İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks-deputat onunla 30 milyonluq sövdələşmənin üstünü açan qadını məhkəməyə çəkib – AŞKAR KORRUPSİYA

Sabah, iyulun 30-da Bakı Apellyasiya Məhkəməsində Lyubov Vladimirovna Bağırovanın şikayətinə baxılacaq.

Musavat.com xəbər verir ki, şikayətçi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun şikayəti üzrə barəsində çıxarılmış qərarın ləğvini, ona bəraət verilməsini tələb edir.

Apellyasiya şikayəti hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.

Elton Məmmədovla Lyubov Vladimirovna Bağırovanın məhkəmə çəkişməsi 1 ildən artıqdır ki, davam edir.

2023-cü ilin sentyabrında agentliklərin birində Lyubov Bağırova və həyat yoldaşının müsahibəsi dərc edilib. “Nazir qardaşının adı çəkilən iş haqda” adlı həmin məqalədə yer alan fikirləri Elton Məmmədov böhtan və təhqir hesab edərək məhkəməyə üz tutub.

Məhkəmə predmeti olan həmin məqalədən sitat:

“2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan Elton Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də Lyubov Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmənin ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügedən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”.

Elton Məmmədov məqalədə yer alan bu fikirlərin böhtan və təhqir olduğunu iddia edir.

Lyubov Bağırova ilkin instansiya məhkəməsindəki çıxışında Elton Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bir daha dilə gətirib. Elton Məmmədov isə ifadəsində Lyubov Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib.

Nəsimi Rayon Məhkəməsi Lyubov Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində vəsaitin dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib. Lyubov Bağırova qərarla razılaşmayıb və apellyasiya şikayəti verib.

Lyubov Bağırovanın qaldırdığı məsələlərin nə dərəcədə həqiqət olmasını məhkəmə, yeri gəlsə, istintaq orqanı araşdırmalı, üzə çıxarmalıdır. Elton Məmmədov “süddən çıxan ağ qaşıq” deyil. “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa edilən Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovun nəzarətində olub. Bu “səlahiyyəti” ona həmin vaxt nazir olan qardaşı Ziya Məmmədov vermişdi. Məlumatlara görə, dövlət sifarişi ilə inşa olunan avtovağzalın tikintisi Məmmədovların ailə şirkəti olan “ZQAN Holdinq” (sonradan adı “Qarant” olaraq dəyişdirildi, iddialara görə, buna səbəb də maxinasiyaların gizlədilməsidir) tərəfindən aparılıb. Tikintinin baş podratçısı “Bakı XXI Əsr” MMC adlı şirkəti olub. Bu şirkətin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib, təsisçilərindən biri Elton Məmmədovdur.

Avtovağzal kompleksinin inşasının 100 milyon dollara başa gəldiyi və tikinti zamanı külli miqdarda “yeyinti”nin olduğu haqda məlumatlar mətbuatda yayılıb. Bu gün cəmiyyətdə haqlı olaraq suallar yaranır: bu qədər milyonların qaynağı haradır, yaxud deputat və nazir maaşı ilə belə bir biznes şəbəkəsi qurmaq mümkündürmü?

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR