İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan ağlını başına toplayıb qərarını verməlidir”-politoloq  

 

“Alen Simonyan ilk dəfə deyil ki, Ermənistanın sülh sazişini imzalamağa hazır olduğunu bildirir. Bu, Ermənistanı həmin prosesdə konstruktiv göstərmək cəhdidir, amma sədri olduğu parlamentdə konstitusiya dəyişikliyinin hansı şəkildə ediləcəyindən danışmır”.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında bildirib.

Məlum olduğu kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın sessiyasında guya tərəflərin sülhü imzalamağa hazır olduğu iddiası ilə çıxış edib. Onun bu açıqlamasını dolayısı ilə ilk təkzib edən isə elə Ermənistan XİN-in sözçüsü olub.

Q.Çaxmaqlı erməni spikerin bu “tələskənliyi”ndən bəhs edərkən bildirib ki, əslində Ermənistan parlamenti toplaşıb konstitusiya dəyikliyyinə gediləcəyi öhdəliyini verə bilər: “Bunun Azərbaycan üçün yetərli olub-olmaması ayrı məsələdir. Bir ölkənin başqa bir ölkə ərazisinə iddiaları qaldıqca, hansısa sülh sazişindən söhbət etmək səviyyəsizlikdir”.

Qeyd edək ki, rəsmi İrəvan davamlı şəkildə sülh açıqlamalarını COP29-la əlaqələndirir, bu da suallar doğurur. Ermənistan niyə Bakının evsahibliyi edəcəyi beynəlxalq tədbirədək sənədi imzalamağa tələsir? Ermənişünas alim xatırlatdı ki, Ermənistan COP29-a dəvət olunub, amma bu dəvət saziş bağlamaq üçün deyil: “Ermənilər bu məsələdən də manipulyasiya etmək cəhdi göstərirlər. Paşinyanın tək məqsədi özünü sülhə hazır bir lider kimi qəbul etdirmək cəhdidir”.

Bu arada Qazaxıstanın növbəti dəfə danışıqların davamı üçün platforma olaraq təklif olunmasına gəldikdə, Q.Çaxmaqlı bildirdi ki, hansısa ölkə özünü belə missiyada görmək istəyər:

“Qazaxıstan da belə təşəbbüslər göstərib. Amma artıq ikitərəfli danışıqların variantı seçilib. İndiki halda bundan imtina etmək hər şeyi başdan başlamaq anlamına gələ bilər və məncə, Azərbaycan buna getməyi düşünmür”.

Yeri gəlmişkən, Kazanada danışıqlar prosesinin davam etdirilməsi ehtimalı olduğu barədə də fikirlər səsləndirilir. Politoloqun fikrincə, erməni mediasında iddia olunduğu kimi, bu, hansısa “gizli” görüşdə əldə edilmiş razılaşma deyil:

 “Bir halda ki açıq razılaşma mümkündür, niyə bu, gizli saxlanılsın? “Hraparak” sensasiyalı yazıları ilk dəfə deyil ki, dövrəyə buraxır. BRİKS toplantısında sazişin imzalanacağı isə ona görə mümkün deyil ki, o toplantıya qədər ən azı üç maddə razılaşdırılmayıb. Ermənistan öz Konstitusiyasındakı iddialardan imtina etməyib və Paşinyanın dediyi  “sazişə nə mane olursa, ondan imtina edə bilərik” fikrini reallaşdırmaq gerçəyini dəyişdirməkdən hələ uzaqdadır. Ermənistan deyir ki, Konstitusiyanı 2026-da dəyişdirə bilər. Bu halda saziş üçün 2026-cı ilimi gözləməliyik?” Politoloq qeyd etdi ki, indiki halda Azərbaycanın tələsən yeri yoxdur: “Ermənistan sülhü imzalamağa hazırdırmı? Sazişin gecikdirilməsi kimin işinə daha çox yarayacaq? Məlumdur ki, sülh müqaviləsinin imzalanması ilə bölgədə enerji gəlişmələri canlanacaq, kommunikasiya xətlərinin açılması əlaqələr üçün damar rolunu oynayacaq. Bütün bunlara Ermənistanın daha çox ehtiyacı var. Ermənistan bunun üçün addım atmalıdır, qalan üç maddəyə maneə ola biləcək xüsusiyyətlərə dirənməməlidir. Həm də məğlub ölkə üçün bu dirəniş məntiqli deyil. COP29 tədbirləri ərəfəsində Ermənistan ağlını başına toplayıb qərarını verməli, Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR