İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi Trampa qarşı

ABŞ-dakı erməni diasporunun rəhbərlərinin fikrincə, noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp Vaşinqtonun Ermənistana dəstəyini dayandıracaq.

“The National Interest” jurnalında dərc edilən “Ermənistan və ABŞ-da seçkilər. Ermənistan Rusiyanın arxa bağçasında ABŞ üçün plasdarm ola bilər” adlı məqalədə məhz bundan danışılır.

ABŞ-dakı erməni diasporunun nümayəndələri hesab edirlər ki, Donald Tramp seçkidə qalib gəlsə, Vaşinqtonun Ermənistana hazırkı dəstəyi dayanacaq. Əgər demokratların namizədi Kamala Harris qalib gəlsə, onda ABŞ Azərbaycanla münasibətləri saxlasa da, indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər: “Ermənistanın təhlükəsizlik sistemi Rusiyadan ayrılaraq ABŞ-a meyl edir. Bu dəyişiklik ABŞ-nin bu il iyunun 11-də Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsində ən dəqiq şəkildə öz əksini tapıb”.

Yeri gəlmişkən, keçmiş prezident Amerika yəhudilərini ona səs verməməkdə ittiham edib. Tramp İsrail üçün etdiklərinə baxmayaraq, 2016-cı il seçkilərində yəhudilərin cəmi 24 faiz səsini topladığını vurğulayıb.

Tramp qeyd edib ki, yəhudi seçicilər ona ədalətsiz yanaşırlar: "Mən bu seçkidə qalib gəlməsəm, yəhudi xalqının həqiqətən də bununla çox əlaqəsi olacaq”. Siyasətçi demokrat rəqibi Kamala Harrisin noyabr seçkilərində qələbəsi iki il ərzində İsrailin məhvinə gətirib çıxaracağını deyib.

Göründüyü kimi, yəhudilər kimi ermənilər də Trampın seçilməsini istəmirlər. Yəhudi lobbisinin gücü aydındır, bəs, erməni lobbisi ABŞ-dakı prezident seçkilərinin nəticəsinə nə qədər təsir edə bilər?

Deputat Vüqar İsgəndərov erməni lobbisinin gedən proseslərdən çox ciddi narahat olduğunu qeyd etdi:

64e352757d57064e352757d571169261.jpg (118 KB)

“Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsi dünya düzəninə əsaslı təsir edə bilər. Yəni əgər Donald Tramp qalib gələrsə bu zaman ABŞ-nin xarici siyasətində bəzi dəyişikliklərin olmasını qaçılmaz edəcək. Donald Trampın qalib gəlmə ehtimalı ABŞ-dakı erməni diasporunu da ciddi şəkildə narahat edir. Yayılan məlumatlara görə, ABŞ-dakı erməni diasporunun rəhbərlərinin fikrincə, noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Donald Tramp Vaşinqtonun Ermənistana dəstəyini dayandıracaq. Qeyd edim ki, bu məsələ “The National Interest” jurnalında dərc edilən “Ermənistan və ABŞ-da seçkilər. Ermənistan Rusiyanın arxa bağçasında ABŞ üçün plasdarm ola bilər” adlı məqalədə geniş şəkildə təhlil edilib. Məqalədə də vurğulandığı kimi, əgər demokratların namizədi Kamala Harris qalib gəlsə, onda ABŞ Azərbaycanla münasibətləri saxlasa da, indiki kursa sadiq qalaraq Ermənistanla əməkdaşlığı dərinləşdirə bilər. Erməni lobbisinin bu narahatlığı bu baxımdan başadüşüləndir. Məlumdur ki, Ermənistanın təhlükəsizlik sistemi Rusiyadan ayrılaraq ABŞ-a meyl edir. Bu dəyişiklik ABŞ-nin bu il iyunun 11-də Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsində ən dəqiq şəkildə öz əksini tapıb. Əgər Donald Tramp qalib gələrsə bu zaman rəsmi Vaşinqton bir sıra məsələlərə yenidən baxa bilər. Təbii ki, bu sırada ABŞ-nin Cənubi Qafqaz siyasəti də olacaq. Bu zaman isə yaxın vaxtlarda daimi ağaları Rusiyaya “təpik atan” Ermənistan necə deyərlər ortada qala bilər. Erməni lobbisini də məhz bu məsələ narahat edir”.

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov çox maraqlı və diqqətimizi çəkən tarixi faktlar açıqladı:

WhatsApp Image 2024-09-23 at 18.52.39.jpeg (77 KB)

“İlk olaraq onu deyim ki, ABŞ erməni lobbisi və diaspor təşkilatlarının sayına görə dünyada birinci yerdə dayanan ölkədir. Bu baxımdan Zbiqnev Bjezinskinin də dediyi kimi erməni lobbisi ABŞ-də ən effektiv etnik lobbilərdən biridir. Bu da təbiidir. Çünki ermənilərin ABŞ-a köçü uzun illərə dayanır. Hələ 1890–1900-cü illər arasında 12 minə yaxın erməninin ABŞ-a köçməsi haqqında faktlar var və elə təqribən o dövrlərdən də ABŞ-da erməni partiyaları meydana gəlməyə başlayıb.

İlk dövrlərdə erməni diasporu erməni siyasi partiyalarının ətrafında formalaşırdı, onlar isə öz növbəsində ictimai və dini təşkilatların yaradılmasında mühüm rol oynayırdılar. İndi ABŞ-də hər hansı bir partiyanın, təşkilatın və ya assosasiyanın üzvü olmayan erməni çox nadir tapılar.

Uzun illər ərzində ABŞ-dakı erməni təşkilatları, ermənilərin bu ölkəyə mühacirəti üçün səy göstəriblər. 1927-ci ildə Djonson-Rid İmmiqrasiya aktı qəbul olunub ki, bu akt Amerikaya mühacirət kvotalarını tənzimləyirdi, Amerika erməniləri və ermənipərəst təşkilatlar ermənilərin qaçqın kimi qəbul olunmasını və onların ABŞ ərazisinə asanlıqla gəlməsi üçün səy göstərirdilər. İkinci dünya müharibəsindən sonra, "Evsiz ermənilər üzrə amerikan milli komitəsi" analoji tədbirlərə əl atır və 25000 erməninin ABŞ-a mühacirəti üçün şərait yaradır. Yəni bir daha təkrar edirəm ki, ermənilərin ABŞ-da güclü lobbi imkanlarına malik olması uzun illər ərzində aparılan siyasətin nəticəsində mümkün olub.

Sovet İttifaqının süqutundan sonrakı dövrdə isə erməni lobbisi təsir imkanlarını daha da genişləndirib. 1995-ci ildə ABŞ konqresində erməni məsələləri üzrə iki partiyalı konqresmen qrupu yaradılıb. Qrupu demokrat Frenk Pallone ve respublikaçı Edvard Porter təsis etmişdilər, sonradan Porterin yerini Co Nollenberq tutur. Bu qrupun fəaliyyəti Ermənistanın və erməni diasporunun maraqlarını əks etdirən bir sıra sənədlərin konqresin gündəliyinə gətirilməsindən və qəbulu üçün səy göstərməkdən ibarətdir. Qrupun üzvü olan bir çox konqresmen 1992-ci ildə Azərbaycana ABŞ yardımını qadağan edən Azadlıq aktına 907-ci düzəlişin lehinə səs verən insanlardır. Konqresdəki qrupdan əlavə həm Demokrat partiyasında, həm də Respublikaçılar partiyasında erməni şurası fəaliyyət göstərir”.

Politoloq ermənilərinin seçiminin Kamala Harris olacağını proqnozlaşdırır:

“Bu il keçiriləcək Prezident seçkilərndə erməni lobbisinin kimi dəstəkləyəcəyinə gəldikdə isə təbii ki, onlar heç bir zaman Amerikadakı erməni lobbisi ilə bağlılığı olmayan Trampa deyil, hər zaman ermənipərəst mövqeyi ilə seçilən Kamala Harrisə üstünlük verəcəklər.

Ermənilər yaxşı başa düşür ki, Kamala Harris prezident seçilərsə, Obama və Baydenin dönəmindəki siyasəti davam etdirəcək. Üstəgəl Harris siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün dəstək verib. 2016-cı ildə verdiyi bir bəyanatda “Prokurorluq və Kaliforniya ştatının ədliyyə naziri vəzifələrini tutduğum dövrlərdə olduğu kimi Senatda bəşəriyyət tarixinin ən qaranlıq dövrlərindən biri olan "erməni soyqırımı"nın uyğun formada tanınması və nəticə əldə etmək üçün erməni ictimaiyyətinin yanında olacağam" demişdi.

Ümumiyyətlə isə Demokratlar həmişə erməni və yunan lobbisinin təsiri altında olublar. Ona görə də Demokratların Azərbaycana münasibəti həmişə Respublikaçıların münasibəti ilə müqayisədə sərin olub. ABŞ-Azərbaycan münasibətləri Respublikaçıların hakimiyyətdə olduqları zamanlarda daha yaxşı olub. Bir qayda olaraq, Kaliforniyadan olan senatorlar, konqresmenlər xüsusilə ermənilərlə həmişə daha yaxın münasibətlərdə olurlar. Bu da onların Azərbaycan və Türkiyəyə münasibətlərinə təsir göstərir.

Donald Tramp isə ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verən siyasətçidir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi birbaşa Amerikanın maraqlarına xidmət edir. Və ya Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də Amerika üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq. Üstəlik onu da qeyd edək ki, Azərbaycanın ikinci Qarabağ savaşına başlaması və ərazilərimizin azad edilməsi də məhz elə Tramp hakimiyyəti dövründə baş verib.

Seçkilərə təsir imkanına gəldikdə isə, bu elə də asan məsələ deyil. Yəni sabah, Harrisin prezident seçiləcəyi halda onun yalnız ermənilərin dəstəyi ilə seçilməsini demək mümkün deyil. Və ya Trampın bundan əvvəlki prezident seçildiyi dönəmdə də erməni lobbisi ilə məsafəsi ortada idi, amma ermənilər onun prezident seçilməsinin qarşısını ala bilmədilər. Yəni başqa sözlə desək ABŞ-da seçki təkcə hansısa lobbi təşkilatının maraqları ilə ölçülmür”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR