İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə Zəfər Günü xəbərdarlığı - Havadarlara yox, Əliyevə qulaq asın!

Fransa prezidenti Emmanuel Makron dünən Budapeştdə Avropa Siyasi Birliyinin zirvə toplantısında Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında sülh sənədi imzalamağın vacibliyindən danışıb.

“Ermənistan və Azərbaycan arasında gələcək qurmaq üçün mümkün olan hər şeyi etmək çox mühümdür. Ümid edirəm ki, sülh müqaviləsi imzalanacaq”,- deyib. “Biz avropalılar artıq imperializmi, qitədə sərhədlərin yenidən dəyişdiriməsini istəmirik”, - əlavə edib.

İmperializm məsələsində Makron doğrudanmı səmimidir? O zaman rəsmi Paris XXI əsrdə də neokolonializm siyasətindən niyə əl çəkmir görəsən? Onlarla xalqın azadlıq və müstəqillik istəyini nə üçün boğur?..

Sərhədlərin dəyişdirilməməsinin zəruriyinə gəlincə, niyə Azərbaycan torpaqlarının 20 faizi on illərlə erməni işğalı altında olanda belə bəyanatlar verilmirdi? E.Makron 2017-ci ildən Fransanı idarə edir. 44 günlük müharibəyə 3 il qalmış o, ölkəsinin prezidenti seçilib. Nədənsə həmin üç ildə biz ondan bənzər sözlər, açıqlamalar eşitmədik. İndi işğalçı Ermənistan qurduğu tələyə özü düşüb deyə, ərazi bütövlüyü və suverenlik qiymətə minib?

Əlbəttə ki, rəsmi Paris yenə səmimi deyil və öz gerçək niyyətini qulağa xoş gələn sözlərin altında gizlətməyə çalışır. Əks halda, Fransanın Bakıdakı səfiri çoxdan digər ölkələrin diplomatları kimi azad edilmiş Şuşaya ayaq basardı. Əks halda, Fransa Ermənistsnı sürətlə silahlandırıb yeni müharibəyə hazırlaşdırmazdı. Ermənistandan utanmazcasına "zərərçəkmiş", "sülh göyərçini" obrazı yaratmağa çalışmazdı. Tam tərsinə, erməniləri başlarına gələn faciələrdən nəticə çıxarmağa, konstitusiyalarında Azərbaycan və Türkiyə qarşı əsassız ərazi iddialarını - yeni müharibələrə rəvac verəcək müddəaları təcili çıxarmağa səsləyərdi...

Bunları görmürük. Əvəzində "iki bacı"nın beynəlxalq hüquqa zidd ortaq məkrli planların içində olduğunu, Azərbaycanın "ayağı"nın altını qazımağa çalışdığını müşahidə edirik. Bu isə növbəti dəfə Ermənistanın özünü alova bürüyəcək çox təhlükəli oyundur. Nə barədə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zəfər Günü münasibətilə xalqa etdiyi müraciətində bir daha qarşı tərəfi xəbərdar edib.

Sitat: "İndi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər. Sanki 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin dağıdılması, qəbirlərimizin dağıdılması, bütün Qarabağ, Şərqi Zəngəzurun viran olması sanki olmayıb. Yəni bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz bunu heç vaxt unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar"...

Hamıdan çox isə məhz erməni xalqı başına gələnləri unutmamalı, nə qədər gec deyil, onlardan doğru-dürüst nəticə çıxarmalıdır. Çünki yaşadıqlarına görə əsas günahkar, baiskar heç kim yox, ən əvvəl özləridir. Onları uzun zaman vicdansızcasına aldatmış, indi də çaşdırmaq istəyən erməni "başbilənləri", erməni kilsəsi, erməni lobbisidir.

Bu mənada erməni xalqına düşmən lazım deyil. Özü-özünə bəsdir. Nə qədər ki, bu toplum qonşulara qarşı məkrli niyyətlər naminə onun-bunun "altına" yıxılacaq, Azərbaycanın və Türkiyənin yox, xaricdəki havadarlarının sözünə baxacaq, o vaxtadək də zillət və müsibət ondan ləl çəkməyəcək...

"Biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar".

Bunu da İlham Əliyev 8 noyabr müraciətində söyləyib.

Gerçəkdən də bədnam qonşumuz nəhayət, dinc inkişaf yoluna çıxmaq istəyirsə, yolu məlum: havadarlara, Fransaya, Makrona yox, İlham Əliyevə qulaq assın. Zəfər Günü çağırışını və xəbərdarlığını unutmasın...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR