Onlayn ictimai-siyasi qəzet
Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılır.
Musavat.com xəbər verir ki, prosesdə Bayram Bayramov apellyasiya şikayətinin dəlilləri üzrə çıxış edib.
O bildirib ki, ümumi ittihamla razı deyil və xidmət etdiyi korpusun hərbi hissələrində olan bütün mənimsəmələri onun üzərinə yazıblar:
"Yoxlamaya gələnlər öz faizlərini alırdılar. Bu məndən qabaq da belə olub, mənim dövrümdə də. Ümumilikdə mənə qarşı 9 milyon manatlıq mənimsəmə ittihamı irəli sürülüb. Hərbi hissələrdə artıq yazılan pullar mənə mənimsəmə kimi yazılıb".
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə deyib ki, maliyyə xidmətlərinin rəisləri məhkəmədə ifadə verib və pulların Rəfail Xələfova çatdığını qeyd ediblər:
"Bütün bunlara rəğmən əvvəl Rəfail Xələfov pul aldığını dansa da, daha sonra az məbləğ də olsa götürdüyünü boynuna aldı".
Rəşad Mirmehdizadə qeyd edib ki, müvəkkili cinayət işi üzrə özünü qismən təqsirli hesab edir:
"Biz ittihamın bir qismini qəbul etsək də, digər hissəsini qəbul etmirik. Nizami Məmmədov saxlanıldığı gündən bəri verdiyi ifadə dəyişməz olaraq qalıb. Ona qarşı sürülən 18 milyon 674 min 594 manatın 12 milyon 500 min manatını ödəyib. Məhkəmə təqsirləndirilən şəxsin istintaq orqanının depozit hesabına ziyanın qismən ödənilməsini nəzərə alıb. 12 milyon 500 min manat vəsait qismən olaraq nəzərə alınıb və bunun qarşılığında 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib".
Vəkil bildirib ki, ittiham aktında qeyd olunan müvəkkilinin mənimsədiyi məbləğdən 4 milyon manata yaxın məbləğ çıxılmalıdır:
"Cinayət işi üzrə şahid qismində ifadə verən S.Abbasov və N.Cabbarov istintaq dövründə ərizə ilə müraciət ediblər. S.Abbasov 2 milyondan çox, N.Cabbarov isə 300 min manat pul mənimsədiyini və bunu hissə-hissə qaytarılmasına şərait yaradılmasını istəyiblər. Bunun üçün də həmin məbləğdən 4 milyon manat çıxılmalıdır".
Xatırladaq ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər. Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş edib. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin dövlətə vurduqları ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır.
Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Növbəti proses mayın 5-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ