Onlayn ictimai-siyasi qəzet
Rəsmi Moskva Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı atdığı addımları diqqətlə izləyir və erməniləri ağıllı yola çəkmək üçün fəaliyyətini davam etdirir. Hər halda, müşahidələr bu qənaətə gəlməyə əsas verir.
Yada salaq ki, aprelin 4-də Ermənistan Prezidenti Vaaqn Xaçatryan respublikanın Avropa İttifaqına (Aİ) üzvlüyünün başlanması haqqında qanunu imzalayıb. Rusiya baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, Avrasiya İqtisadi Birliyi bir araya sığmır və regiondankənar oyunçuların Ermənistana gəlişinin “nəticələri olacaq”. “Onu da anlamaq lazımdır ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) bir-birinə uyğun gəlmir” - Overçuk bildirib.
Ötən həftəsonu Moskva bu istiqamətdə daha bir həmlə edib. Erməni Sahibkarlar Assosiasiyasının (ESA) biznes forumu keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə Ermənistan və Rusiyadan iki yüzdən çox iş adamı bir araya gəlib. Sənayeçilər və Sahibkarlar Assosiasiyasının prezidenti, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan vurğulayıb ki, 2024-cü ildə Ermənistanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 12,7 milyard ABŞ dollarına çatıb, Avropa İttifaqı ilə ticarət isə 14 faiz azalaraq 2 milyard dollar olub. “Avrasiya İqtisadi İttifaqından çıxmaq və özümüzü Avropa İttifaqına yönəltməyə cəhd etmək ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər. Bu, təkcə siyasi qərar deyil. Biz aydın başa düşməliyik ki, bu istiqamətdə istənilən addım emosiyalar əsasında deyil, real milli maraqlar əsasında hesablanmalıdır”, - Karapetyan deyib. ESA rəhbərinin sözlərinə görə, bu gün Rusiya Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. “Qaz və neft məhsulları sabit kanallar vasitəsilə, Ermənistan üçün əlverişli şərtlərlə tədarük edilir. Aİİ-dən çıxacağı təqdirdə təchizatın tənzimlənməsinin vahid mexanizmləri fəaliyyətini dayandıracaq və enerji qiymətləri əhəmiyyətli dərəcədə arta bilər. Bu, ayrı-ayrı sektorların iflic olmasına və bütün iqtisadi sistemin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Enerji təhlükəsizliyi yalnız hansı ölkənin iqtisadi gələcəyinə təsir edən amil deyil, asılıdır. Xalqlarımızın ortaq dəyərləri, çoxəsrlik dostluq və əməkdaşlıq ənənələri var. Rusiyada milyonlarla erməni yaşayır və işləyir, hər iki ölkənin inkişafına öz töhfəsini verir. Rusiya xaricdəki erməni diasporu üçün əsas ölkə olaraq qalır”, - deyə sahibkar bildirib.
Bu arada Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında aksiya keçiriblər. Bildirilib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir. Aksiyaçılar hesab edir ki, hakimiyyətin öz qərarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks-təsirə səbəb olacaq. Etirazçiların sıralarına hətta hakimiyyətə yaxın deputatların da qoşulması Nikol Paşinyan üçün xoş xəbər deyil.
Erməni biznesmenlərin Paşinyana qarşı təşkilatlanmasının hansı mənfi nəticələri olacaq? Biznes elitası hakimiyyət dəyişikliyində hansı rol oynaya bilər?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, Ermənistan iqtisadiyyatında son 3 ildə nəzərəçarpan artım da, bu ölkənin Avrasiya İqtisadi Birliyi üzvləri ilə ticarət dövriyyəsinin 12,7 milyard dollara çatması da, Rusiyanın enerjidaşıyıcılarının ora aşağı qiymətlərlə satılması ilə bağlı deyil: “Ümumiyyətlə, dağ-mədən sənayesini nəzərə almasaq, Ermənistanın dünya bazarına çıxara biləcəyi malların çeşidi və həcmi elə də çox deyil, uzağı bir neçə yüz milyon dollarla ölçülür. Yəni onun Avrasiya İqtisadi Birliyi, özəlliklə də Rusiya ilə ticarətinin həcminin son 3 ildə bu dərəcədə qalxmasında sözügedən qurumdan çox Qərb mühüm rol oynayıb. Daha dəqiqi, həmin Qərb Rusiyaya satışına qadağa qoyduğu malların Ermənistan üzərindən ya birbaşa, ya da Mərkəzi Asiyadakı bəzi dövlətlərdən keçməklə ora ötürülməsinə göz yumduğundan belə bir mənzərə formalaşıb. Yəni Ermənistanın iqtisadi uğuru situativ xarakter daşıyır və bir daha vurğulayıram ki, istehsal potensialının məhdudluğu səbəbindən Rusiyanın özünün enerjidaşıyıcılarını ora ucuz satmasının burada rolu varsa da, çox cüzidir”. Rusiyadakı toplantıya gəldikdə, S.Alıyev qeyd etdi ki, burada gələn il Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinə hazırlıq məqsədinin güdüldüyü birmənalıdır: “Orasını da deyim ki, ABŞ-Rusiya danışıqları nə dərəcədə Moskvanın arzuladığı yöndə davam edəcəksə, biznesmenlər Nikol Paşinyan və komandası üçün bir o qədər təhlükəyə çevriləcək. Və hətta gələn il keçiriləcək seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir edə bilərlər. Çünki hazırda Rusiyadakı ermənilərin sayı Ermənistandan çoxdur. Və heç vaxt hay dövləti olmayıb, hay dövləti kimi təqdim edilən geosiyasi layihə olub ki, bu gün o layihə Qərbi Azərbaycanda reallaşdırılıbsa, sabah beynəlxalq konyunkturaya uyğun şəkildə yerdəyişmə də baş verə bilər”.
Vüqar Bayramov
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirdi ki, Ermənistanın Avrasiya İttifaqında olan ölkələrlə ticarət dövriyyəsinin artmasının əsas səbəblərindən biri reeksport, yəni sanksiyalardan yayınmadır: “Nəzərə alsaq ki, daha çox artımlar Rusiya ilədir, Rusiya ilə ciddi artımlar var. Bu da reeksportla bağlı prosesdir. Dəfələrlə qeyd olunsa da, çox təəssüf ki, əksər Qərb ölkələri bu məsələyə göz yumurlar, hər hansı real addım atmağa çalışmırlar. Amma sözsüz ki, son dövrlər Moskvadan verilən açıqlamalar, o cümlədən həm rəsmi, həm qeyri-rəsmi açıqlamalar ondan xəbər verir ki, rəsmi Moskva hər zamankı kimi, Ermənistanda baş verənləri yaxından izləyir və bu prosesə reaksiya vermir. Rusiya iqtisadi baxımdan Ermənistan üçün vacib ölkədir. Bir tərəfdən Ermənistanın ticarət dövriyyəsində Rusiyanın payı ildən-ilə artır. Digər tərəfdən, Ermənistan iqtisadiyyatında Rusiya sərmayəsi kifayət qədər böyükdür. Eyni zamanda mavi qazın ötürülməsi ilə bağlı işlər və bir sıra digər istiqamətlər Rusiya şirkətlərinin idarəetməsinə verilib. Eləcə də Rusiyada yaşayan ermənilərin Ermənistana göndərdikləri vəsaitlər də əhəmiyyətli paya malikdir. Bu baxımdan xüsusilə də indiki məqamda Rusiyanın mövqeyi Ermənistan iqtisadiyyatına təsir edən faktorlardan biridir və bu təsirlər qalacaq”.
Siyasi təsirlərə gəldikdə, V.Bayramovun fikrincə, sözsüz ki, bu, həm Ermənistan iqtisadiyyatında və xüsusən də Ermənistandakı sosial vəziyyətə təsirlərdən birbaşa asılı olacaq: “Nəzərə alsaq ki, Ermənistanda yoxsulluq həddi, eyni zamanda işsizlik səviyyəsi yenə də yüksək olaraq qalmaqdadır. Çünki reeksport Ermənistan iqtisadiyyatının güclənməsinə xidmət etməyib. Bu kontekstdən məsələlərlə bağlı son açıqlamalar ondan xəbər verir ki, biz həm Ermənistan daxilində, həm də Rusiya-Ermənistan münasibərlərində növbəti dövrdə yeni dəyişiklikləri müşahidə edə bilərik”.
Beləliklə, seçkilər ərəfəsində Ermənistanda hərarətin artacağı şübhəsizdir. N.Paşinyanın bu günlərdə Qərbi Zəngəzura “başmaq seyri”nə çıxması da gündən-günə düşən imicini qaldırmaq niyyətindən qaynaqlanır.
E.PAŞASOY,
“Yeni Müsavat”
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ