Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail və HƏMAS sülh sazişinin ilk mərhələsini imzalayıb. Onun sözlərinə görə, bütün girovlar yaxın günlərdə azad ediləcək, İsrail ordusu isə razılaşdırılmış xəttə qədər geri çəkiləcək.
“Bu, bütün region üçün böyük gündür. Qətər, Misir və Türkiyədəki vasitəçilərə təşəkkür edirəm. Sülh yaradanlar mübarəkdir!” — deyə Tramp bildirib.
Musavat.com xəbər verir ki, HƏMAS da sazişin əldə olunduğunu təsdiqləyib və vasitəçi ölkələrə, eləcə də Trampa təşəkkürünü bildirib. Hərəkat İsraildən razılaşmalara əməl etməyi tələb edib.
İsrailin baş naziri Benyamin Netanyahu isə sazişi “milli və mənəvi qələbə” adlandırıb və Trampı Knessetdə çıxış etməyə dəvət edib.
ABŞ prezidentinin sözlərinə görə, girovlar oktyabrın 13-də geri qaytarılacaq. Tramp İsrailə səfər etməyi planlaşdırdığını da qeyd edib. “Bütün dünya bu razılaşma üçün birləşdi — hətta keçmiş düşmənlər belə”, - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ Qəzza sektorunun bərpasına və Yaxın Şərqdə sülhün möhkəmlənməsinə kömək göstərəcək: “Qəzza, regionun varlı ölkələrinin dəstəyi ilə təhlükəsiz bir yerə çevriləcək.”
Prezident qeyd edib ki, bu razılaşma Yaxın Şərqdə yeni sülh dövrünün başlanğıcını simvolizə edir.
Atəşkəs elan olunduqdan sonra Qəzzada insanlar küçələrə çıxaraq bayram ediblər.
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ