Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan suveren dövlətdir və öz ərazisində suveren hüquqları çərçivəsində hərəkət edir. Xankəndi qədim Azərbaycan şəhəridir. Adından da bəllidir ki, Xankəndi Azərbaycana məxsusdur. Ermənilərin isə bu əraziyə nə zaman gəldiyi məlumdur. Belə olan halda onlar hansı mədəni irsdən danışa bilərlər?”
Bu fikirləri Musavat.com-a millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, hazırda Xankəndi şəhərində abadlıq işləri görülür: “Şəhərdə infrastrukturun yenilənməsi üçün nə lazımdırsa, Azərbaycan edir. Ermənilər üçün şeytan yuvasına çevrilən binanın heç bir tarixi əhəmiyyəti yoxdur. Memarlıq baxımından da dəyəri yoxdur. Binanın sökülməsinin yaxud hər hansı başqa işin görülməsinin ermənilərə nə aidiyyəti var? Azərbaycana qarşı bütün təxribatlar, terrorlar bu şeytan yuvasında hazırlanıb. Buna görə onlar üçün əzizdir”.
Millət vəkili vurğulayıb ki, Fransa hər vasitə ilə sülh prosesinə mane olmağa çalışır: “Fransanın Ermənistanı silahlandırması, Azərbaycana qarşı ikili standartlar, riyakar davranış sərgiləməsi bizə məlumdur. Eyni zamanda sülh istiqamətində atılan addımlar Fransa üçün böyük dərddir. Buna görə də istənilən bəhanə ilə əks-təbliğat, qarayaxma kampaniyası aparır. Bu da Fransa tərəfindən sülhün əldə olunmasının əleyhinə yönəlmiş növbəti riyakarlıqdır”.
Qeyd edək ki, martın 6-da Berlində “Arsaxın mədəni irsi” adlı qondarma tədbirin keçirilməsi nəzərdə tutulub. Tədbiri Corc Sorosun Açıq Cəmiyyət İnstitutu maliyyələşdirir.Azərbaycanın Qeyri-Hökumət Təşkilatları sözügedən “tamaşa”nın təşkilatçıları olan Almaniyanın Xarici Əlaqələr üzrə Alman Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayaraq qərəzli və ermənipərəst tədbirin keçirilməsinə etiraz ediblər.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ