İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər indi də “partizan müharibəsi” başlamaq istəyirlər?..

 

Qədim yunanlar deyirdi ki, Allahlar insanları cəzalandırmaq fikrinə düşəndə əvvəlcə onların ağıllarını alırlar. Bəli, bunu düz otuz beş il bundan əvvəl mərhum yazıçı Mirzə İbrahimov ermənilərə xatırlatmışdı – özü də Moskvada, Mixail Qorbaçovun apardığı iclasda! O vaxt Qorbaçov öz çıxışında hətta Mirzə İbrahimovun bu sözlərinə istinad da etdi, “Yoldaş İbrahimov düz deyir” də söylədi. Amma nə Qorbaçov, nə də onun əzizlədiyi ermənilər yunan müdrikliyindən bir nəticə çıxarmadı.

Bəli, indi Azərbaycan özünün torpaq bütünlüyünü də, suverenliyini də tamam bərpa edib. Bir neçə separatçı cani həbs edilərək Bakıya gətirilib. Odur ki, ermənilər sanki qızdırma içindədirlər, elə bil onlar nə baş verdiyini anlamırlar, ona görə də sarsaq-sarsaq şeylər sayıqlayırlar. Elə “partizan müharibəsi” haqqındakı sayıqlamlar da bu qəbildəndir.

Düzdür, hal-hazırda izləmə, yerüstü və ya yeraltı aşkarlama texnikaları çox yüksək bir səviyyədə olsa da, hələ dünyada partizan müharibələrinə və terrorçu əməliyyatlara son verilməyib. Uzağa niyə gedək? Əfqanıstanda sıx meşələr, bataqlıq ərazilər olmasa da dağlar var və onlar məhz partizan müharibəsinin köməyilə əvvəlcə rusları, daha sonra isə amerikalıları öz torpaqlarından qovdular.

Amma yaxşı olar ki, ermənilər özlərini əfqanlarla müqayisə etmək fikrinə düşməsinlər. Bəli, onlara hətta dəstək verən də tapılar və belə zənn edirik ki, bu günlərdə tutulub Bakıya gətirilən erməni canilərin istintaqı çox şeylərin üstünü açacaq. Biz bilmədiyimiz şeyləri eşidəcək və öyrənəcəyik.

Amma “partizan müharibəsi”ndə ermənilər üçün kim vuruşacaq? Azərbaycanda hazırda vur-tut iyirmi-otuz min erməni var və onların da silah götürüb dağlarda “partizanlıq” etməyə nə həvəsləri, nə də cəsarətləri var. Əfqanlar vətənləri uğrunda vuruşurdular. Ermənilər nə uğrunda vuruşacaqlar?..

Bəs problem, təhlükə nədə ola bilər? Ermənilər Qarabağda tamamilə iflasa uğradılar. Əlbəttə, bu, onlar üçün böyük bir dərs olmalıdır. Amma onlar bundan bir nəticə çıxaracaqmı? Düşünmürük! Ona görə ki, “Böyük Ermənistan” xülyası qalır, daşnaklar qalır, erməni terrorizmi qalır. Elə bu səbəbdən də unutmayaq ki, sovetlərin qılıncının hər iki tərəfinin kəsdiyi vaxt ermənilər özlərinin millətçi qurumları üçün ianə toplayır, hətta Moskvada terror əməliyyatları törədir, metro stansiyalarını belə partladırdılar...

Elə bu səbəbdən də erməni terroruna qarşı hazırlıqlı olmalı, müxtəlif obyektlərin, o cümlədən də xaricdəki səfirliklərimizin təhlükəsizliyini gücləndirməliyik.

Burada bir məsələ də var. Bakı Qranada görüşündən haqlı olaraq imtina etdi. Birincisi, bizim hayların ardınca qaçan vaxtlarımız çoxdan bitib, qoy, indi də onlar bizim arxamızca qaçsınlar. Hazırda sülh sazişi bizdən daha çox ermənilərə və Ermənistana lazımdır. İkincisi, biz çox düzgün olaraq Türkiyənin də görüşə qatılmasını tələb etdik. Bu, təkcə bizim yox, Türkiyənin də beynəlxalq nüfuzunu artırmış olur...

Amma beynəlxalq ictimaiyyətin üstündən tamam xətt çəkmək də olmaz. Bu, xüsusən də terrorçuların gələcək məhkəmələrinə aiddir. Bu məhkəmələr elə keçirilməlidir ki, onların sədası bütün dünyaya yayılsın, qoy, hamı bilsin ki, erməni caniləri son otuz ildə nələr törədiblər!

Bəli, onlar ən ağır maddələrlə ittiham olunacaqlar. Söhbət Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsddən gedir. Amma bu cəlladlar həm də mülki əhaliyə qarşı cinayətlər və qətliamlar törədiiblər. Ona görə də buna görə cavab verməli, ən əsası da daim mürgüləyən dünya birliyi  bundan agah olmalıdır.

Bir az əvvəldə dedik ki, erməni canilərinin istintaqı çox şeyi açıb-tökəcək. Hərçənd, bəzi məsələlər elə indi də aydındır. Məsələn, deyilənə görə, hələ ötən əsrdə ABŞ prezidenti Harri Trumen “Böyük Ermənistan”ın xəritəsini öz kabinetində asıbmış. Ötən əsrin sonlarında Fransa prezidenti Fransua Mitteran deyirdi ki, SSRİ-nin daxili sərhədləri inzibati sərhədlərdir və onlara yenidən baxılmalıdır. İndi buz sözlər başqa cür də interpretasiya oluna bilər. Amma Mitteran sərhədləri ermənilərin xeyrinə dəyişməyi nəzərdə tuturdu. Biz hələ onu demirik ki, bu otuz ildə Vaşinqton daim oyuncaq “DQR”-ə yardımlar edirdi. Ona görə də Fransanın və ya ABŞ-ın indi belə əldən – ayaqdan getməsinə təəccüblənməyə dəyərmi?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR