Onlayn ictimai-siyasi qəzet
“Eldar İsmayılov avaranın biridir. İndi mənə nə qədər adam zəng edir ki, onlara da medal verib, pul alıb. “Moşennik”dir”.
Bu sözləri deputat Eldar Quliyev istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov barəsində deyib.
Musavat.com xəbər verir ki, Eldar İsmayılov özünün sosial şəbəkə hesabında deputat barəsində fikirlərini açıqlayıb.
2022-ci ildə Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu saxta “Dədə Qorqud” ordeni ilə təltif etməsi barədə yayılan iddialardan sonra Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin onun barədə dediklərinə etiraz edib. Eldar İsmayılov Eldar Quliyevin onu əvvəlcədən tanıdığını, Türkmənistanda sözügedən tədbirdə birgə iştirak etdiklərini bildirib.
Eldar Quliyev Pravda.az-a açıqlamasında Eldar İsmayılovun dediklərini yenidən şər-böhtan adlandırıb:
“Kiminlə kimi müqayisə edirsiniz? Şəxsən mənim üçün ayıbdır. Elmlər doktoru, professoram. 25 ildir millət vəkiliyəm. Azərbaycanda tanınmış simayam. Ağsaqqallar Şurasının sədriyəm. Eldar İsmayılov avaranın biridir. İndi mənə nə qədər adam zəng edir ki, onlara da medal verib, pul alıb. “Moşennik”dir.
Azərbaycanda bu adam nəçidir? 80-ə yaxın yaşı var. Yalandan deyir ki, Eldar Quliyev Türkmənistana mənimlə gedib. Həqiqətən, bizimlə getməyib, bizimlə də gəlməyib. Qayıdanda mənə dedi ki, keçmiş Krasnovodskdan (indiki Türkmənbaşı) gedəcək. Guya mən Berdiməhəmmədovla görüşdə 18 dəqiqə çıxış edəcəyimi demişəm. Mən çıxışımda Türkmənistanla əlaqələrdən, Turandan danışmışam. Bunlar onunla pul qazanırlar. Biz qazanmırıq ki. Tanınmış ağsaqqallarımızı təltif edirik, fəxri fərmanlar veririk. Mən onun səviyyəsinə düşmək istəmirəm. Bakıda böyümüş adamam, Eldar İsmayılovu heç vaxt tanımamışam. Özünə fond yaradıb. Heç kimə də lazım deyil. Camaatdan pul alıb, medallardan verib. Bir də yaddan çıxarmayın, mən bilirəm ki, qanun var. Medal və ordenləri kimlər verə bilər. Bizim Nizamnaməmizdə döş nişanları var. Bunlar isə ictimai təşkilatdırlar, “moşennik”lik edib pul qazanırlar. Biz belə şeylərə getmirik”.
Yada salaq ki, Eldar İsmayılov deputat Eldar Quliyevə bu fikirləri ünvanlamışdı:
“Ağsaqqal öz müdrikliyi və ağlı ilə fərqlənməlidir. Yalan, paxıllıq və qeyri-dürüstlüyü ilə seçilən insanlar var. Vətənini, dövlətini, millətini düşünmədən öz “kreslo”sunu düşünən insanlar da var. Belələri cəmiyyət içərisində “biabırçılıq” nüfuzu yaratmaqdansa olmasaydılar, kaş ki.
Bu gün saytların birində Azərbaycan “Ağsaqqallar” şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın sədri, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə Türkmənistana birlikdə səfər etdiyim Eldar Quliyevin müsahibəsini gördüm. Oxudum və mat-məəttəl qaldım. Adam deyir, məni tanımır, sadəcə orada səhnədə ani olaraq görüb məni. Halbuki, biz onunla səfərə çıxmamışdan qabaq Bakıda, Türkmənistana gedərkən bütün yol boyu və Türkmənistanda forum qurtaranadək birgə olmuşuq. Hələ mənə çıxışından qabaq “göstəriş” də verdi ki, Eldar müəllim, siz 4 dəqiqə danışarsınız, mənsə 18 dəqiqə danışacam. Sonda özü 18 dəqiqə yox, heç 4 dəqiqə güclə öz “mükəmməl” rus danışıq tərzi ilə danışa bildi.
Mən başa düşürəm ki, insan 4 vəzifə daşımaq üçün çox ziyalı və ağıllı olmalıdır, bu Eldar Quliyev kimi… Bu insan görəsən düşünmür ki, mənə qara yaxmır, dövləti nüfuzdan salmağa çalışır. Bu gün Azərbaycanda “Ağsaqqal” adı verilən bu adamın heç ağsaqqallıq statusundan, ağsaqqalın böyüklüyündən xəbəri belə yoxdur. Ayıbdır, Eldar Quliyev, dövlətin verdiyi statusa hörmətsizlik etmək olmaz. Ağsaqqal yalan danışmaz”.
Xatırladaq ki, oktyabrın 1-də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılmışdı.
DİN-in məlumatına görə, bu təşkilatların ofislərindən 1500-dən çox medal və orden, 421 vəsiqə, 60-dan artıq möhür və müxtəlif saxta sənədlər aşkarlanıb. Maddi sübutlar götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, Füzuli Rzaquliyev, Eldar İsmayılov və Rasim Məmmədov istintaqa cəlb olunublar. Onların barəsində yaşlarına görə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ