İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekipaj üzvlərinin QƏHRƏMANLIĞI - Yeni məlumatlar, bilinməyən məqamlar

AZAL aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğramasından 4 gün keçir. Təyyarənin 29 sərnişininin sağ qalması müstəsna olaraq pilotların - İqor Kşnyakin və Aleksandr Kalyaninovun peşəkarlığı sayəsində mümkün olub. Həmçinin stüardessaların salonda panika yaşanmaması üçün əllərindən gələni etməsi, cəsarətlə, tam təlimata uyğun hərəkət etməsi xüsusi fədakarlıq nümunəsidir.    

Pilot Vadim Bazykin bu xüsusda deyib: “Belə qəzalar zamanı sağ qalanlar nadir hallarda olur. Burada qəza zamanı, yəqin ki, yanğın olmayıb və təyyarə aşağı sürətlə yerə düşüb. Bu isə heyətin sərnişinlərinin həyatını xilas etmək üçün mübarizə apardığını göstərir. Sağ qalanlar varsa, bu, 100% heyətin xidmətidir”.

Sağ qalmış bələdçi Zülfüqar Əsədov APA-ya açıqlamasında bildirib ki, sağ qalmaları möcüzədir. “Ekipaj komandiri, ikinci pilotun qəhrəmanlıq göstərməsi nəticəsində sağ qalmışıq. Biz pilotun yanında deyildik. Amma bu məqamda pilotun fikri təyyarənin necə eniş edəcəyində olub. Yəqin ki, o da həyəcan keçirib”, - deyə o bildirib.

Həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda dəfn olunacaqlar

Bələdçi həmçinin qeyd edib ki, təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır. O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.

“Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır”, deyə o bildirib.

Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.

AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında deyib ki, ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb. “Pilotlarımız peşəkar olub, onlar 10 min saatdan çox uçuş ediblər. Təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb”, - Rzayev bildirib.

Təəssüf ki, pilotlar və bir stüardessa qəzadan sağ çıxmayıb.

BMT missiyası Azərbaycanın sülh istədiyini görməlidir” - Hikmət Babaoğlu

 Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həyat xilas etmək öz-özlüyündə qəhrəmanlıqdır: “Ekipaj üzvlərinin qəhrəmanlığı təqdir olundu. Cəsur pilotlarımız, bələdçilərimiz qəzaya uğramış təyyarədə olan sərnişinlərin həyatını xilas etmək  üçün əllərindən gələni etdilər, sözün əsl mənasında qəhrəmanlıq göstərdilər. Azərbaycan cəmiyyəti tərəfindən bu çox təqdir olundu. Şübhəsiz ki, onların təltif olunması gündəmə gələ bilər. Onların fəaliyyətinin motivasiya olunması da gündəmə gələ bilər. Cəmiyyətdə olan yaxşı nümunənin hər biri mütləq mükafatlandırılmalıdır ki, fədakarlıq, qəhrəmanlıq kimi dəyərlər təbliğ olunsun. Hələlik Azərbaycan dövləti, Prezident tərəfindən yaradılan komissiya qəzanın baş vermə səbəbləri ilə məşğuldur. Artıq zərərçəkən sərnişinlərə kompensasiyanın verilməsi ilə bağlı qərar elan olunub. Növbəti mərhələdə ekipaj üzvlərindən sağ qalanların, həlak olanların isə ölümündən sonra təltif olunması məsələsi gündəmə gələ bilər”.

H.Babaoğlu vurğuladı ki, Azərbaycanda mükafatlandırmanın xüsusi qaydası var: “Ayrı-ayrı sahələr üzrə tətbiq olunan mükafatlandırma qaydası mövcuddur ki, bu xidməti sahədə fəaliyyət göstərən hər bir Azərbaycan vətəndaşına şamil edilir. Bütün sahələrdə vəzifə borcunu layiqincə yerinə yetirən, yaxşı nümunə yaradan, fədakarlıq nümayiş etdirən, əmək fəaliyyətində fərqlənən hər bir Azərbaycan vətəndaşı mükafatlandırıla bilir. Ekipaj üzvlərinin fədakarlığı göz önündədir. Onlar Azərbaycanın müvafiq qanunlarına uyğun olaraq peşə fəaliyyətini yerinə yetirərkən göstərdikləri igidliyə görə müfakata layiq görülə bilərlər”.

Razi Nurullayev İlham Əliyevə zəng edib

Razi Nurullayev 

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Yeni Müsavat” a şərhində bildirdi ki, təyyarə qəzasında həlak olan ekipaj üzvləri doğrudan da qəhrəmanlıq nümunəsi göstəriblər, vurulmuş təyyarəni Xəzər dənizinin üzərindən uçurub Aktauya qədər apara biliblər. Yayılan görüntülərdən aydın olur ki, pilotların bir neçə dəfə enmə niyyəti olub, lakin son anda yenidən təyyarə yuxarı istiqamətləndirilib. Pilotlar qəza olarsa, insanları xilas etmək üçün çıxış yolu axtarıblar. Yəni, mən o videolara baxdıqca görürəm ki, ekipaj üzvləri - stüardessalar da, pilotlar da əllərindən gələni ediblər ki, həm sərnişinləri, həm də təyyarəni qorusunlar. Doğrudan da o videolara baxanda insan göz yaşlarını saxlaya bilmir. Və mən inanıram ki, onlar mükafata layiqdirlər. Dövlətimiz, xüsusilə Cənab Prezident də bu məsələlərdə həssas davranır. Ümid edirəm ki, dövlətimiz onların bu fəaliyyətini, bu fədakarlığını qiymətləndirəcək və onlar dövlət mükafatlarına layiq görüləcəklər, mükafatlar sağ qalanların  özlərinə, həlak olanların isə ailə üzvlərinə təqdim olunar. İstənilən halda biz onların hansı fədakarığı göstərdiklərini bilirik. Xalq da, Prezident də gördü. Dövlətimiz də bu məsələyə həssas yanaşır. Əminəm ki, dövlətimiz bu haqda düşünür. Onlar həqiqətən xalqımızın gözündə qəhrəmandırlar, daim qəlbimizdə yaşayacaqlar, gələcək nəsillər də onların ruhuna rəhmət oxuyacaq".

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq. Onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Yeri gəlmişkən, AZAL-a məxsus qəzaya uğrayan təyyarənin istehsal edildiyi “Embraer” şirkətinin mütəxəssisləri Aktauya gedib. Onlar Qazaxıstanın Hökumət Komissiyasının üzvləri ilə birlikdə hadisə yerinin müayinəsini aparacaq, eləcə də yekun rəy hazırlayacaqlar.

Eyni zamanda Braziliyadan olan istintaqçılar qrupu da artıq Qazaxıstandadır. Onların yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə istintaq prosesində iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR