İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın Naxçıvan səfərində ən mühüm məsələ - Deputatdan İLGİNC AÇIQLAMA

“Türkiyə prezidenti cənab Ərdoğanın Naxçıvana dünənki səfəri iki müttəfiq ölkə arasında əlaqələrin dərinləşdirilməsindən də çox, məncə, yeni regional reallığın daha da möhkəmləndirlməsinə xidmət edirdi”.

Bunu Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib. 

sahib.jpg (64 KB)

İmzalanan müqavilələr, yeni anlaşmalardan bəhs edən, iki qardaş ölkənin əməkdaşlıq imkanlarının daha da irəli aparılması barədə razılaşmalara toxunan millət vəkilinin sözlərinə görə, bu səfər Naxçıvanın enerji potensialını artıracaq, eyni zamanda onun İrandan gələn qazdan asılılığına son qoyacaq bir sıra anlaşmalar çox önəmli idi.

“Eləcə də Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı bu bölgəmiz haqda qara fikirlilərə, yaxud da haylar kimi müəyyən xülyalara qapılanlara göstərdi ki, oradakı əlahiddə ordu heç bir halda zəifləməyəcək, o, hətta uzun vaxt çərçivəsində qarşısına qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində və gücündədir” - S.Alıyev vurğulayıb.

Deputat qeyd edib ki, bununla yanaşı, Türkiyə prezidentinin səfərində çox qabardılmasa da, ən mühüm məsələlərdən biri məhz Zəngəzur dəhlizinin açılması idi: “Diqqət yetirdinizsə, cənab Ərdoğan mətbuata bəyanatının lap əvvəlində “Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram” cümləsini işlətdi ki, bu da Zəngəzur dəhlizi açılmadan mümkünsüzdür.

Eyni zamanda Azərbaycan Prezidentinin Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını “tarixi hadisə” adlandırması, onu “Orta Dəhlizin həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək bir qolu” kimi təqdim etməsi də məhz bundan xəbər verirdi. Cənab İlham Əliyevin Şərqi Zəngəzurda tikintisi gedən və gələn ilin sonuna təhvil verilməsi gözlənilən dəmir yolunun “Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəyini vurğulaması da o deməkdir ki, Naxçıvan-Qars dəmir yolu bir növ bunun davamı kimi nəzərdə tutulur və Zəngəzur dəhlizi açılmadan bu, mümkün deyil. Zəngəzur dəhlizinin açılacağına əminlik olmadan isə tikintisinə yetərincə böyük vəsait sərf edilən və ediləcək dəmir yolu xətlərinin inşasına başlanılmaz, bu haqda niyyət protokolu imzalanmazdı. Bəli, əminlik var və bu, iki qardaş dövlətin müttəfiqliyinə, liderlərimiz arasında böyük səmimiyyətə, hər ikisinin qətiyyətinə dayanır”.

Sahib Alıyevin fikrincə, son 3 ilin olayları göstərdi ki, kimin nə düşünməsindən və necə davranmasından asılı olmayaraq, Azərbaycanla Türkiyə qarşılarına qoyduqları bütün birgə hədəflərə çatırlar: “Çünki bunun üçün həm gücləri var, həm də atdıqları addımlar beynəlxalq hüquq çərçivəsindədir, regionda sülhün, əmin-amanlığın əldə olunmasına xidmət edir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR