İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməninin yerinə güllələnən azərbaycanlı - Sumqayıtda 35 il öncə nə baş vermişdi?

Prokuror və hakim iğtişaşların təşkilatçısı Qriqoryanı 12 il həbslə mükafatlandırıb, günahsız Əhməd Əhmədovu isə ölümə məhkum ediblər

Dağıdıcı erməni separatizminin birbaşa səbəb olduğu Sumqayıt hadisələrindən 35 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi.

Artıq məlumdur ki, həmin hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi olub. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edib.

Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında da mətbuatda çox yazılıb. Sonralar Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan öz müsahibələrinin birində deyib: “Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə (SSRİ - red.) rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi”.

Bu sözlər aydın şəkildə sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olub.

Bəs Azərbaycan o zaman niyə Əhməd Əhmədovu xilas edə bilmədi və onu Qriqoryanın yerinə güllələdilər? Bunun qarşısını almaq mümkün deyildimi? O Qriqoryan ki, heç həbsdə tam yatmadı və SSRİ dağılan kimi Ermənistana təhvil verildi, oradan da sərbəst buraxıldı. Sumqayıt hadisələri baş verməyə bilərdimi?

Ötən dövrdə Sumqayıt hadisələri ilə bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirilib.

Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.

SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü  inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yaradılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub.

Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olub. Orta texniki peşə təhsili olan soydaşımız Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib. O, həbs olunandan bir müddət öncə nişanlanıbmış. Yaşı 70-i haqlayan təqaüdçü valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imişlər. Əhməd Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyaya qoşulub, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 1988-ci il martın 12-də Sumqayıtda günahsız həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhmədgilə də basqın edirlər. Onu vanna otağından yarımçılpaq vəziyyətdə çıxarıb həyətdə gözləyən maşına basırlar...

Əhməd Əhmədov Sumqayıtdakı 41 a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib. SSRİ Ali Məhkəməsində soydaşımızın günahı sübut olunmasa da, Əhməd Əhmədova ən ağır cəza kəsilib. Əslində isə həmin şəxslərin qətlini Sumqayıtda yaşayan və əvvəllər dəfələrlə həbsdə olmuş E.Qriqoryan təşkil edib. Bu, məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan Eduard Qriqoryana cəmi 12 il cəza verilib. O, bir neçə il sonra azadlığa buraxılıb, faktiki olaraq göstərdiyi yaramaz xidmətlərə görə bu cür mükafatlandırılıb.

Təxminən 10 il öncə Qriqoryanın Moskva ətrafında yaşadığı bəlli olmuşdu...

Sumqayıt hadisələrinə” görə ölüm hökmü verilmiş Əhməd Əhmədovun heç vaxt  açıqlanmamış FOTOLARI – TARİX

Əhməd Əhmədova güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məktubu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb. 1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun yaşlı valideynlərinin hislərinə toxunacaq bir hərəkətə yol verib. Prokurorluqdan valideynlərə göndərilən məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub.

1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib. Əhmədovlara oğlanları barədə hökmün dəyişdirilə biləcəyi bildirilib. Vəkil Y.Məmmədov SSRİ Ali Məhkəməsinə, prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra-aprelin 6-da Əhməd Əhmədov güllələnib. Hökmün müəyyən qüvvələrin təzyiqi altında icra olunduğu istisna deyil.

Bu baxımdan, Levon Ter-Petrosyanın Sumqayıt hadisələri ilə bağlı fikirləri də hadisələrin son məqsədinin  Qarabağın Ermənistana birləşdirilməsi üçün zəmin yaratmaqdan ibarət olduğunu ortaya qoyur. Bu hadisələrdən istifadə edib hər zaman olduğu kimi dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, hadisələrə qədər iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 6 ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.

Gözlənilməyən qətlin qurbanının edam tarixçəsi- Əhməd Əhmədovun məhkəmə  FOTOLARI

1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

Sumqayıt hadisələrinə” görə ölüm hökmü verilmiş Əhməd Əhmədovun heç vaxt  açıqlanmamış FOTOLARI - Busaat.az

Müstəqillik dönəmində bu cinayətin əsl mahiyyətinin araşdırılması üçün SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilib. İstintaqın aparılması baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə olunub.

İstintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisələrin həqiqi mahiyyəti üzə çıxıb, iğtişaşların sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi müəyyən edilib. Buna sübut olaraq demək olar ki, 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın “Sumqayıt hadisələri barədə ilk mənbələrdən” adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR