İnsanlara hürriyət, millətlərə istiqlal!

“Komfortlu türmələr” cəzaları mənasız edir? - Çıxış yolu

Qırğızıstanda ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsi hazırlanıb. Bu təşəbbüs İssıkkul vilayətində 17 yaşlı Aysulu adlı qızın zorlanaraq öldürülməsindən sonra gündəmə gəlib. Ölkə Prezidenti Saır Japarov edam cəzasının bərpası haqda danışarkən, deyib ki, bu qanun insanlığa sığmayan və bütün cəmiyyəti hiddətləndirən cinayətlərə qarşı adekvat cavab olacaq.

Japarov onu da deyib ki, Qırğızıstan həbsxanalarında məhbuslar üçün yaradılan şərait artıq cəzanın çəkindirici təsirini itirib: “Əvvəllər məhbuslar ailələrinin göndərdiyi yeməyə, geyimə, pula möhtac idilər. İndi isə azadlıqdan məhrum edilməklə kifayətlənmirlər - həbsxanada belə pullar toplayır, cinayətkar aləmin gücünü saxlayırlar”.

Prezidentin bu açıqlaması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Ölüm hökmünün bərpasını müdafiə edənlərə görə, uşaqlara və qadınlara qarşı törədilən ağır cinayətlərdə başqa cəza ədaləti təmin etmir. Əleyhdarların fikrincə isə ölüm hökmü nə cinayətlərin qarşısını alır, nə də ədaləti bərpa edir. Üstəlik, hüquqi səhvlər nəticəsində günahsız insanların edam olunması riski mövcuddur.

Azərbaycan 1993-cü ildən ölüm hökmünün icrasına moratorium qoyub, 1998-ci ildə isə bu cəza növünü tamamilə ləğv edib. Bunun əvəzinə “ömürlük azadlıqdan məhrumetmə” tətbiq olunur. Beləcə, Azərbaycan Şərqdə ölüm hökmünü rəsmən ləğv edən ilk ölkə kimi tarixə düşüb və beynəlxalq aləmdə insan hüquqlarına hörmət edən dövlət imicini möhkəmləndirib.

Hazırda 58 ölkə ölüm hökmünü qanunvericiliyində saxlayır, 32 ölkə isə tam qadağan edib. Avropada yalnız Belarus bu cəzanı tətbiq edir. ABŞ, Çin və İran kimi ölkələrdə isə ölüm hökmü qüvvədə qalır. Avropa dövlətləri hesab edir ki, ömürlük həbs həm hüquqi, həm də mənəvi baxımdan daha optimal çıxış yoludur.

Son illər Azərbaycanda qadınlara və uşaqlara qarşı törədilən cinayətlər ictimai qəzəb doğurur. Sosial şəbəkələrdə “belələrinə ölüm azdır” kimi çağırışlar səslənir. Lakin hüquqşünaslar bildirirlər ki, emosiyalarla deyil, hüquqi prinsiplərlə hərəkət etmək lazımdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ölüm hökmünün bərpası ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlib, hətta tanınmış elm xadimləri və hüquq mütəxəssisləri bu məsələyə fərqli yanaşıblar: “Mən hesab edirəm ki, bəzi ağır cinayətlərə görə ölüm hökmü tətbiq edilə bilərdi, lakin Avropa Şurasına daxil olarkən götürdüyümüz öhdəliklər buna imkan vermir”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Ç.Qənizadənin sözlərinə görə, Avropa institutları ilə münasibətlər tədricən normallaşır və Azərbaycanın AŞ-dəki fəaliyyəti bərpa olunarsa, ölüm cəzasının bərpası gündəmdə ola bilməz.

Hüquqşünas məhbusların şəraitinə də toxunaraq qeyd edib ki, məhbusların normal şəraitdə yaşaması qanunun tələbidir: “Onlar azadlıqdan məhrum ediliblər, normal yaşamdan yox. Qırğızıstanda cinayətkar dəstələr hələ də aktivdir, amma Azərbaycanda sabitlik var, hüquq-mühafizə orqanları güclüdür. Cəzaçəkmə müəssisələrində pul dövriyyəsi və məhbusların ailə ilə təması qanunla tənzimlənir və bu sahəyə ciddi nəzarət edilir”.

Novella Cəfəroğlu partiya qurmaq İSTƏYİR | Modern.az

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib ki, azadlıqdan məhrum edilmək özlüyündə kifayət qədər ağır cəza formasıdır: “Mən hələ ömürlük məhkumlardan danışmıram. Onlar üçün vəziyyət, əlbəttə, daha da çətindir. Amma ümumilikdə məhbusların azadlıqdan məhrum edilməsi, ailədən uzaq qalması çox ağır sınaqdır. Həbsxanada "pul toplamaq" məsələsi var, amma bu nədən qaynaqlanır? Biz dəfələrlə təklif etmişik ki, koloniyalarda dövlət proqramı çərçivəsində iş yerləri yaradılsın. Belə olsa, məhbuslar qazandıqları pulla həm özlərinə, həm də ailələrinə dəstək ola bilərlər".

Hüquq müdafiəçisi əlavə edib ki, islah olunmuş, cəmiyyət üçün təhlükə törətməyən məhbusların azadlığa buraxılması həm ailələrə dəstək olar, həm də dövlətin xərclərini azaldar: “Həbsxanaların yükü yüngülləşər və həmin vəsait digər vacib sahələrə yönəldilə bilər”.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, ölüm cəzası rəsmən ləğv edilsə də, bəzi istisna hallarda onun bərpası hüquqi cəhətdən nəzəri olaraq mümkün idi: “Azərbaycan 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasının 6 saylı protokolunu ratifikasiya edib. Amma bu sənəddə bir istisna var - müharibə gedən və ya müharibə təhlükəsi yaranan dövrdə dövlət daxili qanunvericilikdə ölüm cəzasını bərpa edə bilər. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı belə bu hüquqdan istifadə etmədi”.

Q.Əlibəylinin sözlərinə görə, Prezident İlham Əliyev 2023-cü ildə konvensiyanın 13 saylı protokolunu imzalayıb və bu sənəd ölüm hökmünün istisnasız şəkildə ləğvini nəzərdə tutur: “Bu, Azərbaycanın qəbul etdiyi siyasi və hüquqi kursun davamıdır. Yəni cinayətin ağırlığından asılı olmayaraq, ölüm cəzasının ölkəmizdə bərpası real görünmür”.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR