Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövləti əbəs yerə sülh müqaviləsini Nikol Paşinyanla deyil, Ermənistanla bağlayacağını bəyan etmirdi. Xatırlatmaq yerinə düşər: Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da ötən il Almaniyada dərc edilən “Berliner Zeitung” qəzetinə müsahibəsində bu barədə dövlərimizin rəsmi mövqeyini açıqlamışdı. “Azərbaycan sülhü baş nazir Paşinyanla yox, Ermənistanla imzalamaq istəyir”, mövqeyində rəsmi Bakının nə dərəcədə haqlı olduğunu 30 mart Parkar və Gümrüdəki yerli qurumlara seçkilər də təsdiqlədi.
Xatırladaq ki, martın 30-da Gümrü icmasında Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilib.
Seçkiyə 9 siyasi qüvvə qatılıb və seçicilərin 42,66 faizi iştirak edib. Nəticələrə görə, “Mülki müqavilə” və onun merliyə namizədi Sarik Minasyan 17 min 183 səs toplayıb. Baxmayaraq ki, hakim partiya seçkilərdə iştirak etməkdən ötrü ətraf bölgələrdən avtobusla adamlar daşımışdı, amma bu, nəticəyə ciddi təsir etmədi. Həm Parkarda, həm də Gümrüdə hakim partiyanın aldığı səslərin göstəriciləri heç 40 faizə çatmadı, 32 və 36 faiz oldu. Təsəvvür edin, Paşinyan hətta inzibati resurslardan sui-istifadə etdiyi, müxalifət namizədlərinə qarşı ən müxtəlif təzyiq resurslarını işə saldığı halda, belə birabırçı nəticələrlə üzləşdi. Beləliklə, sözügedən seçkilərdə baş nazir Nikol Paşinyan ilk məğlubiyyətini “qazandı”. Bu, hakim partiya üçün parlament seçkiləri öncəsi ciddi xəbərdarlıqdır.
Nikol Paşinyan 44 günlük Vətən müharibəsindən sonra, 2021-ci ilin 21 iyununda keçirilən növbədənkənar parlament seçkilərində qələbəsini təmin etməklə çoxlarını təəccübləndirmişdi. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının 53.9 %-lə qələbəsini təmin etməsi, Ermənistanın esk-prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi radikalların - “Ermənistan” blokunun isə 21 faizlə ikinci, “Çiçəklənən Ermənistan”ın isə cəmi 3,9 faizlə kifayətlənməsi heyrətamiz nəticə idi. Cəmi 8 ay əvvəl kapitulyasiya sənədinə imza atmış şəxsin partiyasının Zəngəzur və İrəvan da daxil olmaqla Ermənistanın bütün bölgələrində qalib gəlməsi, xüsusilə də Ermənistan kimi, ifrat düşmənçiliyə köklənmiş cəmiyyətdə bu nəticənin ortaya çıxması nonses idi. Amma o zaman Paşinyan buna nail oldu, özü də təkbaşına yox. ABŞ-nin Ermənistandakı 2 minlik hərbi kontingenti – diplomatik korpusu, Sorosun dəstəyi, Avropa İttifaqının İrəvandakı kəşfiyyatçıları, Makronun dəstəyi və sair amillər, xüsusilə də Paşinyanın 2018-ci ildə Qərbə verdikləri vədləri icra edəcəyi barədə andı öz sözünü dedi.
Amma artıq Paşinyan üçün narahatlıq dolu günlərə start verilib. Ermənistanın baş naziri əslində sürətlə uçuruma yuvarlandığını anlayırdı. Məhz buna görə də hətta növbəti növbədənkənar seçkilərə gedib, kreslosunda möhkəmlənmək üçün hazırlıqlara başlamışdı. Lakin vəziyyətin ürəkaçan olmadığını anladığı üçün bu ilin yanvarında “Ermənistan respublika parlamentinə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır”, deyib məsələyə nöqtə qoydu. İmicinin bərbad halında seçkiyə getməyin adı yox idi. Ötən ilin ikinci yarısından etibarən davamlı şəkildə “sülh müqaviləsini imzalamağa hazıram”, bəyanatı verən, Baydendən, Blinkendən tutmuş, digər yan-yörəsinin də dəstəklədiyi “yarımçıq sülh” layihəsinin icrası üçün canfəşanlıq edən Paşinyan imicinə xallar qazandırmağa çalışırdı. Təbii ki, yarımçıq sülhü Ermənistan üçün əlverişli şərtlərlə imzalamağa çalışırdı, nə konstitusiyanı dəyişdirmək istəyirdi, nə Minsk Qrupundan imtina edirdi, nə də Zəngəzur dəhlizini açırdı.
Üstəlik də Avropa İttifaqının hərbi-casus dəstələrinin Ermənistanda qalma müddətini uzadırdı. Bununla Paşinyan Ermənistanı Avropaya inteqrasiya edən ölkə kimi vitrinə çıxartmaq, seçicilərinin sıralarını genişləndirmək niyyətində idi. Yarımçıq sülh niyyəti “suya düşdü”, Azərbaycan şərtlərini bir daha xatırlatdı və prinsipial mövqeyini elan etdi. Hətta Parkar və Gümrü müsibətlərindən iki həftə əvvəl də az qala hay-haray çəkirdi ki, “buraxın əllərimi, sülh müqviləsini imzalayıram”, xeyri olmadı. Yalançı bəyanatları ona reytinq qazandırmadı, üstəlik, nokdaun yaşadı. Hazırda Ermənistan rəhbərliyi başgicəlləməsini yaşamaqdadır, qalxıb nələrsə etmək istəyir, amma səndələyib, yıxılır. İndi aydın olur ki, Ermənistan ordusu Nikol Paşinyanın sülh bəyanatlarının “müşayiəti” və Avropa İttifaqının şərti sərhədlərdəki binokllularının səf tutması şəraitində niyə mövqelərimizi atəşə tuturlar. Yerli orqanlara seçkilərdəki məğlubiyyəti göz önünə gətirən Paşinyan havadarlarının dəstəyi ilə diqqəti “xarici düşmən”ə yönəltmək üçün təxribatların seriyasını genişləndirmişdi. Amma bu da alınmadı, Azərbaycanın təmkinli mövqeyi nəticəsində hər hansı toqquşma baş vermədi, Ermənistan əhalisinin diqqətini yayındıran heç nə olmadı. Hətta guya Ermənistanın həmsərhəd kəndlərinin “atəşə tutulması” barədə sərsəm iddialar, hansısa pəncərə şüşəsinin qırığı, ya divardakı çapığın göstərməsi də Paşinyan hakimiyyətinin eyiblərini örtmək üçün kifayət etmədi.
Bir neçə gün əvvəl erməni mediası yazmışdı ki, Gümrü və Parakarda keçirilən seçkilərdən sonra baş nazir Nikol Paşinyan yaxın vaxtlarda hakim partiyada köklü dəyişikliklər etməyi planlaşdırır. İddialara görə, bununla da hamıdan narazı olduğunu nümayiş etdirmək və seçkiqabağı “vədini” yerinə yetirmək istəyir. “Seçkidən öncə Paşinyan bildirmişdi ki, “Mülki müqavilə” qalib gəlməsə, ciddi cəza mexanizmləri tətbiq ediləcək”. (“Hraparak”) Paşinyanın Andranik Köçəryanı və Vilen Qabrielyanı parlamentdən çıxaracağı barədə iddialar da var. Bildirilir ki, Vilen Qabrielyan müəyyən dairələrin göstərişi ilə hakim qüvvəni gözdən salmaq üçün Gümrüyə də gedibmiş.
Görünən budur ki, Paşinyan öz uğursuzluğunu kimlərinsə boynuna yükləməyi hədəfləyir. Hələ ötən illərdə bənzər hədələrlə çıxış edirdi. Paşinyan dəfələrlə “yaz-payız budaması”nı həyata keçirib. Özü də bu cəzalandırma zamanı özünə rəqib saydıqlarını sıradan çıxarıb. Nikol Paşinyan çalışır ki, ətrafında parlaq fiqur qalmasın, kimsə Qərb paytaxtlarının gözünə alternativ olaraq görünməsin. Qorxusundan təhlükəsizlik xidmətinin rəhbər və şəxsi heyətinin böyük hissəsini uzaqlaşdırmasını da xatırlayırıq. Qərbin alternativ kimi baxıdığı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı da neçə müddətdir gözümçıxdıya salıb. Bütün bunlar Ermənistanın öz işidir təbii, bizə o qədər də əhəmiyyəti yoxdur. Amma Azərbaycanın Ermənistanla bitməyən məsələləri var və belə bir durumda düşmən ölkədə anormal hadisələrin yaşanması sülh prosesini də uzada, həmçinin sərhədlərin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizinin açılması və digər önəmli məsələlərin reallaşmasını əngəlləyə bilər. Anarxiyanın hökm sürdüyü ölkə ilə hər hansı anlaşma əldə etmək də real deyil. Ermənistanda hakim Vətəndaş müqaviləsi partiyasının Gümrü və Parkarda yerli seçkilərdə uğursuzluğu Azərbaycan-Ermənistan sülh prosesinin uzanmasına da rəvac verə bilər. Çünki belə bir situasiyada Paşinyanın 2026-ci ildə parlament seçkilərində qalib gəlməsi problemli görünür. Elə Ermənmistandakı təhlilçilər də Paşinyan komandası üçün parlament seçkilərində qalib gəlmək şanslarının azaldlığını bildirirlər. Diqqət edin, 2021-ci il parlament seçkiləri ərəfəsində Vətəndaş müqaviləsinin reytinqi 25% təşkil edirdisə, 2025-ci ilin əvvəlində keçirilmiş sorğuya görə bu rəqəm 11%-ə düşüb.
Bu isə revanşistlərin yolunu açır. Təsəvvür edin, Gümrüdə müxalifətdən ən çox səs toplamış Kommunist partiyasının nümayəndəsi V.Qukasyan “dənizdən-dənizə Böyük Ermənistan” revanşist ideologiyasının tərəfdarıdır. Bu fakt da təsdiqləyir ki, belə qüvvələrin 2026-cı ildə parlamentə mümkün gəlişi ümumiyyətlə, sülh prosesini ciddi mane olacaq. Nəzərə alsaq ki, Gümrü və Parkarda qalib gəlmiş qüvvələr faktiki keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı təmsil edirlər, o halda vəziyyət daha da aydınlaşar. Qarabağ klanının liderlərinin hələlik ortaya çıxmaması da məqsədlidir, onlar fürsət gözləyirlər. Sərkisyan-Köçəryan cütlüyü haraya bağlıdır? Cavab aydındır, onlar Rusiyanın Ermənistandakı nökərləridir. İndi diqqət edək, Rusiyaya bu və ya digər şəkildə bağlı olan qüvvələr Paşinyan üzərində ilkin qələbəni harada qazanıblar: Gümrüdə. Gümrüdə isə Rusiyanın 102 saylı hərbi bazası yerləşir. Vəziyyət kifayət qədər aydındır. Son günlərədək Rusiyanın Paşinyan hakimiyyətini niyə cəzalandırmadığı, hətta Ermənistan prezidenti Vaaqn Xaçaturyanın respublikanın Avropa İttifaqına qoşulma prosesini başlatmaq haqqında qanunu imzalamasına da ciddi təpkilərin verilmədiyi barədə suallar verilirdi.
Budur, 26 mart tarixində Ermənistan parlamenti Aİ-yə qoşulma prosesini başlatmaq haqqında qanun layihəsini ikinci və son oxunuşda qəbul etdi, cəmi 4 gün sonra Rusiya hərbi bazasının olduğu Gümrüdə Paşinyanın tifaqı dağıdıldı. Rusiya Ermənistanı Ukrayna kimi işğal edəsi, erməni xalqını və onun Qərbdəki havadarlarını özünə qarşı çevirəsi, üstəlik Soros uşaqlarının hakimiyyətinin faydasına olan proseslərə rəvac verəsi deyildi ki. Rusiyanın hətta Ermənistana satdığı qazın qiymətini qaldırması da Ermənistanın itirilməsini sürətləndirə bilərdi, əhalidə anti-Rusiya ovqatı yaranardı, Kreml bütün bunları dəqiq hesabladı və Paşinyana Gümrüdən atəş açdı. Hələ bu, Paşinyanın əldən gedən “birinci qalası”dır...
Yazı çapa hazırlanarkən Nikol Paşinyanın xəstə yatağına düşdüyü barədə erməni mediası xəbər yaydı. O uğursuzluqdan sonra adam xəstələnər təbii ki...
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ