Onlayn ictimai-siyasi qəzet
Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsində təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş təkrar komission məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.
Bu qərardan sonra bir sual yaranır. Maraqlıdır, Əhməd Əhmədov anlaqsız halda törətdiyi qətldən sonra azadlığa buraxıla bilər?
Bu barədə Lent.az-ın sualını cavablandıran "Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Əhməd Əhmədovun azadlığa buraxıla biləcəyini deyib:
"Anlaqsız şəxsin sağalması və cəmiyyətə inteqrasiya olunması mümkündür. Əgər anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər seçiləndən sonra sağalarsa, o, normal həyata qayıtması və cinayət məsuliyyətinə cəlb edilməməsi mümkün haldır. Şəxs şüurlu şəkildə cinayət törətməməsi, anlaqsız olduğu onu azadlığa çıxarır.
Əgər sağalmadığı müddətdə barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir, stasionar qaydada psixatrik xəstəxanaya yerləşdirilir və qalır".
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ