İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərə gələndə 11 nəfərlə eyni otaqda yaşadım” –Sönməyən 75 illk sevgi

“Hər günü son günmüş kimi yaşayırdıq”...

“Ərə gələndə 11 nəfərlə eyni otaqda yaşadıq”...

Bu sözləri Lent.az-a 1 əsrə yaxın bir-biriləri ilə həyatlarını bölüşən Tutu və Mahmud cütlüyü deyib. Bu dəfə sorağımız bir az uzaqdan, Naxçıvanın Ordubad şəhərinin, Bits kəndindən, Tahirovlar ailəsindən gəlir.

“Səni sevmək üçün gəldim dünyaya” deyib xalq şairi Zəlimxan Yaqub.

Bəli, sanki bu cütlük də bir-biriləri üçün yaradılıb. Müasir dövrdəki ortalama insan ömründən daha uzun sevgi düşünün. Nə az, nə çox, düz, 75 illik sevgi, hörmət, qayğı, həyat yoldaşlığı…

Bəlkə də, çoxunuzun təsəvvüründə “Bu münasibət necə davam edib?” deyə sualı yarandı. Nə yalan deyim, elə yol boyu məni də bu sual düşündürüb: İki ayrı insanın 75 il bir yerdə saxlayan nə ola bilər?

Lent.az komandası bu məhəbbətin sorağı ilə düz 645 km uzağa yollanıb.

Təməli 75 il bundan öncəyə dayanan bu ailə haqqında ilkin məlumatları getməmişdən qabaq araşdırmışdıq.

Belə ki, Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində doğulub. Qonşu Xurs kəndindən olan Tutu nənə isə 1929-cu ildə dünyaya göz açıb. Onların taleyi isə 75 il bundan öncə, 1949-cu ilin Novruz bayramında – martın 21-də birləşib.

Elə şairin şeirində dediyi kimi olub: Taleyin qisməti rast saldı bizi.

Ümumi 1 saat yarımlıq yolun sonunda bizi Tutu nənənin nəvələri və oğlu qarşıladı. Onların maşını ilə bir əsrə yaxın evli olan Tutu və Mahmud cütlüyünün evinə yollandıq. Yarım əsrdən çox bir yerdə yaşayan Tutu nənə ilə Mahmud kişi elə evin girişindəki həyətdə oturub bizi gözləyirdilər. Onlarla görüşüb, nəfəsimi dərmədən yol boyu beynimdə yaranan suallara cavab tapmaq üçün söhbətə başladım.

Hə, söhbətdən kənara çıxıb bir şeyi də sizə danışım. Bizim bu ailə ilə tanışlığımız, onlara qonaq olmağımız tamam başqa bir hadisədən qaynaqlandı. Deməli, il boyu işləyib, gözümü dikmişdim yay məzuniyyətimə. Vaxt keçdi, vədə yetişdi məzuniyyətə çıxdım. Elə düşünürdüm ki, bu yay heç getmədiyim Naxçıvana səfər edim, oranı gəzim. Hə, “niyyətin hara mənzilin də ora” deyiblər. Feysbukun xəbər lentində paylaşımlara baxırdım. Bir şəkil çıxdı qabağıma – “Azərbaycanın ən uzunömürlü ailəsi”. Marağımı çəkdi, neyləyək jurnalist marağına üstün gələ bilmədim. Şərhləri oxudum, barələrində axtarış verdim. Öyrəndim ki, bu yarım əsrdən çox birlikdə olan ailə Naxçıvanda yaşayır. Elə beləcə bu yazı da bir bəhanə oldu Naxçıvan səfərimizə.

Gələk yazımızın “mustafasına”. Başlayaq 97 yaşlı Mahmud Tahirovdan...

Mahmud kişi ailədəki 7 övladın ən böyüyü olub. Bütün ailənin məsuliyyətini öz çiyinləri üzərinə götürən Mahmud kişinin gənc yaşları yaşıdlarından fərqli olaraq çox məşəqqətli keçib.

Əli Tahirov – Mahmud Tahirovun atası həmin dövrün tanınmış ziyalılarından olub. Xalq üçün öz evində məktəb açıb, uşaqların təhsili üçün can qoyub. Elə Mahmud kişi də bu məktəbin tələbəsi olub.

Daha sonra, taleyin oyunu ilə rast gəldiyi Tutu nənənin məktəbində təhsilini davam etdirib:

“İlk təhsilimi atamın açdığı məktəbdə almağa başlasam da, sonralar Xurs kəndindəki 7 illik məktəbdə davam etdirdim. Tutu ilə tanışlıq da həmin illərə təsadüf etdi. Bir-birimizi sevsək də, bunu deyə bilmədik. Ay qızım, o vaxtı belə şeylər gizlin saxlanılırdı e. İndiyə baxmayın”.

Mahmud kişinin dediyi kimi. Onların gəncliyi Sovet hakimiyyətinin totalitar rejimi və İkinci Dünya müharibəsinin cənginə aldığı o dövrlərə təsadüf edib. Çiyinlərinə aldığı ailə yükü Mahmud kişini həm oxumaq həvəsini, həm də saf məhəbbətini bir qədər içində boğmağa vadar edib. Atası evində açdığı təhsil ocağına görə repressiya qurbanı olub. Elə qardaşları da müharibənin iştirakçılarına çevrilib, lakin onlar sağ-salamat evlərinə qayıda biliblər. Bu dövrdə bütün ailənin məşəqqətini, yükünü Mahmud kişi öz çiyinlərinə götürür:

“Həmin dövrlər çox çətin idi. Atam xeyirxahlığına, açdığı məktəbə görə repressiya məruz qaldı. Yaxşı ki, atamın aqibətini qardaşlarım yaşamadı. Sağ-salamat müharibədən qayıtdılar. Amma həmin dövrlər bütün yük mənim üstümdə idi. Yaşlı, xəstə anama və bacıma baxıb, evin, ailənin tək dayağı oldum. Amma qızım, sənə deyim ki, bu ağrılı günlər nə içimdəki saf sevgimi, nə də oxumaq həvəsimi söndürmədi”.

O, elə bu günü gözləyirmiş. Qardaşları müharibədən salamat qayıdan kimi Mahmud kişi oxumaq arzusunda dördəlli yapışıb. Ailəsini qardaşlarının himayəsinə verib, Ordubaddakı pedaqoji məktəbə yollanıb:

“Qardaşlarım gələndən sonra içimdə illərdi boğduğum arzumu gerçəkləşdirmək üçün çabalamağa başladım. Ailəmi verdim qardaşlarımın himayəsinə. Özüm də Ordubaddakı pedaqoji məktəbə getdim. Daha sonra, Naxçıvanda yeni açılan 2 illik Müəllimlər İnstitutunda təhsil aldım”.

İndi isə 95 yaşlı Tutu Tahirova…

Tutu Tahirova 1929-cu il qonşu Xurs kəndində dünyaya göz açıb. Onu oxumaq arzusu qonşu kənddəki ev şəraitində açılan yeni məktəbdə ibtidai təhsil almağa aparıb. Hər kəsin həyatını yarıda qoyan repressiya Tutu nənənin də arzusunu ürəyində qoyub.

Tutu nənənin gəncliyi də ən az Mahmud kişi qədər çətin keçib. Bəlkə də, daha artıq... Müharibənin ağır və ağrılı həyatını daha çox kişilər çiynində daşısa da, gözü yollarda qalan qadın iztirabı, qadın göz yaşı qədər insan ürəyini heç nə dağlaya bilməz. Gənc yaşında atası müharibənin gedər-gəlməzinə yollanıb. Ardınca isə qardaşları İkinci Dünya müharibəsi iştirakçısına çevriliblər.

Biz, yeni nəslin gəncləri bu çətinlikləri tam təsəvvür edə bilməsək də, orta və yaşlı nəslin nümayəndələri müharibəyə yollanan əzizlərinin yolunu gözləməyin acı iztirabının nə demək olduğunu yaxşı bilirlər.

Tutu nənənin sağlığı ilə bağlı bir sıra problemləri vardı. Elə buna görə bütün xatirələrini bizə Mahmud kişi danışdı. Amma söhbətimiz boyu Tutu nənənin dodaqları əsə-əsə dediyi bir cümləni xatırlayıram:

“Biz o günlərimizi sonuncu gün kimi yaşayırdıq”.

13 yaşında başlayan gənclik məhəbbəti nümunəvi 75 ilə aparan ilk addım olub... Onların ilk sevgi etirafı vaxtilə həmin məktəbdə öyrəndikləri hərflərlə həkk etdikləri kağız parçasında yaşayır. İndi də o məktubları ən əziz, ən şirin xatirə kimi qoruyub saxlayırlar. Lakin bu ülvi məhəbbəti uzun illər qəlblərində bir sirr kimi yaşatmalı olublar:

“Tutu atamın açdığı məktəbə oxumaq üçün gəldi. Elə onla tanışlığımız da belə baş tutdu. Sonralar çox çətin keçdi. Mənim də, onun da atası, ailə üzvləri repressiya qurbanı oldu, müharibəyə getdilər. Amma heç nə bizim sevgimizə əngəl olmadı.

Uzun müddət, sadəcə, ürəklərdə yaşayan bu sevgi, nəhayət ki, iki gənci qovuşdurub. Ailə qurandan sonra ilk illər 11 nəfərlə təkotaqlı evdə qalıblar. Ailəsini dolandırmaq üçün müxtəlif illərdə təyinatla pedaqoji fəaliyyət göstərib Mahmud kişi. Tutu xanım bu illəri səbrlə onun yolunu gözləyib.

Hə, uzun və məşəqqətli keçən 75 ilin bəhrəsini indi görür bu cütlüyümüz. Mahmud müəllim deyir:

“Bizim uzunömürlü ailəmizin sirri mehribanlıqdır. Ac, tox, yaxşı, pis bütün günlərdə mehriban olduq. Nə qədər ki, ailədə hörmət, ehtiram var, o ailənin təməli möhkəm olacaq. Ata-ana nə qədər mehriban, xoş, gülərüzdüsə, övladları da elə olacaq. Əbəs yerə deməyiblər: uşaq evin güzgüsüdür. Övladlarımız bizdən ancaq mehribanlıq görüb. İndi də hərəsinin ailəsi, evi, işi, yaxşı gün-güzəranı, şəraiti var. Onlarla fəxr edirəm. Qızım, unutmayın ki, ailə böyük bir dəyərdir. Ailəyə məhəbbət xüsusilə lazımdır. Gərək gənclərimiz ailəsinin qədrini bilsinlər.

Məndən soruşsalar, bu iki dünyagörmüş insanı canlı tarix kimi qəbul edirəm. Çünki o dövrün ağrılı, acılı, müharibələrlə dolu illərini onlar birlikdə yaşayıblar. Dövrün tələbləri ilə birlikdə döyüşüb, qol-qola çıxıblar. Onlar xoşbəxtlikləri ilə əsl Azərbaycan ailə modelini layiqli şəkildə nümayiş etdirirlər. 7 övlad böyüdən ailənin 15 nəvəsi və 10 nəticəsi var.

Bu da belə… Əbəs yerə deməyiblər, “Dünyanı sevgi xilas edəcək”. Elə bizim də sorağımız sevgidən gəlmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR