Onlayn ictimai-siyasi qəzet
Türkiyə mediasının və Reuters agentliyinin məlumatına görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriya paytaxtı Dəməşqə səfər edib. Səfər çərçivəsində İbrahim Kalın Əməvi Məscidini ziyarət etməsi haqda da videogörüntülər yayılıb.
Türkiyə-Suriya münasibətlərinin yenidən qurulması fonunda baş tutan bu səfər regional təhlükəsizlik və qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli hesab olunur.
"MİT Başkanı İbrahim Kalın Dəməşqə səfəri əhəmiyyətlidir. Bu Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir".
Bu barədə politoloq Elxan Şahinoğlu özünün "facebook" profilində bildirib. Politoloqun qənaətinə görə Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib:
"Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var. Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken sabah Ankaraya gedəcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər.
Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər".
Xalidə Gəray
Musavat.com
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ