Onlayn ictimai-siyasi qəzet
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" Xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə gedən polis əməkdaşları orada 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyitini aşkar ediblər.
Araşdırma zamanı Elşad Əsədovun qisas niyyəti ilə qətlə yetirildiyi məlum olub. Belə ki, hadisədən üç gün əvvəl qarşılıqlı razılaşma əsasında Elşad Əsədovun yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırdığı öyrənilib. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, Elşad Əsədov öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elə həmin gün cinayəti törətməkdə şübhəli bilinən Sadıq Dadaşov, Şahmar Əsədov, Pərviz Əsədov, oktyabrın 25-də Mətləb Muradov və Zabit Yolçuyev, noyabrın 1-də isə Nazim Mikayılov tutularaq istintaqa cəlb edilib.
İstintaq zamanı məlum olub ki, Aynur Əsədova rəsmi nikahta olmasına baxmayaraq, aralarında yaranmış sevgi münasibətlərinə görə, gələcəkdə ailə qurmaq məqsədi ilə 2018-ci il oktyabrın 19-da əri Şahmar Əsədovun qohumu Elşad Əsədova qoşularaq qaçıb. Qızının qaçmasını eşidən Sadıq Dadaşov qohum və tanışlarının köməkliyi ilə onları axtarmağa başlayıb. Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayə ev tutduqlarını öyrənib.
Bundan sonra Aynurla Elşad məcburi qaydada kəndə gətiriliblər. Aynur Əsədova dayısının evinə aparılsa da, təxminən 50-60 nəfərdən ibarət kənd sakini Elşad Əsədovun olduğu avtomobilin qarşısını kəsib. Bu zaman onların arasında olan Aynurun atası Sadıq Dadaşov Elşadın hərəkətlərini namusunun ləkələnməsi kimi qəbul etdiyini deyərək, üzərindəki bıçaqla onun döş qəfəsinə iki dəfə zərbə vurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov və Sadıq Dadaşov 18, Pərviz Əsədov və Mətləb Muradov 17, Zabit Yolçuyev və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ