizm göstərərək belə addımlar atmadı. Həm də vəziyyəti qəlizləşdirmək də istəmədi. Amma erməni tərəfi heç vaxt belə olmayıb, olacağını da düşünmürəm. Onlar yaxın günlərdə sərhəddə baş verənlərin də qisasını aldılar. Amma orada da günahkar ermənilər idi. Azərbaycan sərhədçisini snayperlə vurmuşdular, Azərbaycan tərəfi sabahı gün əməliyyat keçirmişdi. Bəlkə elə bunun da qisasını alırlar. Biz bundan əvvəlki dönəmdə də nəyin şahidi olduq. Naxçıvan istiqamətindən keçənlər var idi. Onlara çox ciddi işgəncələrin verildiyi, guya əhali tərəfindən tapılıb döyüldüyü kadrları da biz gördük. İnsani davranış burada yoxdur. Azərbaycan tərəfi ola bilsin ki, prosedur qaydasına görə məhkəməyə müraciət edə bilər. Amma buradan hansısa bir nəticənin çıxacağını gözləmirəm. Çünki bu günə kimi bu cür məhkəmələrdə hər hansı nəticə əldə edilməyib”.
Ekspert daha çox verilən suala da cavab verib: “Bir fikir də ortaya atılır ki, Azərbaycan tərəfi də onlardan əsgər götürsün və əsgəri dəyişsinlər. Bu hamının ağlına gəlir. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan tərəfi bu addımı atacaqsa, ermənilər hər tərəfi kamera ilə təchiz ediblər. Bununla bilinəcək ki, məqsəd budur və bu, vəziyyəti daha da gərginləşdirəcək. Azərbaycana gərginlik lazımdırmı, bunu istəyirmi? Fikrimcə, istəmir. Misal üçün, son günlər Müdafiə Nazirliyinin rəsmi açıqlamalarına baxsaq, atəşkəs pozulur, amma Azərbaycan tərəfi cavab tədbirləri görmür. Azərbaycan tərəfi, sadəcə, hansısa gərginliyin olmasında maraqlı görünmür. Ola bilsin ki, onlar Azərbaycana təklif edəcəklər ki, Azərbaycanda olan erməni əsiri ilə əsgərimiz dəyişdirilsin. Bu, mümkün variantlardan biridir. Azərbaycan tərəfi də bu məsələdə diqqətli olmalıdır. Hətta 18 yaşlı gəncləri sərhəddə saxlamaqdansa, müddətdən artıq hərbi xidmət keçənləri təhlükəli və problemli ərazilərdə saxlamaq lazımdır. Müəyyən bəzi istiqamətlər var ki, orada əsgərləri yox, postlara müddətdən artıq hərbi xidmət keçənləri çıxarmaq lazımdır. Eyni zamanda nizamnamələrə daha çox diqqət etmək lazımdır ki, bu tip hallar yaşanmasın. Çünki belə bir hal baş verəndə ermənilər fürsətdən istifadə edirlər”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bunları deyib: “Əsgər hələ heç tam müəyyənləşməmiş şərti sərhəd hesab edilən ərazidə dumanda azıb, ermənilər isə onu tutublar və əsgərin yol vermədiyi cinayətləri onun üzərinə yükləyirlər. Bu, bir daha göstərir ki, ermənilər cılız, düşmənçilik hissi ilə alışıb yanan bədbəxt toplumdur. Belə dövlətlə, belə toplumla necə normal qonşuluq münasibətləri qurmaq mümkündür?! Ermənistanın hətta havadarları da azərbaycanlı əsgərə həmin maddələrlə cinayət işi açılmasına ən azından daxillərində "absurddur" rəyini verəcəklər və görəcəklər ki, Ermənistanın siyasi hakimiyyəti, hüquq-mühafizə orqanları nə qədər cılız durumdadır. Sanki onların əllərinə ov düşüb və dərhal ovu parçalamağa hazırdırlar. İnanırıq ki, əsgərimiz Ruslan Pənahov vətənə qaytarılacaq. Prezidentimiz bilir nəyi, necə etmək lazımdır. Lazım olsa, Ermənistan terrorçu dəstələrinin bizdə saxlanan üzvləri var, onlarla dəyişmək istiqamətində təkliflər mümkündür. Hansı məqsədəuyğun olsa, dəyişdirilmə həyata keçiriləcək. Ermənistan Ruslan Pənahovu dərhal elə sərhədə gətirib Azərbaycana təhvil versəydi, bu, həm iki dövlət arasında münasibətlərdə müsbət bir addım olardı, həm də Ermənistanın özünün imicinə müsbət ştrix gətirərdi. Ancaq belə görünür ki, Ermənistanı Azərbaycanla normal münasibətlərdə olmaq, öz imici maraqlandırmır. Özləri də bilir ki, nə qədər yazıq durumdadırlar, əllərinə düşən xırda bir fürsətdən belə iyrənc üsullarla istifadə etməyə çalışırlar. Amma istər əsgərimizin ailə üzvləri, istər cəmiyyətimiz şübhə etməsin ki, əsgərimizin taleyi bundan əvvəl azad edilən əsgərlərimizin taleyi kimi olacaq - azad ediləcək. Məsələ Prezidentimizin nəzarətindədir".
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan tərəfi açıqlama yayaraq, əsassız, həqiqətə uyğun olmayan ittihamlarla yenidən öz əsl simasını göstərməkdədir. Təəssüf ki, “insan haqlarından” dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan dövlət və hökumət başçılarının Azərbaycana qarşı İrəvanın bu təxribatlarına bundan əvvəl səssiz olduqları kimi, indi də ağızlarına su alacaqları istisna edilmir.
XİN başçılarının Almaniyada sülh istiqamətində önəmli görüşlərinin baş tutduğu bir vaxtda Ermənistanın bu addımı rəsmi Bakı ilə İrəvan arasındakı sülh danışıqlarına kölgə salmaq, münasibətlərin tənzimlənməsinə mane olmaq, diplomatik əlaqələri gərginləşdirməkdən başqa bir şey deyil.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ