Onlayn ictimai-siyasi qəzet
Ölkəmiz üçün yeni böyük tribuna; deputat: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır”
Kazanda BRICS-in 16-cı sammiti başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı tədbir bir sıra mühüm gəlişmələrlə yadda qaldı.
Prezidentin Kazan sammitində iştirakı bir daha göstərdi ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirir. Hansısa güc mərkəzinə üstünlük vermir. Qoşulmama Hərəkatında uğurlu iştirakımız da eyni məntiqdən qaynaqlanır.
Fakt budur ki, Bakı bir neçə illik uğurlu sədrlikdən sonra da təşkilatda aktiv və səmərəli fəaliyyət göstərir. Həmçinin, Azərbaycan COP29 sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. BRICS ölkələri ilə də bu kontekstdə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.
Sammitin Azərbaycan üçün əsas yekunu nədən ibarətdir?
Musa Qasımlı
Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirdi ki, oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/"BRICS+" formatının ilk plenar iclasında cənab Prezidentimiz İlham Əliyevin çıxışında bir neçə prinsipial müddəa əks olunub: “Birincisi odur ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Yəni heç bir tərəfin, dövlətin və dövlətlər qrupunun deyil, yalnız özünün milli-dövlət maraqlarının yanındadır, beynəlxalq münasibətlərdə təkqütblülüyün əleyhinədir. Belə yanaşma diplomatiyamıza milli- dövlət maraqlarımızı qorumaqda çeviklik gətirir. Azərbaycan dövləti çoxtərəfli, çoxqütblü xarici siyasətinin səmərəli olduğunu sədrlik etdiyi beynəlxalq təşkilatlarda göstərib. İkincisi, Azərbaycanın əlverişli coğrafi mövqeyi yürüdülən siyasət nəticəsində siyasi, strateji əhəmiyyət kəsb edir, ölkəmizə faydalar gətirir. Avrasiyanın vacib nəqliyyat qovşağına çevrilən Azərbaycana ehtiyac duyan ölkələrin sayı artır, dövlətimizin beynəlxalq mövqeləri güclənir.
Üçüncüsü, Azərbaycan birləşdirici, model yaradan, dünya problemlərinin səmərəli həlli yollarını göstərən gücə çevrilib. COP29-un ölkəmizdə keçirilməsinə yekdilliklə səs verilməsi bilavasitə dövlət başçımızın beynəlxalq aləmdəki şəxsi nüfuzu, inam və etibarla bağlıdır.
Nəhayət, dövlətimiz beynəlxalq hüququn aliliyi, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərir. Yəni Azərbaycan dövləti heç bir ölkəyə daxili işlərimizə qarışmağa qətiyyət imkan verməyəcəkdir. Bu isə belə xəyala düşənlərə xəbərdarlıqdır".
Anar Əliyev
Politoloq Anar Əliyev isə bildirdi ki, BRICS-ə üzvlük üçün müraciət və sammitdə iştirak addımı Azərbaycanın siyasi, iqtisadi hədəflərinə nail olmaq üçün seçdiyi metod və taktikaların, gedişlərin, eləcə də partnyor təşkilat və güclərin diversifikasiyalaşması istiqamətində prioritet yanaşmamıza uyğun olaraq atılıb. Biz BRICS-ə üzvlüyü Qərbə inteqrasiyanın, Avropa İttifaqı ilə əməkdaşlığın alternativi kimi görmürük: “Tam əksinə, Azərbaycan siyasi, iqtisadi əlaqələrini, eyni zamanda iqtisadi münasibətlərini diversifikasiyalaşdırmaqla bir tərəfdən bir tərəfin maraqlarından asılı olmama siyasətini uğurla həyata keçirən dövlətlərdən biridir və mən hesab edirəm bundan sonra da oxşar siyasətimiz davam etdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gözlənilmədiyi qapıda vaxt itirmək fikrində deyil və Avropa İttifaqında Azərbaycanı gözləmirlərsə, təbii ki, Azərbaycan fərqli platformalarda dövlətimizin maraqlarının daha geniş və təhlükəsiz formada təmin olunması istiqamətində axtarışlarını davam elətdirir. BRICS də iştirak da məhz bu axtarışların nəticələrindən biri kimi qiymətləndirilə bilər. BRICS kifayət qədər perspektivli və üzvlər qarşısında digər Qərb institutlarından fərqli olaraq siyasi tələblər qoymayan, özlərinin maraqların xidmət eləyən çərçivələr cızmayan bir əməkdaşlıq platformasıdır, dünyanın kifayət qədər sürətlə inkişaf eləyən dövlətlərinin birləşdiyi iqtisadi güc mərkəzinə çevrilməkədir. Azərbaycanın bu təşkilatla və ona üzv dövlətlərlə iqtisadi əməkdaşlığı bizim üçün yalnız dvidentlər gətirəcək. Bu baxımdan hesab edirəm ki, Azərbaycan dövlətinin BRICS-ə üzvlüklə bağlı müraciəti Kazan sammitində ən yüksək səviyyədə iştirakı Azərbaycanın maraqların cavab verir. Azərbaycan təşkilatın bərabərhüquqlu üzvünə çevriıə biləcək. Bunun üçün Azərbaycan kifayət qədər potensiala sahibdir. BRICS-ə üzvlük üçün irəli sürülən əsas şərtlərin hamısı Azərbaycan tərəfindən təmin olunub. Azərbaycanın potensialı onu BRICS üçün cəlbedici ölkəyə çevirir. Bu qarşılıqlı faydalılığa əsaslanır. Azərbaycandan BRICS hansı nəticələri əldə edə biləcəksə, daha artığını Azərbaycan BRICS-ə üzv qəbul olunmaqla əldə etmiş olacaq”.
Samir Vəliyev
Milli Məclisin deputatı Samir Vəliyev isə AZƏRTAC-a deyib ki, Azərbaycan dünyada böyük nüfuza və etimada sahib olan dövlətdir. Ötən illər ərzində həyata keçirilən uğurlu xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq platformalarda fəal iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/"BRICS+" formatının ilk plenar iclasında iştirakı da bu reallığın göstəricisidir: “BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi Azərbaycanın iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara əsaslanır. Respublikamız BRICS-in iki üzvü ilə yaxın qonşudur, hər ikisi ilə sıx iqtisadi əməkdaşlıq proqramları var, Şimal-Cənub nəqliyyat alyansını bu ölkələrlə birgə yaradıb, dəhlizin böyük bir hissəsi ölkəmizin ərazisindən keçir, eləcə də digər regional layihələrin həyata keçirilməsi istiqamətində aramsız səylər göstərilməkdədir. Bundan başqa, Azərbaycanın 170 xarici iqtisadi ticarət tərəfdaşının böyük bir qismi də BRICS-də təmsil olunan ölkələrdir. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Azərbaycan nəhəng iqtisadi potensialı olan bir platforma ilə təmasları intensivləşdirməsi və maksimum faydalanmağa çalışması tam normal və məntiqlidir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sammitdə dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: “Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək. Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi BRICS ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından cəlbedicidir. Coğrafi mövqe və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. ”Şərq-Qərb" və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Ona görə də, BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ