İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliabbas Müznibin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO, VİDEO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki İlqar Məmmədov adına 298 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə keçirilən “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” adlı ədəbi-bədii tədbirdə çıxış edib. Tədbir şair, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi Əliabbas Müznibin (Əliabbas (Əlabbas) Mütəllib oğlu Mütəllibzadə; 1883, Bakı – 28.09.1938, Bakı) 140 illik yubileyinə həsr olunub.

Tədbirdən öncə məktəbə adı verilmiş şəhid İlqar Məmmədovun təhsil ocağının həyətində ucaldılmış xatirə abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb. Sonra 298 saylı məktəbin şəhid məzunlarının güşəsi ziyarət olunub, xatirəsi anılıb.

Sonra qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib, şagirdlərin ifasında məktəb himnini dinləyib.

Tədbir Ümummilli lider Heydər Əliyevin, bütün dövrlərdəki şəhidlərimizin, qardaş Türkiyədə bu ay içində baş vermiş dəhşətli zəlzələlərdə həlak olan qardaş-bacılarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Məktəbin direktoru Xatirə Hacıyeva təhsil ocağının keçmişi, bugünkü uğurları haqqında yığcam bilgi verib: “1959-cu ildə Biləcəri qəsəbəsində ilk tipik məktəb layihəsinə uyğun tikilmiş məktəbimizin binası 324 yerlikdir. Ərazidə evakuasiya üçün nəzərdə tutulmuş zirzəmiyə malik bu yeganə məktəb binası 2014-cü ildə əsaslı təmir edilib. Fizika, kimya, biologiya və iki informatika otağı yeni nəsil avadanlıqlarla təchiz olunub. Hal-hazırda məktəbimizdə 1141 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 71 müəllim məşğul olur.

Məktəbimiz STEAM layihəsinə qoşulub. 298 saylı tam orta məktəb “’eTwinning Plus” layihəsinə qoşularaq milli keyfiyyət nişanı qazanıb.
Məktəbimizin məzunları arasında ünlü hərbçilər, idman ustaları, çempionlar, bəstəkarlar, musiqiçilər, habelə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanlar vardır.

Bütün bunlarla yanaşı məktəbimizin, bizim hamımızın əbədi qüruru olan vətəncanlı oğullarımız – Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş, qazı olmuş məzunları var. Artıq tanış olduğunuz kimi, məktəbimizin foyesində məğrur baxışları, örnək özkeçmişləri ilə şagird və müəllim kollektivinə əsil vətəndaşlıq dərsi keçən 10 şəhidimizin fotosu yerləşdirilib. Onlar bu məktəbin məzunudur. Onlardan səkkizi – o cümlədən adı məktəbimizə verilən İlqar Məmmədov, Etibar Nəcəfov, Fərhad Bağırov, Qamət Abbasov, İntiqam Mahmudov, Seymur Məmmədov, Arzuman Orucov, qadın şəhidimiz Nərgiz Şərifova I Qarabağ müharibəsində, Murad Vəliyev və Elvin Bayramov isə II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb. Elvin Bayramov “Füzulini azad olunmasına görə” və “Vətən uğrunda”, Murad Vəliyev “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qamət Abbasovun adı 299 saylı, Seymur Məmmədovun adı 301 saylı tam orta məktəbə verilib.
Ünlü bəstəkarımız – Azərbaycan Respublikasının Xalq artisti Sərdar Fərəcov, tanınmış tarzən – Azərbaycanın Xalq artisti Möhlət Müslümov, general Qorxmaz Qarayev də məktəbimizin məzunlarıdır”.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva şəhid məzununun adını daşıyan məktəbdə olmaqdan, “Heydər Əliyev İli”ndə keçirilən növbəti kitab aksiyasının təşkilindən məmnun olduğunu deyib. Bu dəfəki kitab aksiyası çərçivəsində görkəmli ədib Əliabbas Müznibin 140 illik yubileyi münasibəti ilə müvafiq kompozisiyanın hazırlanmasına görə məktəb rəhbərliyinə, müəllim və şagird kollektivinə təşəkkür edib.

Q.Paşayeva vurğulayıb ki, tədbirin gedişində təhsildə fərqlənən məktəblilərə kitab bağışı həyata keçiriləcək.

2023-cü il – “Heydər Əliyev İli”ndə təşkil olunan bu tədbirin önəminə vurğu edən Q.Paşayeva, kitab bağışı aksiyasının Ümummilli liderin təhsilə, mədəniyyətə verdiyi böyük önəmə və 140 illik yubileyi qeyd olunan görkəmli ədib Əliabbas Müznibin yaradıcı və ictimai fəaliyyətinə, eləcə də, məktəbə adı verilmiş şəhid İlqar Məmmədovun ruhuna dərin sayğının ifadəsi olduğunu söyləyib: “Ümummilli liderimiz Heydər Əliyev tariximizə, ana dilimizə, ədəbiyyatımıza, mədəni irsimizə həmişə böyük həssaslıqla, diqqət və qayğı ilə yanaşıb. Bu günkü tədbir də məhz xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla yeni dəyər, örnək yaratmış böyük şəxsiyyətə dərin ehtiramın ifadəsidir. İkinci ayını yaşadığımız 2023-cü il ən yeni tariximizə “Heydər Əliyev İli” kimi düşəcək. Bu, əlbəttə, hər birimizin üzərinə mənəvi məsuliyyət qoymaqdadır.

Biz çox şadıq ki, Ümummilli liderimizin 100 illik yubileyini, son 3 ilə yaxın müddətdəki bütün yubileyləri, əlamətdar günləri Zəfər qazanmış ölkənin qürurlu vətəndaşları olaraq qeyd edirik. Öz şəhid məzununun adını daşıyan məktəbin müəllimləri, şagirdləri üçün tarixi Zəfərin dəyərini xüsusi izah etməyə ehtiyac görmürəm.

Biz Milli Məclisin Mədəniyyət Komitəsi və Komitəmizlə sıx əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutları “Heydər Əliyev İli”ndə məhz yeniyetmə və gənclərimizlə, pedaqoji kollektivlərlə görüşlərin keçirilməsini, kitab bağışı aksiyalarının təşkilini çox məntiqəuyğun sayırıq. Bildiyiniz kimi, Ümummilli liderimiz həmişə milli tarixə, mədəni irsə yüksək ehtiram, diqqət və qayğı ilə yanaşıb. “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” – bu, məşhur kəlam Ümummilli liderimizə aiddir. Və bu kəlam da məhz Heydər Əliyevə məxsusdur: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Mədəniyyətimizin tərəqqisinə, milli mənəvi dəyərlərimizin gənc nəslə öyrədilməsinə, gələcək nəsillərə çatdırılmasına böyük önəm verən Heydər Əliyev kitaba, kitabxanaya, oxuya həmişə yüksək qiymət verirdi.

Prezident İlham Əliyevin “Heydər Əliyev İli” ilə bağlı müvafiq sərəncamında da vurğulandığı kimi, Ümummilli liderimizin zəngin həyat yolu, müstəsna fəaliyyətinin bütün mərhələləri öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümüdür. İndiki və gələcək nəsillərimizin üzərinə düşən mənəvi öhdəlik, Azərbaycanımızı Heydər Əliyev kimi sevməyi öyrənmək, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə onun yolundan gedərək xidmət etməkdir.

Bu il – “Heydər Əliyev İli”ndə 140 illik yubileyini qeyd etdiyimiz Əliabbas Müznibin qiymətli irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq, yaradıcılığını gənc nəslə və oxuculara tanıtmaq vətənpərvər şairimizin irsinə bir dəyərli töhfədir. Əliabbas Müznibin ədəbiyyatımız, tariximiz qarşısındakı xidmətləri Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra geniş tədqiq edilr, əsərləri üzə çıxarılaraq nəşr olunur.
Müznibin bütün fəaliyyətində özünü həmişə bir məqsədə – Vətənin və xalqın milli azadlığı mübarizəsinə həsr etdiyini görürük. O, bir millətin varlığının milli dilin və milli adətlərin qorunub saxlanılmasından asılı olduğunu deyirdi.

Çıxışımın sonunda, orta məktəblərə kitab bağışı kimi çox anlamlı aksiyanın bütün dəstəkçilərinə, əlbəttə, 298 saylı tam orta məktəbin müəllim və şagird kollektivinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə, kitab bağışına dəstək durmuş ictimai qurumlarımıza, xeyriyyəçi işadamlarımıza, aydınlarımıza könül dolusu təşəkkür edirəm!

Milli Məclisin Mədəniyyət Komitəsi kitaba, kitabxanaya, oxuya, maarifə xidmət edən aksiyalara həmişə mənəvi dəstək verib. 298 saylı tam orta məktəbdə bu gün gördüyümüz gözəl mühit, örnək təşkilatçılıq bizi yeni aksiyalara ruhlandırır.

Hər birinizə təşəkkür edirəm”!

Qənirə Paşayevanın və tədbirdə çıxış edən digər natiqlərin – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın, “UNİTY Company”in təsisçisi Fikrət Əliyevin çıxışında məktəbə, təhsilə, oxuya, kitaba və kitabxanalara, ümumən mədəni irsə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həssas yanaşmasından, yüksək diqqət-qayğısından söz açılıb. Ümummilli liderin zəngin irsinin şagirdlər arasında təbliğinin xüsusi önəm daşıdığı diqqətə çatdırılıb.

Məktəblərdə milli dəyərlərimizə olan ehtiramı müşahidə etməyin xoş təəssüratlar yaratdığı bildirilib və milli ictimai-fikir tariximizin qürurla andığımız şəxslərindən birinin də XX yüzildə yaşamış, həyatını xalqın milli azadlığı uğrunda mübarizəyə qurban vermiş vətəncanlı ədib Əliabbas Müznib olduğu bildirilib.

Anadan olmasının 140-cı ildönümü bu ilə təvafüq edən Əliabbas Müznibin çoxşaxəli yaradıcılığa malik qələm sahibi olduğu çıxışlarda qədirşünaslıqla vurğulanıb. O, Azərbaycan ədəbi-ictimai fikir tarixində əbədiləşən şair, publisist, ədəbiyyatşünas alim, tərcüməçi olaraq xarakterizə edilib.

“Heydər Əliyev İli” çərçivəsində xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri əsasında milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadimlərin keçdiyi ömür yolu haqqında şagirdlərin bilgiləndirilməsi məqsədilə təşkil edilən belə tədbirlərin vacib olduğu vurğulanıb.
Tədbirdə BŞTİ-nin və Binəqədi Rayon İcra hakimiyyətinin, habelə təşkilatçı qurumların nümayəndələri iştirak edib.

Məktəbin şagirdləri öz maraqlı çıxışları ilə tədbirə xüsusi rəng qatıb. Onların nümayiş etdirdiyi “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” ədəbi-bədii kompozisiyası, səsləndirdikləri şeirlər maraqla qarşılanıb.

298 saylı məktəbin şagirdlərinin iştirakı ilə Ə.Müznibin “Youtube” səhifəsinin yaradılacağı bildirilib.

Tədbirin sonunda MM Mədəniyyət Komitəsi və “UNİTY Company” adından məktəbin təhsildə fərqlənən şagirdlərinə kitablar hədiyyə edilib. Həmçinin, “UNİTY Company”in 298 saylı məktəbin bir şagirdinin təhsil xərclərini qarşılayacağı açıqlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR