İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəyin 55 yaşına “doğum günü hədiyyəsi” – Parta-part çıxışlar, ardıcıl “atəşlər”

Bu gün Azərbaycan tarixinin elə bir günüdür ki, bir çoxları onu daxili utanc və peşmanlıq hissi ilə, bəziləri təəssüf və kədərlə, bir xeyli adam isə hiddət və nifrətlə xatırlayır. Qürur duyaraq xatırlayanlar da ola bilər.

Bu gün Azərbaycanın ümumxalq səsverməsi və demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 50 nəfərlik parlament üzvlərinin kvorum çoxluğu tərəfindən səlahiyyətlərindən mərhum edildiyi gündür.

Bu hadisə 1993-cü ilin bu günü olub və hələ də bir çox insanları göynədir.

etibarsiz.jpg (34 KB)

Bu göynərtini artıran əsas detal odur ki, həmin gün Elçibəyin doğum günü idi, 55 yaşı tamam olurdu, parlament isə ona belə bir “ad günü hədiyyəsi” hazırlamışdı. Ard-arda, “parta-part” alovlu, qınayıcı, sitəmkar çıxışlar davam edirdi. Elçibəyin deputat tərəfdarlarının mövqeyi zəif görünürdü. Fakt acıydı, mövqelər itirilmiş, müqavimət sıfırlanmışdı.

Qəribəydi mütəllibovçu deputatlar bir neçə günün içində mövqe dəyişdirmişdilər, prezidentin səlahiyyətlərinin vaxtilə ayaqlarını yerə döyüb sözünü kəsdikləri şəxsə keçməsini istəyirdilər. Elə bilirdilər ki, nəsə olacaq. Arif Rəhimzadə kimi bir neçə nəfərdən başqa, hamısı yanıldı.

Ədalətli və soyuqqanlı olmaq gərəkirsə, demək lazımdır ki, siyasi rəqibləri bunu qəsdən düşünməmişdilər, prezidenti sırf onun ad günündə səlahiyyətindən mərhum etmək üçün məhz bu günü seçməmişdilər. Elçibəyin bir çox silahdaşları da hesab edirlər ki, onun səlahiyyətlərinin əlindən alınması hadisəsi ilə 55 yaşının tamam olması təsadüfən eyni günə düşüb.

Elə olardı. O zaman siyasi ehtiraslar, hakimiyyət və vəzifə hərisliyi, qisasçılıq bir çoxlarının gözünü elə tutmuşdu ki, yadlarna nəinki Elçibəyin doğum gününün hansı ayda olduğu düşmürdü, bəlkə öz təvəllüdlərini də unutmudular. Əsas məsələ bir an öncə, ləngimədən, hansısa geridönüş hadisəsi baş vermədən hakimiyyəti götürmək idi. Bəlkə də o dönəmin hakimiyyətə can atan müxaliflərinin yadına düşsə ki, bu gün milli-azadlıq hərəkatının liderinin, prezidentin doğum günüdür, onlar bu tarixi qərarı parlamentin müzakirəsinə ya bir gün gec, ya da bir gün tez (böyük ehtimalla bir gün tez) çıxarardılar ki, əlavə söz-söhbət, sonradan pərtlik yaradacaq durum olmasın.

EF010621-1998-49E7-BD72-98871B766A76.jpeg (74 KB)

Ortada bir tələbə-müəllim söhbəti də vardı.

Hər halda çox naqolay durum və xəcalətlə xatırlanacaq hadisəydi. Əsas da ona görə ki, həmin qanun layihəsini hazırlayanlar, səsə qoydurub keçirənlər, bir saatın içində dövlətin birinci şəxsini dəyişənlər çox keçmədən əliboş, ictimai rəydə “vurulmuş” durumda qaldılar, nə hakimiyyətə gəldilər, nə vəzifə ala bildilər, hətta daha pis oldu, ölkənin ən güclü və ən mütəşəkkil partiyası ikən bir gecədə üç yerə parçalandılar.

Bu partiya AMİP idi və onun üzvlərinin bir yarısı “Babaya qarşı çıxan, dörd vəzifə istəyən Etibar Məmmədovun partiyası”ndan kütləvi şəkildə çıxdılar və ya suyun dibinə çəkildilər. Partiya rəhbərliyinin mühüm bir hissəsi YAP-ın və parlamenti sədri, prezident səlahiyyətlərinin icraçısı və bir neçə aydan sonra prezident seçiləcəyi heç bir şübhə doğurmayan Heydər Əliyevin dəvəti ilə hakimiyyətdə təmsil olunmaq qərarı verdilər, baş nazirin müavini, dövlət müşaviri, nazir vəzifəsi aldılar. Etibar Məmmədovla birlikdə bu partiyanı təsis edən, böyüdən şəxslər (Nazim İmanov, Şadman Hüseynov və başqaları) isə partiyanı və Etibar Məmmədovu tərk etmədilər.

460464.jpg (37 KB)

Bəlkə də Elçibəyin prezidentlikdən kənarlaşdırılması haqda qanun layihəsini parlamentə təqdim edən Etibar Məmmədov həmin vaxt Elçibəyin bir ay öncə və 10 gün əvvəl ona etimad göstərməməsindən acığa düşmüş, partiyanın hüquqşünası Fuad Ağayevə elə bir layihə hazırlamaq göstərişi vermişdi. Ancaq bu xüsusdakı xırda detallar hadisənin məğzini dəyişmir. Əsas məsələ odur ki, Etibar Məmmədovun əsas adamlarından biri, hətta ya sağ, ya da sol əli olan Şadman Hüseynov Gəncədə qiyama rəhbərlik edənlərdən idi, Surətin də sağ və ya sol əli sayılacaq statusdaydı.

Bu qərar layihəsi qəbul edilməsəydi, yəqin ki, Elçibəy yaxın günlərdə paytaxta qayıda, vəzifəsinin icrasını davam etdirə bilərdi.

Ancaq həmin layihənin səs çoxluğu ilə qəbul olunması və qüvvəyə minməsi ilə Elçibəyin Bakıya yolu bağlandı. O, prezident olduğu halda paytaxtdan getməyə məcbur olmuşdusa, devrilmiş prezident olaraq, Bakıya qayıda bilməzdi. Heç cür. Quru yol yox idi, hava yoluyla gəlsə, ən yaxşı halda təyyarəsini hava limanına enməyə qoymazdılar. Qoysalar da, artıq Surətin paytaxta sızmış terrorçu qafalı silahlıları onu aeroportdaca güllələyərdilər. Bundan qabaq onlar Gəncədə prezident qvardiyasının əsgərlərini gülləboran edib qətlə yetirmişdilər, əlləri tətikdəydi.

elçibəy heydər.jpg (520 KB)

Əslində bu məsələdə mərhum Elçibəyin bir səhvi də vəzifəsinin icrasını heç kəsə həvalə etmədən paytaxtdan getməsydi. O yəqin ki, ölkədən çıxmadığını nəzərdə tutaraq belə addım atmışdı. Amma fakt o idi ki, səbəb nə olursa-olsun, bu gedişlə o, ölkəni də, komandasını da, rəhbərlik etdiyi siyasi təşkilatı da başsız qoymuşdu. Elçibəy vəzifəsinin icrasını Heydər Əliyevə həvalə edib getsəydi, o zaman parlamentdəki bu utancverici müzakirələrə və qərara ehtiyac olmayacaqdı. Hərçənd hakimiyyəti götürmək istəyənlər onu yenə nəsə “kitabdan kitaba salaraq” götürəcəkdilər.

Həmin qərar layihəsində yer alan bir ifadə gerçəkdən də həqiqəti əks etdirirdi. Bu da o idi ki, “Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilmir”.

Elə olmasaydı, nə belə bir layihə parlamentdə müzakirəyə çıxarılardı, nə Naxçıvandan Bakıya uçan təyyarəyə hər hansı təhlükə olardı, nə də bir dəstə başıpozuq silahlı dəstə gəlib Nəvaidə post qurar, sonra maneəsiz paytaxta girərdi.

1666101479_0001.jpg (109 KB)

Fuad Ağayevin hazırladığı və qəbul edilmiş qərar layihəsinin sonuncu abzasları beləydi:

“Göstərilənləri nəzərə alaraq, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrdən sonra Azərbaycan Respublikasında yaranmış ictimai-siyasi böhrandan çıxış yollarını tapmaq, habelə Qarabağın Ağdam, Ağdərə, Füzuli və başqa rayonlarında erməni hərbi qüvvələrinin qarşısını almaq, Azərbaycan dövlətçiliyi üçün yaranmış təhlükəni və vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq, idarəetmə sisteminin fəaliyyətini bərpa etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsini rəhbər tutaraq qərara alır:

1. Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevə keçsin.

Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Afiyəddin Cəlilov

Bakı şəhəri, 24 iyun 1993-cü il № 630".

Amma ondan bir və iki ay sonra nə Ağdərəni, nə Ağdamı, nə də Füzulini qorumaq mümkün olmadı, layihəni hazırlayan üç müəllifdən biri və birincisi olan Fuad Ağayev isə 25+ ildən sonra yenə də belə bir sənəd hazırladığına görə peşman olmadığını dedi. Soruşsaq, bəlkə də yenə elə deyər.

Ancaq böyük ehtimalla o, səmimi deyil. O biri müəlliflər peşman olmaya bilərlər, çünki mükafat və ənamlarını layiqincə aldılar, Fuad Ağayev və komandası isə yəqin ki, iyun ayının 30-da artıq möhkəm peşman olmuşdu.

Niyə iyun ayının 30-u? Bunu bilənlər bilir, bilməyənlər də bu il iyun ayının 30-da bu mövzuda yazılan daha bir yazını oxuyub biləcəklər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR