Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Tiflisə Beynəlxalq “İpək Yolu” Forumunda Ermənistan Baş naziri Nikol Paşinyan maraqlı bir xəritə təqdim eləmişdi. Orada Azərbaycanın ərazi bütövlüyü tam, keçmiş qondarma quruma məxsus heç bir ad, “xəritə” və ya toponim istifadə olunmadan göstərilirdi.
Normalda sözsüz, belə olmalı. Məntiqlə Ermənistan nəhayət, özünü qəbilə dövləti yox, sivil dünyanın tərkib hissəsi sayırsa, nəinki Azərbaycana, elə digər qonşu ölkələrə - Türkiyə və Gürcüstana (Cavaxetiya) da torpaq iddialarından əl çəkməlidir. Rəsmən! Həmişəlik! Yoxsa avtomatik əks-məntiq işə düşəcək: başqa ölkələrin suverenliyi və ərazi bütövlüyünü tanımarsan, səni də dövlət kimi saymaz, tanımazlar və ərazini mübahisələndirərlər...
Deyəsən bu bəsit gerçək qarışqa sürəti ilə də olsa, qonşu toplumun və onun önündə gedənlərinin alt şurunda oturuşmağa başlayıb. 7-ci sinif üçün yeni “Ermənistan tarixi” dərsliyində Qarabağın Azərbaycan tərkibində göstərilməsi bunun daha bir təzahürüdür. Hərçənd tələsməyə də lüzum yox – qarşıda gediləsi çox uzun, ağrılı bir yol var.
100 illik xroniki “miatsum” mərəzindən qurtulmaq, onu birdəfəlik unutmaq, nəsillərin yaddaşıdan silmək sizə asan gəlməsin. Ən azından daxildə revanşistlər, xaricdə isə varlı-imkanlı erməni daşnak lobbisi, Qərbin və Rusiyanın sülhə qənim kəsilən məkrli çevrələri sonadək, var gücləri ilə dirəşəcək. Buna şəkk-şübhə olmasın.
Yada salaq, cəmi iki ay öncə radikal kəsim Ermənistanda olduqca fitnəkar mahiyyətli bir qanun layihəsinin qəbulu üçün imza toplama kampaniyası keçirib. Hədəf Paşinyan başda olmaqla, bütün indiki və sonrakı məmurlara Qarabağı Azərbaycan torpağı saymağı, saxta “erməni soyqırımı”nı şübhə altına almağı yasaqlamaq, əməl eləməyənləri isə cinayət məsuliyyətinə (9-10 il həbs!) cəlb eləməkdir.
Doğrudur, hakim partiya parlamentə belə təşəbbüsü bloklayacağını bildirib. Üstəlik, 24 saatlıq antiterror tədbirlərindən və mifik rejimin özünü buraxmasından sonra radikalların cəhdləri daha mənasız olub. Ancaq istənilən halda söhbət erməni ictimai fikri ilə manipulyasiyadan gedir.
Yəni kapitulyant ölkədə “mənəvi təmizlənmə” ta o vaxta qədər getməlidir ki, Azərbaycan-Türk xalqına qarşı bəşəri cinayətlər törətmiş Qaregin Njde kimi terrorçu-faşistlərin və şərəfsizlərin İrəvandakı bütün heykəl-abidələri, “Nemezis” kompleksi söküləcək, ümumiyyətlə Şərə sitayiş və ibadət ocaqlarının hamısı bağlanacaq...
Qayıdaq Qarabağın Azərbaycan ərazisi kimi göstərildiyi xəritə və 7-c sinif tarix dərsliyinə. Qeyd edildi, bunlar normal, yaxşı. Amma nonsens ondadır ki, Ermənistan hazırkı konstitusiyasına əsasən, “Dağlıq Qarabağ” Ermənistandır. İrəvanda isə hələ də “Dağlıq Qarabağ nümayəndəliyi” fəaliyyət göstərir. O zaman necə olsun? Bu reallıqlar dura-dura, iki xalq arasında barışıq, sülh müqaviləsi şübhəsiz, qəliz olacaq.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da haqlı olaraq hesab edir ki, Ermənistanın hazırkı konstitusiyası hüquqi baxımdan sülh müqaviləsini mümkünsüz edir, çünki Paşinyanın Qarabağı Ermənistanın tərkib hissəsi sayan konstitusiyaya dəyişiklik etmək səlahiyyətinə malik deyil. “Bizim Ermənistanda danışacaq kimsə yoxdur, ona görə ki, siyasi elita cinayət törətdiyini anlamır. Nə üçün mən Paşinyanın və ya başqasının quru sözünə inanmalıyam? Qoy onda Şarl Mişel desin ki, Ermənistan referendum keçirməli və bu iddiaları aradan qaldırmalıdır”, - eks-diplomat vurğulayıb.
Həqiqətən, sabah tutaq ki, Paşinyan getdi, yerinə Pişikyan, Köçəryan, yaxud Səkisyan gəldi, Milşel isə pensiyaya çıxdı, Ermənistanın “miatsum”dan “yoğurulan” konstitusiyası, radikal-daşnakların cəsarət qaynağı ki, yerində qalır...
Siyasət şöbəsi,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ