Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi nəşr olundu. Qəzetin bütün yükünü öz üzərinə götürən isə təbiətşünas-alim Həsən bəy Zərdabi idi. O, həm naşir idi, həm redaktor, həm də korrektor idi.
Azərbaycan milli maarifçilik hərəkatında, o cümlədən “Əkinçi” qəzetinin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların xidmətləri böyükdür.
Bu illər ərzində Azərbaycan mediası böyük inkişaf yolu keçib, ciddi mücadilə verib. Xüsusilə çap mediası çətin yoldan keçib və keçməkdədir. Hazırda Azərbaycanda çox sayda qəzet və jurnal nəşr olunur. Media məkanında sürətli qloballaşma isə bəzi şübhələr yaradır, ənənəvin medianın, çap mediasının gələcəyi ilə bağlı suallar yaranır.
“Yeni Müsavat” Media Qrupun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu bildirdi ki, çap mediası Həsən bəy Zərdabinin bizə 148 illik əmanətidir. Milli mətbuatın tarixinə ekskurs edən R.Arifoğlu qeyd etdi ki, Azərbaycan xalqı məhz mətbuat vasitəsilə savadlandı: “Milli mətbuat müxtəlif formasiyalarda və dövlət quruluşlarında mövcudiyyətini qoruyaraq ziyalı mühitini yaratmağa nail oldu. Azərbaycan ədibləri Kommunist Partiyasına xidmət etmək üçün yaradılan kütləvi informasiya vasitələrində də milliliyi, vətənpərvərliyi, Azərbaycanı və azərbaycançılığı, vahid Azərbaycanı - Arazın o tayındakı Vətən parçasını təbliğ edə bildilər, mətbuat vahidləri ətrafında təmərküzləşdilər.
Eyni vəziyyət ötən əsrin ilk illərində də yaranmışdı. Azərbaycanın nəhəng ziyalıları Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu Məhəmməd Əmin Rəsulzadə və başqaları H.Zərdabidən miras qalan və onun yolunu davam etdirən mətbuat nümunələri ətrafında birləşdilər, dünyaya mesajları mətbuat vasitəsi ilə verdilər. “Yeni Müsavat” Media Qrupun da bazasında çap mediası dayanır. “Yeni Müsavat” qəzeti 1989-cu ildə gizli şəkildə, yeraltında (qeyri-leqal) yaradılmışdı. İllər keçdikdən sonra biz qəzetin bazasında böyük media qrup yarada bildik. Bu faktın özü pozitiv, tarixi, əhəmiyyətlidir. Təəssüflə qeyd etməliyik ki, print media dünya miqyasında böhran yaşayır. Bunun əsas səbəbi informasiya daşıyıcılarının daha da təkmilləşməsi, daha çevik olması və sosial medianın gündəmə gəlməsidir. Bu gün print medianın əsas problemi “new media”, sosial media, elektron mediadır.
Bu səbəbdən də çap mediasına diqqət yetirənlərin, ondan informasiya vasitəsi kimi istifadə edənlərin sayı getdikcə azalır. Bu, “Yeni Müsavat” qəzeti üçün də keçərlidir. Biz hər vasitə ilə Azərbaycanda çap mediasının iflasa uğramasının qarşısını almağa çalışdıq - konsepsiyalar, proqramlar hazırladıq, lakin nəticədə bəlli oldu ki, sərmayə özünü doğrultmur. Buna görə də “Yeni Müsavat” qəzetini əsas element kimi saxlamaqla Musavat.com, Minval.az saytlarını, “TV Müsavat” YouTube kanalını, sosial media platformalarında - Facebook, İnstagram, Telegram, TikTok-da hesablarımızı, kanallarımızı yaratdıq. Bu gün “Yeni Müsavat” Media Qrupun çatımlılığı və sürəti qəzet dövründən dəfələrlə çoxdur, keyfiyyətlidir. Biz regionun ən güclü media qruplarından biriyik. Proses, nə qədər başlanğıc olsa da, “Yeni Müsavat” qəzetinin əhəmiyyətini arxa plana atıb. Hazırda çap mediası, sadəcə, ənənə, tarix, məktəb, davamlılıq mənbəyi kimi qalıb".
Rauf Arifoğlu: “Təəssüflə qeyd etməliyik ki, print media dünya miqyasında böhran yaşayır”
R.Arifoğluna görə, çap mediasının gələcəyi ilə bağlı heç kim nikbin rəy söyləyə bilmir: “Çap mediasının gələcəyə daşınması, iddialı olması, informasiya vasitəsi kimi qalmasının mümkün olması ilə əlaqədar ən müxtəlif fikirlər, təhlillər, müzakirələr var. Dünyanın bütün qəzet çıxan ölkələrində "new media" və ənənəvi media, sosial media və qəzet, sosial media və “new media” münasibətləri haqqında danışılır. Məsələ bundadır ki, nəinki print media saytların, informasiya agentliklərinin özləri belə sosial medianın təzyiqi və təsiri altındadır. Artıq xəbərləşmə saniyələrlə ölçüldüyü üçün və görüntülü media önə keçdiyi üçün çap media quruluşları axsamaqdadır.
Dövlət dəstəyi davam etdiyi müddətdə “Yeni Müsavat” qəzeti dərc olunacaq, çünki bu gün qəzet çapı geri dönüşü olmayan həddən artıq böyük vəsait qoyuluşu deməkdir. Yəqin ki, bir müddət sonra Azərbaycanda çap mediasının fəaliyyəti dayandırılacaq. Buna baxmayaraq, “Yeni Müsavat”ın sayəsində 34 il ərzində media qrup yarada bilmişik, başladığımız missiyanı davam etdiririk".
Qulu Məhərrəmli: “Avropa təcrübəsi göstərir ki, peşəkar, cəmiyyəti ifadə edən qəzetlər yaşayır”
Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Milli Mətbuat Günü ərəfəsində qəzetlərin vəziyyəti ilə bağlı xeyli bədbin proqnozlar səslənir. Onun fikrincə, deyilənlərdə həqiqət payı çoxdur: “Onlayn medianın mövcud olduğu zamanda qəzetlərin işi o qədər də asan deyil. Lakin bu o demək deyil ki, onların hamısı sıradan çıxacaq. Hesab edirəm ki, bu yanaşmalar ədalətli deyil. Avropa təcrübəsi göstərir ki, peşəkar, yaxşı təşkil olunmuş, cəmiyyəti ifadə edən qəzetlər yaşayır. Onlar onlayn səhifələr yaratmaqla yanaşı, çap şəklində də mövcuddurlar. Əlbəttə ki, qəzetlərdən operativlik gözləmək yersizdir. Qəzetlər yalnız keyfiyyətli analitik, araşdırma yazıları, xüsusilə tənqidi materiallarla oxucu auditoriyasını saxlaya bilərlər. Cəmiyyətdə mövcud olan problemləri işıqlandırmaqla, onlayn medianın gücü çatmayan, peşəkar baxımdan təqdim edə bilmədiyi məsələləri peşəkar qəzetlər çatdıra bilirlər.
Azərbaycanda bu məsələ bir qədər problemlidir, çünki biz yalnız müstəqil, azad qəzetin yaşamağından danışırıq. Qəzetin reklam gəliri yoxdursa, qanuni maliyyə mənbələrindən istifadə edə bilmirsə, problemlər qalacaq. Buna görə də qəzetlər yalnız peşəkarlığı artırmaq, cəmiyyəti daha dəqiq, dürüst ifadə etmək, mövcud nöqsanları tənqid etmək, ciddi araşdırma materialları yazmaq peşəkar keyfiyyətlər nümayiş etdirməklə media sahəsində öz mövqeyini saxlaya biləcək. Əks halda, onların yaşaması problem olacaq".
Xatırladaq ki, media ilə əlaqədar qanunvericilik bazasının yenilənməsi ilə bağlı da xeyli iş görülür. Prezident İlham Əliyevin tapşırığı ilə “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyinin yaradılması, eyni zamanda “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil qaydada aparılmasına imkan verir.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ