İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəst Kazimirov “xortladı” və təxribatlara başladı...

Rusiyadakı güclü erməni diasporu Azərbaycan-Rusiya münasibətlərini pozmaq üçün hərəkətə keçib

1990-cı illərdə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri olmuş Vladimir Kazimirov yenidən xortlayıb. Keçmiş rusiyalı həmsədr deyib ki, Dağlıq Qarabağ münaqişəsinin (?) həlli perspektivləri kifayət qədər qeyri-müəyyəndir. O, Ermənistan mətbuatına açıqlamasında hər iki tərəfdən müsbət addımlar atıldığının göründüyünü deyib. Bildirib ki, bu prosesə gələcəkdə Türkiyə də qoşulacaq. Ardından isə deyib ki, bu məsələdə müsbət cəhətlərdən çox mənfi aspektlər müşahidə edilməkdədir. Kazimirov Azərbaycanı suçlayan, ittiham edən mövqedən çıxış edərək bəzi fikirlər söyləyib, Qarabağdakı separatçılara haqq qazandırmağa çalışıb.

Vladimir Kazimirovdan əvvəl də bir neçə Rusiya siyasətçiləri, keçmiş və hazırkı diplomatları, rəsmi şəxsləri Azərbaycanı təhdid edən, ölkəmizi haqsız çıxarmağa çalışan mövqedən çıxışlar ediblər. Hər dəfə də deyilib ki, əsas Putinin mövqeyidir.

Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanla bağlı ədalətsiz mövqe bildirməyib. Xüsusilə də 44 günlük müharibə dövründə Putinin Azərbaycana yönəlik mövqeyi bəzi ekspertlər tərəfindən xatırladılır. Savaşdan sonra da Rusiya prezidentinin ölkəmizlə bağlı mövqeyində bizim ziyanımıza hansısa fəaliyyətin olmadığı əsas arqument kimi göstərilir. O zaman Rusiya mediası, rus aparıcılar, Rusiya siyasətçiləri, bəzi rəsmiləri nədən vaxtaşırı Azərbaycan əleyhinə fikirlər səsləndirir? Ən sonuncu belə sərsəmləmə Rusiya xarici işlər naziri Lavrovun dilindən səslənmişdi.

Azərbaycan tərəfi isə Rusiya ilə münasibətlərdə sağlam və səmimi mövqeyində davam edir.  İyunun 12-də Prezident İlham Əliyev Rusiya Günü münasibətilə Putinə təbriki ünvanlayıb. İlham Əliyev iki ölkə arasındakı münasibətlərin müsbət məcrada olduğunu deyib və fevral ayında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə Bəyannamənin imzalanmasını xatırladıb. İlham Əliyev bu sənəd haqda “son otuz il ərzində yaranmış dövlətlərarası əlaqələrin yüksək səviyyəsini təsbit edib” fikrini bildirib...

Azad MƏSİYEV

 Azad Məsiyev

Rusiyadan müəyyən dairələrin təxribatları haqda danışan politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Rusiya arasında 22 fevralda dostluq və müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanandan sonra Rusiyadakı erməni diasporu, onlara bağlı olan müxtəlif siyasi ekspertlər, jurnalistlər, siyasətçilər iki ölkə arasında münasibətləri soyuqlaşdırmaq, münasibətləri pozmaq üçün hərəkətə keçiblər. Bunun üçün bütün istiqamətlərdə fəaliyyət göstərirlər: “Kazimirovun hələ Minsk Qrupunun həmsədri olduğu vaxtlardan açıq-aşkar ermənipərəst olduğu hər kəsə aydındır. Kazimirov kimi adamlar ermənilərlə sıx əlaqədə olan və məhz ermənilərin xeyrinə hərəkət edən şəxslərdir. Erməni diasporu və onlara bağlı şəxslər Azərbaycanla Rusiyanın gələcəkdə strateji müttəfiqlik səviyyəsində qədər yaxınlaşmasından ciddi narahatdırlar. Onlar Rusiya prezidenti Putinin mövqeyinin onların istəkləri ilə uyğun olmadığını görürlər. Narahatlıqları buna görə bir qədər artır. Həmin qüvvələr hesab edirlər ki, 44 günlük müharibə zamanı Putin nümayiş etdirdiyi mövqeni yenə də müəyyən proseslərin gedişində nümayiş etdirəcək-bitərəflik nümayiş etdirəcək və bu halda Azərbaycan qarşıdakı proseslərdə də Ermənistan üzərində növbəti qalibiyyəti əldə edəcək. Ermənilər və ermənilərə bağlı olan qüvvələr bilirlər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması Rusiyanın strateji planlarından biridir. Ona görə də müxtəlif təxribat xarakterli açıqlamalar verdirməklə, yazılar yazmaqla Azərbaycanla Ermənistan, Azərbaycanla Rusiya arasında ciddi gərginliklər yaratmağa cəhdlər edilir. Kazimirov və onun kimilərinin verdiyi açıqlamalar Rusiya dövlətinin mövqeyi deyil. Bu daha çox, dediyim kimi, Rusiyadakı aktiv erməni diasporasının mövqeyi, apardığı təşviqatdır. Əslində bununla onlar Rusiya prezidentinin siyasətinə qarşı fəaliyyət göstərmiş olurlar. Verilən bəzi açıqlamalar isə sadəcə Ermənistan ictimaiyyətini sakitləşdirmək məqsədi güdür. Ermənistan ictimaiyyəti sakitləşməlidir ki, qarşıya qoyulan bəzi ciddi planlar daha tez və problemsiz reallaşdırıla bilsin”.

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə əks fikirdədir. Akif Nağı hesab edir ki, Azərbaycan Rusiya ilə normal qonşuluq şəraitində yaşamağa çalışır. Prezident İlham Əliyev bunu dəfələrlə, o cümlədən son təbrik məktubunda vurğulayıb. Amma Rusiya prezidenti tərəfindən eyni münasibəti görmürük, prezident Putinin sözləri ilə əməli uyğun gəlmir: “Sözdə Azərbaycanla xoş münasibətlərdən danışır, o biri tərəfdən isə Kazimirov kimilərinin dili ilə Rusiyanın əsl niyyətinin nə olduğunu bildirir. Rusiyada Kazimirov tipli heç bir siyasətçi Putinin icazəsi olmadan o cür açıqlamalar verə bilməz. Kazimirov da köhnə xidmətçilərdəndir, bu cür adamların da ”sabiqi" olmur. Onlar həmişə xidmətdədirlər. Kazimirov və digərləri Azərbaycanı ittiham etməyə çalışırlar,  guya Azərbaycan hansısa məqamda düzgün  hərəkət etməyib. Bunu yalnız elə yozmaq olar ki, Rusiya Azərbaycana qarşı hansısa məkrli plan hazırlayır və həmin niyyətini həyata keçirmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyir. Bu ermənipərəstlər məsələnin hələ bitmədiyinə, qeyri-müəyyən məsələlərin qaldığına da işarə edirlər. Onda belə çıxır ki, Putin 2020-ci il 10 noyabr sənədinin altındakı imzasından imtina edir, hər şeyi yenidən başlamaq istəyir və yaxud prosesləri yenidən başlamaq üçün əl yeri qoyur. Ona görə də Azərbaycan bütün prosesləri diqqətlə izləməli, istənilən situasiyaya, həmçinin güc tətbiqini zəruri edəcək situasiyaya hazır olmalıdır".

Etibar SEYİDAĞA,
 “Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR