İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Brüssel razılaşmasını sabotaj edir - İrəvanın ağrısı nədir?

Paşinyan Qazaxın 7 kəndi və Kərkinin Azərbaycanın de-yure ərazisi olmasını danır, Mirzoyan Zəngəzur dəhlizindən boyun qaçırır və “status”dan danışır; Partiya sədri: “Brüssel razılaşmalarını toy-bayram edib arxayınlaşmalı deyilik, Ermənistanı təzyiq altında saxlamalıyıq”

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında Brüssel görüşünün nəticələrindən danışarkən bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində de-yure anklavı yoxdur. “Yeni Müsavat” yada salır ki, o, Ermənistanın Azərbaycan ərazisindəki Başkənd (Artsvaşen) anklavının isə hüquqi əsasları olduğunu deyib.

Sitat: “Brüsseldə anklavlar məsələsi müzakirə olunmayıb. Azərbaycan dolayısı ilə və ya birbaşa olaraq müxtəlif platformalarda bu məsələni qaldırır, baxmayaraq ki, İrəvana görə bunun üçün heç bir əsas yoxdur. Yol əlaqəsi üçün de-yure imkan da yaradıla bilər. Mehridən Ermənistan ərazisindən keçən yol var, amma söhbət dəmir yolundan gedir. Ermənistan bütün proseslərdə hüquqi əsasları dərinləşdirməlidir”.

Paşinyan vurğulayıb ki, indiyədək biz hələlik tədqiqatlarımızda Ermənistan ərazisində Azərbaycanın de-yure anklavları olduğunu qeydə almamışıq: “Əksinə, Artsvaşenin (Başkənd ) de-yure Ermənistan Respublikasının ərazisi olduğunu qeydə almışıq. Ermənistan vətəndaşları situasiyanı anlayır və vəziyyəti daha da dramatikləşdirməyə ehtiyac yoxdur, onsuz da artıq dramatikdir. Cəmiyyətin və Qarabağın arxasında heç kim nəsə etməyi planlaşdırmır”.

Ardınca Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Brüssel görüşündə əldə edilən razılaşmaları öz “ağlı” ilə izah edib. Mirzoyanın “İlham Əliyev dedi ki, Brüsseldə Naxçıvanı Azərbaycanla birləşdirən dəhlizin Meğridən keçəcəyi ilə bağlı razılıq əldə olunub” sualına cavabına diqqət edək: “Biz Ermənistanın mövqeyini daim müəyyən edirik. Ola bilsin, biz bir daha təkrar edirik - Ermənistan ərazisində hər hansı dəhlizin mövcudluğu istisna olunur. Söhbətlərimiz sırf yolların açılması, bağlanmasının açılması, nəqliyyat və iqtisadi kommunikasiyalar haqqındadır”.

Mirzoyan xarici mediaya müsahibəsində isə yenə iddia edib ki, Azərbaycan Dağlıq Qarabağda atəşkəs rejimini pozur: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin hərtərli tənzimlənməsi, o cümlədən Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi və bu bölgənin yekun statusu da daxil hərtərəfli sülh danışıqlarına başlamağa hazırıq”. XİN başçısı bir daha “status” məsələsini dilə gətirib.

Bundan sonra Ermənistan XİN guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı ittiham da irəli sürüb, bir əsgərin öldürüldüyüni bəyan edib. Azərbaycan XİN atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edib. “Hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinə xələl gətirmək məqsədi güdür. Ermənistan XİN tərəfindən son günlərdə nümayiş etdirilən dağıdıcı yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib”, - Azərbaycan XİN bildirib.

Həm anklavlarla bağlı, həm Zəngəzur dəhlizi ilə bağlı İrəvanın tutduğu mövqe Brüssel razılaşmalarını sabotaj etməyə yönəlib. Necə yəni, de-yure anklav yoxdur? Bəs Qazağın 7 kəndi, Naxçıvanın Kərkisi de-yure anklav deyil, nədir? Yada salaq ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Qazağın 7 kəndi və Kərkinin də delimitasiya prosesinə daxil edildiyi rəsmi olaraq təsdiqlənib.

Digər tərəfdən, erməni rəsmiləri “Zəngəzur dəhlizi” terminindən qətiyyətlə qaçır, qısqanclıqla yanaşır. Bu terminin müəllifinin də Prezident Əliyev olduğu məlumdur. Zəngəzur dəhlizi termini erməniləri nə qədər narahat etsə də, tarixi Azərbaycan torpağının adı canlarını yandırsa da, bu prosesin qarşısını kəsə bilməyəcəklər. Üstəlik, necə adlanmasından asılı olmayaraq, bu nəqliyyat marşrutunun açılması sadəcə, zaman məsələsidir. O zaman İrəvan niyə cığallıq edir?

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz maraqlarını  çox yaxşı güdür

Elşad Musayev 

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyan Brüssel görüşündən qayıdandan sonra yenə qeyri-konstruktiv fikirlər səsləndirməyə başlayıb. Onun sözlərinə görə, bu məsələdə rəsmi Bakının bir açıqlaması da rol oynayır: “Xarici işlər nazirinin müavini Xələf Xələfov demişdi ki, anklavları delimitasiya prosesində həll edəcəyik. Bu, yanlış mövqedir və İrəvan həmin açıqlamadan istifadə edir. Çünki Qazağın 7 kəndi və Kərki razılaşması 10 noyabr sənədində göstərilib, bunun sərhədlərin dəqiqləşdirilməsi prosesinə heç bir aidiyyəti yoxdur. Sadəcə, biz götürdüyümüz öhdəlikləri yerinə yetiririk, Ermənistan isə yox! Digər tərəfdən, əgər anklav məsələsi sərhədlərin müəyyənləşdirilməsi içində həll olunacaqsa, onda uzun zaman çəkəcək, çünki delimitasiya illər aparan məsələdir”.

Partiya sədri hesab edir ki, bundan əlavə, İrəvan şantaj üsullarına əl atır, Paşinyan Əliyevdən ABŞ dövlət katibi Blinkenə şikayət edir, ardınca Mirzoyan, daha sonra Qarabağda yuva salan qondarma rejimin başçısı oxşar bəyanatlar verir: “Bütün bunlar təsadüfi deyil. Mən əvvəldən demişəm ki, Paşinyan Qarabağı Azərbaycanın daxilində istəmir. Eynilə Köçəryan-Sərkisyan cütlüyü də bu fikirdədir, erməni cəmiyyəti də bu reallığa hazır deyil. Ona görə Paşinyan iki stulda oynayır və Rusiyadan təhlükəsizlik təminatı, Avropa Birliyindən də maliyyə gözləyir, Azərbaycanla danışıqları isə uzatmağa çalışır. O baxımdan Ermənistan hökuməti yalnız məcburiyyət qarşısında bəzi addımlar atacaq”.

E.Musayevi narahat edən odur ki, biz Brüssel razılaşmalarını toy-bayram edib arxayınlaşmalı deyilik, əksinə, bəyanatlar getdikcə sərtləşdirilməlidir: “Ermənistanı təzyiq altında saxlamalıyıq. Çünki hazırda İrəvan qorxur və bundan istifadə etmək zamanıdır. Mənə elə gəlir ki, Türkiyə Suriyada antiterror əməliyyatları həyata keçirdiyi kimi ardınca biz Qarabağda bunu etməliyik. Eyni zamanda da danışıqları davam etdirməliyik. Çünki masada uduzmuruq, prinsiplərimizi Avropa İttifaqı və Ermənistan qəbul edir, sadəcə, İrəvana çatanda Paşinyan bundan boyun qaçırır. O səbəbdən bütün danışıqlarda iştirak edərək Ermənistanı fakt qarşısında qoymalıyıq, dünyanı da buna hazırlamalıyıq”.

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” - JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, “Əliyev ”biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?!" söyləyib: “Müharibə başa çatandan dərhal sonra Bakının cari hədəflərindən biri sərhədin delimitasiyası olub. Çünki bu, sülh sazişi imzalanmasa belə Ermənistanın Qarabağ iddiasının sıradan çıxması deməkdir.

Keçmiş Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirləri ilə ayrılıqda görüşən Paşinyan Brüsseldə “status” iddiasının “etnik ermənilərin hüquqları” ilə əvəzlənməsindən sonra “çıxış yolu” axtarır. Birincisi, mümkünsüz olduğunu anlasa da, Minsk Qrupu formatının yenidən bərpa edilməsi imkanlarını axtarır. İkincisi, Qarabağda “status” iddiasına hansı ölkənin dəstək verə biləcəyini anlamağa çalışır. Erməni baş nazir həm də bu üç ölkənin hər biri üzərindən manevr etməyə cəhd göstərir".

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR