İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimlindən “Aqrar sığorta haqqında” qanunla bağlı TƏKLİF

“25 dekabr 2023-cü il tarixli xüsusi prezident sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətdiririk. Həmin sərəncamda deyildiyi kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bu kontekstdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.

Musavat.com bildirir ki, bunu deputat Əli Məsimli parlamentin iclasında deyib.

Deputatın sözlərinə görə, bununla əlaqədar olaraq yəqin ki, qarşıdakı il Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ciddi və gərgin fəaliyyət ili olacaq:

“Bu isə öz növbəsində məntiqi olaraq bir sıra yeni normativ-hüquqi aktların irəli sürülməsi, eləcə də mövcud qanunlarda dəyişikliklərin edilməsini şərtləndirəcək. Bildiyimiz kimi, ölkənin regionlarının inkişafınd və əhalinin güzaranında aqrar sahə əsas rol oynayır”. Deputat diqqəti kənd təsərrüfatındakı duruma yönəltdi: “Bu sahədə həllini gözləyən vacib problemlər sırasında su ehtiyatlarından səmərəli istifadə və suvarma məsləsi xüsusi yer tutur. Belə ki, cari təsərüffat ilində Şəki rayonunda payızlıq əkinlər üzrə məhsuldarlıq əlverişsiz iqlim şəraiti səbəbindən son dərəcə aşağı səviyyədə olmuşdur. Rəsmi statistik yox real göstəricilərdən çıxış etsək, sahələrin çoxundan bu il 13-17 sentner buğda və arpa yığılıb. Arpa əkinləri üzrə vəziyyət daha kritik olmuşdur. Bildiyimiz kimi Şəkidə əsasən, dəmyə əkinçiliyidir. Bu baxımından quraq illərdə məhsuldarlıq olduqca aşağı səviyyədə olur. Kəndli nəinki gəlir əldə edə bilmir, qoyduğu sərmayədən belə məhrum olur və müflis duruma düşür. Bu mənada quraqlıq əslində təbii fəlakət hesab edilməlidir. Son iki ildə ölkəmizdə aqrar sığortanın tətbiqinə başlanılıb. Lakin qeyd etməliyik ki, sığorta zərfinə quraqlıq hadisəsi düşməyib. Axı sel, dolu və sair hadisələrlə yanaşı, dəmyə əkinçiliyinin tətbiq olunduğu bölgələrimizdə quraqlıq hadisəsi daha böyük ziyan vurur və ilin quraq keçməsi bizim iradəmizlə əlaqəli deyil və ona qarşı mübarizə üsulları yoxdur. Halbuki, yanğına qarşı təhlükəsizlik tədbirləri görülə bilər, doluya qarşı dolu dağıdan vasitələrdən yararlana bilərik və s. Eyni zamanda sonuncu sadaladığımız hadisələr kütləvi olmur, lokal-məhəlli xarakterli olur. Quraqlıq isə bütün bölgəni əhatə edir. Qeyd edilənlərdən çıxış edərək təklif edirik ki, “Aqrar sığorta haqqında” qanuna dəyişiklik edərək quraqlıq hadisəsi sığorta zərfinə əlavə edilsin”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR